1647020506_1

Cəmiyyətin arzuladığı səmimiyyət

Baxış sayı: 738

Son illər məktəb-şagird, məktəb-valideyn və müəllim münasibətlərində müəyyən gərginlik və anlaşılmazlıq hökm sürür. Bu, cəmiyyətin məktəbə maarif məbədi, müəllimə isə həyat və müdriklik mənbəyi kimi yanaşmaq inamına zərbə vurur. Məktəblə şagird arasında əlaqə pozulur, valideyn skeptisizmi artır. “Müəllimlər yeni nəsillə necə ünsiyyət qurmağı bilmirlər.  Təhsil sisteminin əsas problemi şagirdin necə yaşadığını, nə ilə maraqlandığını, informasiyanı necə qəbul etdiyini və on ildən sonra necə yaşayacağını bilməməsidir” kimi fikirlər səslənir. Məsələn, 10 il əvvəl şagirdlə eyni cür davranan və yaxşı nəticə alan müəllim bu gün çaşqınlıq içində qalır. Təcrübələr göstərir ki, müəllim nüfuzunu bərpa etməyin əsas yollarından biri müəllim-şagird anlaşmasından keçir.

 

Cəmiyyət alqışladı

Elə bu baxımdan, Lənkəranın ucqar Jidi dağ kəndində ibtidai sinif müəllimi Leyla Qafarzadənin sosial şəbəkələrdə öz şagirdləri ilə pozitiv paylaşımları buludlu səmada qəfil günəş doğmasına bənzədi. Gənc müəllimənin “Sən bu gün necə də gözəlsən” deyə şagirdlərinə xoş ünsiyyətinin yer aldığı video, təkcə sosial şəbəkə istifadəçilərinin deyil, ciddi media resurslarının da xəbəri olaraq tirajlandı. Cəmiyyət müəllim-şagird münasibətinin səmimiliyinə susamışmış kimi videonu alqışladı.  Şagirdlərin sevimlisinə çevrilən müəllimənin səmimi ünsiyyəti Təhsil Nazirliyinin də diqqətindən yayınmadı. Nazir Emin Əmrullayev həmin kəndə səfər edərək məktəbdə yaradılan şəraitlə tanış oldu, tədris prosesini izlədi, Leyla müəlliməni şəxsən mükafatlandırdı, təşəkkür etdi, onun şagirdləri ilə görüşdü. Leyla Qafarzadənin çəkdiyi videolar, nazirin jesti cəmiyyətdə geniş müzakirə mövzusuna çevrildi. Sosial şəbəkələrdə təhsil sahəsindəki problemləri qabardanlar nazirin addımını da, gənc müəllimənin videolarını da müsbət dəyərləndirdilər. Yəni bir növ “qaraya qara, ağa ağ” deməyi bacardılar. Digər tərəfdən, nazirin bu addımı təkcə sosial şəbəkədə şagirdləri ilə bağlı çəkdiyi videolarla məşhur olan müəllimə üçün deyil, həm də məktəb və şagirdlər üçün böyük motivasiya oldu. Gənc müəllimənin səmimi videosu yenidən “müəllim nüfuzu”, “şagird-məktəb-valideyn üçbucağı”, “müəllim-şagird münasibəti” mövzularını gündəmə gətirdi. Gənc müəllimin nümunəsində “müəllimin zəifləyən nüfuzunun qaytarılması” yolları axtarıldı.

 

Əvvəl belə bir yanaşma vardı ki…

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədovun fikrincə, müəllimin nüfuzunun qalxması, ilk növbədə müəllimlərin özlərindən asılıdır. Onlar qarşılarındakı şagird və tələbəyə nümunə olmağı bacarmalıdırlar: “Biz əvvəlki dövrə baxanda görürük ki, belə nümunələr daha çoxdur. Ancaq zaman-zaman neqativ halları da müşahidə etdik. Ümumilikdə Azərbaycan müəllimləri məsuliyyətlidirlər, şagirdlərə qayğı göstərir və öz üzərilərində işləyirlər. Hesab edirəm ki, bu gün müəllimlərin daha geniş imkanları var və onlar bu imkanlardan çox istifadə etməlidirlər”. Millət vəkili hesab edir ki, şagird-müəllim münasibətlərində artıq əvvəlki ənənəvi yanaşma özünü tam doğrultmur: “Əvvəl belə bir yanaşma vardı ki, bir müəllim şagirdə qarşı zor tətbiq edə, cəzalandıra bilər, onda nəticələr daha yaxşı olacaq. Amma son tendensiyalar göstərir ki, indi hər müəllim şagirdinə öz övladı kimi yanaşmalı, onları motivasiya etməli, istiqamət verməli və gələcəyə hazırlamalıdır. Bu prosesdə həm müəllimin, həm mərkəzi İH-nin, həm də Təhsil Nazirliyinin üzərinə ciddi vəzifələr düşür. Müəllim şagirdlərlə dost olmağı bacarmalıdır”.

 

Müəllimlərin motivasiyaya ehtiyacı

C.Məmmədov təhsil nazirinin ucqar bir rayonda çalışan müəllimə, onun şagirdlərinə və ümumilikdə məktəbə baş çəkməsini təqdir edir: “Nazirin addımı çox təqdirəlayiqdir. Onun sosial şəbəkələrdə müəllimin çəkdiyi videoları görüb ucqar kəndə getməsi, şagirdlərlə şəkil çəkdirməsi, paylaşması həm müəllim, həm də şagirdlər üçün motivasiyadır. Həm də müəllimin əməyinə verilən qiymətin göstəricisidir. Müəllimlərin də motivasiyaya, qiymətləndirməyə ehtiyacları var. Onlar bu kimi dəstəklə özlərini daha yaxşı göstərəcək, daha yaxşı çalışacaqlar. Çünki onların əməyinə diqqət var. Bu məsələ də çox önəmlidir. Bu baxımdan, imkanlarımız genişdir ki, müəllimlərimiz daha aktiv olsunlar, ortaya nümunəvi fəaliyyət  qoymağı bacarsınlar. Belə olanda daha yüksək nəticələr əldə edə bilərik”.

 

Yaxşıları tərifləyək!

Professor Şahlar Əsgərov hesab edir ki, müəllimi təbrik etmək onun əməyini təbliğ etməkdir. Demokratik dünyagörüşdə  yaxşıları nümunə götürərək irəli getmək olar. Ona görə Lənkəranda, Yevlaxda, Lerikdə və ya digər bölgələrdə nümunəvi bir məktəb, direktor və ya müəllim varsa, onlar mütləq cəmiyyət tərəfindən tanınmalıdır: “Bunun böyük əhəmiyyəti var. Təəssüf ki, bizdə yaxşı nümunələri çox vaxt göstərmirlər. Qabaqda gedəni tərifləmək, nümunə göstərmək lazımdır. Lap özəl sektor olsun, yaxşı istehsalçıdırsa, təriflənməlidir. Və yaxud işini sevən, rüşvət almayan məmurdursa, təriflənməli, dövlət tərəfindən təltif olunmalıdır. Bu, onun yaxşı işinə, milləti sevdiyinə, ölkəsinə faydasına görə olmalıdır. Gəlin yaxşıları tərifləyək!” Təhsil eksperti hesab edir ki, şagirdləri ilə səmimi ünsiyyət quran müəllimlər də təbliğ olunmalıdır: “Onların yaxşı işi nümunə göstərilsə, həm özləri həvəslənər, həm də yaxşı nümunə olarlar. Yaxşı müəllimi hamı sevəcək. Sadəcə onların təbliğatına ehtiyac var. Yaxşını nə qədər çox təbliğ etsək, cəmiyyət də o qədər tanıyar. Ondan nümunə götürənlər də çoxalar”.

Əlbəttə, şagirdlərinə nəvaziş və qayğı ilə yanaşan minlərlə müəllimlərimiz var. Sadəcə cəmiyyətdə müəllim nüfuzunun düşməsi bu istiqamətdə yeni, kreativ yanaşmalara ehtiyac yarandığını üzə çıxarır. Elə yanaşmalar ki, cəmiyyət təqdir etsin, bir-birinə ötürsün, nümunəyə çevirsin…

 

Təranə Məhərrəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir