Bu xəstəliyə diqqət!

Baxış sayı: 1. 570

Hər il aprelin 11-i Dünya Parkinson Xəstəliyi Günü kimi qeyd olunur.

Anspress-in məlumatına görə, Parkinson yavaş inkişaf edən bir xəstəlikdir. Bu xəstəlik 50-60 yaş arası adamlar arasında başlayır və getdikcə kəskinləşir.

İngilis həkim Ceyms Parkinson tərəfindən ilk dəfə 1817-ci ildə bu xəstəlik “titrək iflic” adlandırılıb. Beynimizdə hərəkətlərimizə nəzarət edən hüceyrələr mövcuddur. Bu hüceyrələrdən kimyəvi maddələr ifraz olunur. Bunlardan biri də dopamindir. Dopamin beyinə gələn məlumatları bir sinir hüceyrəsindən digərinə ötürür. Beləcə bədən tarazlığı təmin edilir. Lakin bu hüceyrələrin bir qismi azalanda dopamin ifraz edilə bilmir. Nəticədə insanda titrəmə, yavaş hərəkət etmə və bədənin tarazlığının pozulması ortaya çıxır. Sonralar bu xəstəlik həmin ingilis aliminin adını daşıyıb.

Amerikanın Rutgers Universitetinin alimləri professor Arati İnamdar və aparılan tədqiqatın müəllifi Joan Bennet uzun sürən araşdırmalardan sonra belə bir qənaətə gəliblər ki, rütubətli və kiflə əhatə edilmiş evlərdə yaşamaq Parkinson xəstəliyinə şərait yaradır. Belə ki, 2005-ci ilin avqust ayının 29-da “Katrina” qasırğasının törətdiyi daşqınlar ABŞ-ın Yeni Orlean şəhərində həyatı iflic etmiş, evlər su altında qalmışdı.Tədqiqatçılardan Joan Bennet də zərər çəkənlərdən biri olmuşdu. Onun bildirdiyinə görə belə bir tədqiqatı başlatmasına səbəb həmin daşqınlar zamanı ətrafda nəmişliyin, rütubətin geniş yayılması idı. Aparılan araşdırmalar isə rütubət səbəbindən şəhər sakinlərinin əksəriyyətində Parkinson xəstəliyinin əlamətlərinin meydana gəlməsini üzə çıxardı.

Daha çox evlərin divar və tavanlarında nəmişlikdən kifli hissələr əmələ gəlir. Yaranmış kif isə öz növbəsində “göbələk spirit” adlanan maddə ifraz edir. Bu da insan orqanizmində dopamin adlanan ən vacib maddənin səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə səbəb olur. Nevroloji mütəxəssislər dopamin olmadan əlimizi belə tərpədə bilməyəcəyimizi deyirlər. Bu maddənin çatışmazlığı artıq Parkinson xəstəliyinin əmələ gəlməsinə səbəb olur.

Beləliklə, Parkinson bədəndə “dopamin” adlanan maddənin çatışmazlığı nəticəsində yaranan xroniki nevroloji bir xəstəlikdir. Xəstəliyin insanlarda müşahidə edilən ən əsas əlaməti isə hərəkət sisteminin tədricən pozulmasıdır. Parkinsonizmə tutulan xəstələrin ilkin mərhələdə əllərində və ayaqlarında titrəmə olur, sonra isə onlarda əzələlərin süstləşməsi və nitq pozğunluğu halları baş verir. Xəstələr daha çox yuxusuzluqdan, depressiyadan əziyyət çəkir, qida qəbulu zamanı udquna bilməməkdən şikayətlənirlər.

Xəstəliyin hələlik müalicəsi tapılmasa da tibb elmi bu sahədə alternativ yollar axtarır. Alimlərin araşdırmalarına görə, dünyada hər 500 adamdan birində Parkinson xəstəliyinə rast gəlinir. Qadınlarla müqayisədə bu xəstəlik kişilər arasında daha çox yayılıb.

Qeyd edək ki, Roma papası II İohann Pavel 2005-ci ildə bu xəstəlikdən dünyasını dəyişib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir