autizm

Daha çox rast gəlinən autizmin əlamətləri hansılardır?

Baxış sayı: 3. 349

Autizm sindromlu şəxslərin öz qapandıqları dünyası olur, ətraf aləm onlara xaos kimi görünür, hadisə və məkanı anlamaqda çətinlik çəkir, ünsiyyət qura bilmirlər. Normal inkişaf edən uşaqlarda intuitiv olaraq kommunikativ bacarıqlar inkişaf edir. Autizmli uşaqlar bu prosesdə çətinlik çəkir və öz fərqliliklərini anlayırlar.

Qeyd edək ki, ilk dəfə olaraq 1911-ci ildə İsveçrə psixiatrı Eyqen Bleyler (1857-1939) tərəfindən “Autizm” termini elmi ədəbiyyata gətirilib. “Autizm” termini “autos”( özüm) yunan sözündən əmələ gəlib. Daha sonra Amerika psixiatrı Leo Kanner 1943 -cü ildə erkən uşaq autizminin təsvirini verib. Asperger sindromu və Rett sindromu adıyla təsnif olunan autizm formaları da mövcuddur.

Defektoloq-loqoped Esmira Qafarovanın bildirdiyinə görə, autizmin səbəbi hələ tam olaraq təsbit edilməyib: “Autizmin tək bir səbəbi yoxdur. Bu sindromun qaynaqlandığı səbəblər çoxdur. Autist fərdlərdə beyin hüceyrələri fərqli çalışır. Bəzi genetik xəstəliklər də autizmə yol açır. Genetikanın autizmin səbəbləri arasında əhəmiyyətli bir yeri var. Autist bir uşağın qardaşında autizm görülmə riski ümumi populasyona görə 50-100 qat daha çoxdur. Tək yumurta əkizlərində hər ikisinin birdən autizm olmaq nisbəti cüt yumurta əkizlərinə görə daha çoxdur. Bütün bunlar genetikanın təsirini bizə göstərir. Amma burda genetikanı tək səbəb kimi göstərə bilmərik. Yalnız genetik təsirli olsaydı, tək yumurta əkizlərində hər iki körpənin hər zaman autist olması gərəkərdi”.

E.Qafarovanın fikrincə, aparılan çoxsaylı araşdırmalar autizm sindromunun bir tək gen deyil, birdən çox genin qarşılıqlı təsiri nəticəsində meydana gəldiyini göstərir: “Klinik cədvəldəki davranış müxtəlifliyində ekoloji faktorların da təsirli olduğu düşünülür. Doğum əvvəli, doğum və doğum sonrası faktorlar ilə autizm arasında mənalı bir əlaqə müəyyən olunmayıb. Amma autizmə meylliliyi olan uşaqların doğum əsnasında problem yaşama riski daha çox olur”.
Eyni zamanda, ana bətnindəki bir çox anomallıqlar autizmə yol aça bilər. Autizm birdən çox faktorun bir araya gəlməsiylə meydana gələn olduqca kompleks bir vəziyyətdir.

“Autizm oğlanlarda qızlara nisbətlə 4 dəfə daha çox rast gəlinir, lakin, ümumiyyətlə, qızlarda daha ağır vəziyyət alır. Autistlərin 70%-də əqli gerilik müşahidə olunur”.

Defektoloq-loqoped bildirib ki, bir sıra əlamətlərə görə uşaqlarda autizmin olub-olmadığını müəyyənləşdirmək olar: “Autizm diaqnozlu fərdlər sadaladığımız tipik davranışların ən az yarısını göstərirlər. Bu simptomlar çox yüngül, ya da çox şiddətli ola bilər. Hər bir simptomun təsiri də digərindən fərqli ola bilər. Valideynlər nəzərə almalıdır ki, autizm sindromlu uşaqlarda göz kontaktı məhduddur, ya da yoxdur, ətraf mühitə maraqsızdır, adına reaksiya verməz, həddindən artıq hərəkətli, ya da hərəkətsiz ola bilər. Belə uşaqların bəziləri fiziki təmasa (öpülmə, qucaqlama və s.) icazə verməz ya da xoşlamırlar.
Əksəriyyət hallarda insanları deyil, cansız varlıqları seçirlər, sosial baxımdan özlərini təcrid edirlər, işarə etməzlər, ehtiyaclarını yetkinin əlini istifadə edərək ifadə edirlər, yamsılama bacarığı yoxdur, ya da məhduddur, nitq bir çoxunda inkişaf etməyib, nitq inkişaf etsə belə, bunu ünsiyyət vasitəsi olaraq istifadə etmirlər, deyilənləri tutuquşu kimi təkrar edirlər, uygunsuz gülmələri vardır, təkrarlayan davranışları (stereotipiler) vardır (Obyektləri çevirmə, əl çırpma, qanad çırpma, tullanma, öz ətrafında dönmə, barmaq ucunda getmə). Eləcə də, autizmli uşaqlar oyuncaqlarla lazım olduğu kimi oynamırlar, xəyali, rollu oyun oynamırlar, davamlı eyni oyunları oynamağı üstün tuturlar”.

Onun dediyinə görə, autizm sindromlu uşaqların bəziləri çox tərs olur, bəziləri səs, acı, qoxu, işıq və toxunuşa həddindən artıq həssaslıq göstərir: “Bəziləri soyuq, isti, ağrıya laqeyd olur. Bəziləri təhlükəyə qarşı laqeyd qalır. Bəziləri özünə, ətrafındakılara və əşyalara zərər verir”.

Qafarova bildirib ki, autizmin müalicəsiylə uşaqlarda müəyyən inkişaflara nail olmaq olur: “”KABA dəyərləndirmə” və “OÇİDEP” proqramları ilə autizm uşaqlar üçün ilk dəyərləndirmə aparılır və onların reabilitasiyası üçün “SUN RİSE” proqramı tətbiq olunur. Xüsusi proqramlarla göz təması qura bilmə, yerində otura bilmə və s. davranışlar inkişaf etdirilir. Həddindən artıq hərəkətliliyi olan, əsəbiləşdiyi zaman özünə və qarşısındakına zərər verən, təkrarlayıcı hərəkətləri üzündən həyatını davam etdirməkdə çətinlik çəkən, yerində dayana bilməyən, əmr ala bilməyən uşaqlara xüsusi proqramlar tətbiq olunur. Nitq inkişafı, ünsiyyət qurmaq, oyun oynamaq, duyğuları anlama, duyğuları ifadə etmək, bədən təması qurmaq kimi ictimai məzmunlu davranışları əldə etməsi təmin edilir”.

Qeyd edək ki, 2 aprel Beynəlxalq Autizm Məlumatlandırma Günüdür. Valideynlər bu sindrom haqqında məlumatlı olmalı və çıxış yolunun mütləq olduğunu bilməlidir.

 

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir