istilik sistemi

Bu qış “əyləncəli” keçəcək: pul verməsəniz, soyuqdan donacaqsınız

Baxış sayı: 888
İstilik mövsümünün başlanğıcı ənənəvi olaraq noyabrın ortalarında olur, baxmayaraq ki, oktyabrı da isti ay adlandırmaq çətindir. İstilik xidmətlərinin istifadəçiləri noyabrın 15-ni gözləyərək, demək olar ki, bütün payızı soyuq radiatorlarla keçirirlər. Ancaq bu əziz tarixdən sonra da hərarət bütün evlərə gəlmir.Bundan əvvəl “Azəristiliktəchizat” ASC-dən bildirilib ki, Bakıda və Azərbaycanın bir sıra rayonlarında yaşayış binalarına, eləcə də aidiyyəti dövlət qurumlarına istilik verilməsinə başlanılıb. Bununla belə, paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi (Nizami İsmayılov küç.), Nizami (Bəhruzə Nuriyev küç.) və Xətai (“Həzi Aslanov” m. ərazisi, İlqar Zülfiqarov küç.) rayonlarının sakinləri neçə gündür ki, istilik sisteminin işləməməsindən şikayətçidirlər.Qaraçuxur qəsəbə sakini Mirzə Niftəliyevin dediyinə görə,“Azəristiliktəchizat”ın Zəng Mərkəzinə düşmək mümkünsüzdür.ASC-nin Abonent və müştəri xidmətləri şöbəsinin müdiri Rafiq Əliyev isə bildirib ki, hazırda bütün qazanxanalara qaz verilib: “İndi əməkdaşlarımız sakinlərin şikayət etdiyi ərazilərdə yoxlamalar aparır. Vəziyyət araşdırıldıqdan sonra məlumat veriləcək. Zəng Mərkəzi öz işini adi qaydada davam etdirir, səhər saatlarında “qaynar xətt”imizə zənglər daxil olur”.Soyuq batareyalarla bağlı problemlər hər il istilik mövsümünün başlaması ilə özünü hiss etdirir. Adətən, ASC-nin qazanxana və sistemlərin soyuğa hazır olması ilə bağlı verdiyi zəmanətlərə baxmayaraq, paytaxtın müxtəlif yerlərində “Azəristiliktəchizat”ın abonentləri evlərində radiatorların soyuq olmasından şikayətlənməyə başlayırlar.

Bakının Nərimanov rayon sakini Nərmin Ağayevanın sözlərinə görə, onun mənzilində isitmə mövsümünün başlanğıcı ümumiyyətlə hiss olunmur: “Borular və radiatorlar soyuqdur. Keçən il bizə vaxtında istilik verilsə də, payız boyu və noyabrın 15-dən sonra kondisionerdən istifadə etməli oluruq. Ancaq bu, bahadır, ayın sonunda elektrik enerjisi haqqının limiti nə qədər “aşacağını” düşünmək belə, qorxuncdur”.

Digər həmsöhbətimiz Zülfiyyə Orucova isə kombi istilik sistemi çəkdirmək fikrində olduqlarını deyib – baxmayaraq ki, bu, ailə büdcəsinin standartlarını aşır: “Düşünürük ki, bu problemi birdəfəlik həll edək. Təbii ki, kombi sistemi çəkdirmək baha başa gəlir. Orta hesabla bizim hesablamalarımıza görə, 1500 manata başa gələcək. Amma soyuqda oturub kommunal xidmətlərimizin mərhəmətini gözləmək adamın özü üçün daha baha başa gəlir”.

Vətəndaşların problemli operatordan xilas olmaq istəyi başadüşüləndir – bu, həm istilik mövsümünün gec başlaması, həm də noyabrın 15-dən sonra yaranan problemlərlə əlaqədardır. Çox vaxt “Azəristiliktəchizat” ASC binanın istilik sistemlərində yaranan nasazlıq nəticəsində yaranan istiliklə bağlı məsuliyyəti öz üzərinə götürmür və yalnız öz infrastrukturuna cavabdeh olduğunu bəyan edir.

Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynov ortada ikitərəfli münasibətlərin hüquqi rəsmiləşdirilməsinin pozulduğunu söyləyib: “Eyni zamanda, məhz istehlakçı ilə xidmətlərin göstərilməsi üçün müqavilənin olmaması da əsas pozuntu halıdır. Biz bundan başlamalıyıq. Yalnız qanunda nəzərdə tutulmuş mülki hüquqlar bərpa olunduqdan və xidmətlərin vəzifələri hüquqi cəhətdən möhkəmləndikdən sonra kommunal xidmət orqanlarının vəzifəli şəxsləri öz öhdəliklərini yerinə yetirməyə hazır olduqları barədə sərbəst şəkildə hesabat verməyə keçə bilərlər”.

AİB sədri soyuq batareyalarla bağlı şikayətlərin tez-tez olduğunu vurğulayıb: “Daxili istilik sisteminin istismara yararlılığına kimin və ya nəyin cavabdeh olması məsələsinə gəldikdə, əvvəllər buna mənzil idarələrinin, bu gün isə çoxmənzilli yaşayış binalarını idarə edən strukturlar cavabdehdir. Problemin bir hissəsi yeni yaradılmış kondominimumların səlahiyyətlərinə aydın yanaşmanın olmamasından qaynaqlanır”.

Daha bir anlaşılmaz məqam ASC-nin xidmətləri üçün sabit ödənişdir. Mütəxəssislər dəfələrlə bu praktikadan uzaqlaşmağın vacibliyini bildiriblər və müraciət etməkdə davam edirlər. İndi istehlakçılar hər halda, hətta soyuq batareyalar üçün də pul ödəməlidirlər və bu, anormal haldır. Bundan əlavə, bu il istilik sektorunun köhnə “yaraları” daha böyük problemə çevrilmək riski altındadır. Ötən həftə “Azəriqaz” İstehsalat Birliyi “Azəristiliktəchizat” ASC-ni qazın verilişində fasilələrlə hədələyib.

“Biz “Azəristiliktəchizat” ASC-yə qaz borcunu ödəmək üçün bir həftə vaxt verdik. Artıq müəyyən məbləğ ödəyiblər”, – deyə “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev bildirib.

İstilik təchizatı üzrə milli operator “Azəristiliktəchizat” ASC-nin Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-nə 20 milyon dollardan çox borcu var. Eyni zamanda, Əliyevin sözlərinə görə, “Azəriqaz” “Azəristiliktəchizat”a dekabrın 15-dək müddət verib və həmin vaxta qədər ödəniş edilməsə, borclu abonentin qaz təchizatı dayandırılacaq.

SOCAR-ın borcunu niyə yayda yox, indi – soyuq havaların başlaması ilə yadına salması bəlli deyil. Bir sözlə, bu, istilik mövsümünün “əyləncəli” keçəcəyini vəd edir, amma ümid edək ki, bu təsərrüfatın xidmətlərindən istifadə edənlərin istiliyi kəsilməyəcək.

 

 Tanya Samsonova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir