Milan həyatdan zövq almağı və əylənməyi sevən emosional insanların şəhəridir. Bu şəhərdə demək olar ki, il boyu festivallar keçirilir və bayramlar qeyd olunur. Ambrosian karnavalı, Milan Yay Festivalı, Milan Moda Həftəsi, Magi Krallarının Milad yürüşü, Milan Mebel Sərgisi kimi tədbirlər turistlərin şəhərə axınını stimullaşdırır. Bu ilin fevralında keçirilən Qış Olimpiadası isə bu şəhərə turistlərin diqqətini daha çox yönəldib.

Yerli mənzərələr və görməli yerlər isə bu ajiotajı doğruldur. Burada dünyanın ən böyük Qotik kafedralı olan əfsanəvi Duomo di Milano, La Skala Opera Teatrı və Galleria Vittorio Emanuele II-nin heyrətamiz mozaikaları və şüşə tağları, Pinacoteca di Brera kimi muzeylər və incəsənət qalereyaları yerləşir.
2021-ci ildə “Şəhərdə yalnız gülümsəmək” haqqında qanun qəbul edilib. Hazırda bu qanunu pozmağa görə cərimə tələb olunmasa da, yerlilər gülərüz insanları xoşlayır.

İkinci Dünya müharibəsində ciddi ziyan görüb
Milan həmişə Lombardiya regionunun ən vacib şəhərlərindən biri olub. Qərbi Roma imperiyasının və Lombard-Venesiya Krallığının paytaxtı kimi məşhurdur. Hər dövr şəhərdə kilsələr, evlər və bütöv məhəllələr şəklində iz buraxıb.
İkinci Dünya müharibəsi zamanı şəhərə ciddi ziyan dəyib. Milan bombalanıb və atəşə tutulub, özünəməxsus memarlıq irsini itirib. Müharibədən sonra şəhər tədricən varlı şimalın mərkəzinə çevrilərək İtaliyanın ikinci ən böyük şəhərinə və ölkənin maliyyə və iqtisadi paytaxtına çevrilib. Bu gün Milan Avropanın əsas sənaye, maliyyə və iqtisadi mərkəzi olaraq tanınır.
Leonardo da Vinçinin özü tərəfindən dizayn edilmiş kanallar, moda nümayişləri, futbol azarkeşlərinin paradları, aparıcı moda evlərinin parlaq butikləri və canlı bit bazarları, Leonardonun Son Şam yeməyi kimi tarixi yerləri – bunların hamısı Milandır. İtaliya Fond Birjası da burada yerləşir. Milana səfər edən turistlərə “Dəb, opera və futbol dünyasına xoş gəldiniz” deyilir. Zəngin insanlar yaşamaq üçün bu şəhəri seçirlər. Milandan bir saatlıq məsafədə yerləşən Komo gölü ətrafındakı eyni adlı şəhər məşhurların istirahət və yaşayış yeri kimi tanınır.

Tikintisi 600 ilə başa gələn Duomo
Milan təhlükəsiz şəhər hesab olunur. Amma səyahətçilərə xüsusən də ictimai nəqliyyatda, hava limanlarında və qatar stansiyalarında cibcirlərdən ehtiyatlı olmaları tövsiyə olunur.

Milanın cazibədar tərəfini kəşf etmək, moda, futbol, alış-veriş və ya yaradıcı tərəfini araşdıra bilmək üçün şəhərlə yaxından tanış olmaq lazımdır. Əlbəttə, ilk tövsiyə olunan yer Duomo olur. Bu, şəhərin əsas kafedralı və inanılmaz dərəcədə gözəl qotik memarlıq abidəsidir. Duomo şəhərin simvoludur. Tikintisi 600 ilə başa gəlib. Üzərində 135 qüllə, 3000 dən çox heykəl var, 40 min ziyarətçi eyni vaxtda toplaşa bilir. Tarixi əhəmiyyətindən əlavə, Duomo möminlər üçün də vacib bir yerdir: Müqəddəs Xaç Mili burada xüsusi bir yuvada saxlanılır. İldə bir dəfə Milan yepiskopu onu oradan çıxarır və kilsə üzvlərinə göstərir.

Dünya opera ifaçıları üçün məbəd sayılan məkan
Duomo ilə yaxın məsafədə dünyanın məşhur opera teatrı – La Skala yerləşir. Milandakı bu ikonik məkan dünyaca məşhurdur. Memarlıq baxımından xüsusilə diqqətəlayiq olmasa da, ən vacib şeylər içəridə baş verir: La Skala teatr məkkəsidir. Opera binası 1778-ci ildə tikilib. Dünya opera ifaçıları üçün məbəd sayılır. Teatrın 2000 tamaşaçı tutumu var. Burada E.Karuso, M.Kallas, F.Şalyapin, L.Sobinov, M.Maqomayev kimi opera ulduzları çıxış ediblər. Yeri gəlmişkən, böyük Kallasın adı teatrın divarlarında əbədiləşdirilib, səhnədəki məşhur akustik nöqtə sayəsində dünyaca məşhur müğənninin səsi bütün auditoriyada eşidilib. Teatrın solunda La Skala-nın populyarlığına böyük məsuliyyət daşıyan Culio Rikordinin abidəsi ucalır. Hələ XIX əsrdə o, operanı dünya miqyasında populyarlaşdırıb və janrın pərəstişkarlarının zehnində aydın bir əlaqə yaradıb: opera = La Skala.

Bütün tarixi ərzində La Skala teatr mövsümünü yalnız iki dəfə ləğv edib. Bir dəfə İkinci Dünya müharibəsi zamanı, teatr bombardman nəticəsində dağıdılanda (və hətta o zaman da tamaşalar başqa binaya köçürülüb). İkinci dəfə isə COVID-19 pandemiyası zamanı.
Dünyanın moda paytaxtı
Sözsüz ki, Milan İtalyan modasının beşiyidir. Alış-veriş edənlər üçün əsl cənnətdir. Şəhərdə qlobal brendlərin və moda evlərinin butikləri var və hər kəs zövqünə və büdcəsinə uyğun bir şey tapir.

Milan həm də İtalyan mətbəxinin qastronomik mərkəzidir. Burada orijinal ənənəvi yeməkləri dada bilərsiniz. Yeri gəlmişkən, Milan etnik mətbəx müəssisələrinin sayına görə İtaliyanın rekord qıran şəhərlərindən biridir.

Avropanın ən tarixi stadionlarından biri
Futbola olan sevgi bu şəhərdə ayrıca zövqdür. Futbol həvəskarları bura gələndə “Milan” və “İnter” klublarının evi olan “San Siro” stadionunu görməyə tələsirlər. Bu il stadionun 100 illiyidir. Azarkeş tutumu təxminən 75.000 olan stadion Avropanın ən böyük və ən tarixi arenalarından biridir. Həyəcan yaradan tribunaları və atmosferi ilə məşhurdur. Hazırda stadion yenidən qurulmaq ərəfəsindədir.

Milanda inkişaf etmiş nəqliyyat infrastrukturu var. Köhnə Milan tramvayları isə unikal bir cazibədir. Şəhərin dəmiryol stansiyası böyük bir sənət əsəridir.

Bəzən bu şəhər haqqında “Milanda bir-iki abidədən başqa heç nə yoxdur, cansıxıcıdır” deyilir. İtalyanların bu fikirlərə belə bir cavabı var: “Bu şəhərə səpələnən italyan ruhunu hiss etmirsiniz? Bu şəhərdə yalnız gülümsəməlisiniz…”

Təranə Məhərrəmova
Bakı-Milan











































































































































































