Dərimizin vəziyyəti hansı xəstəliklərdən xəbər verə bilər?

Baxış sayı: 1. 362

İnsan dərisinin əsas funksiyası müdafiə funksiyasıdır. Eyni zamanda dəri örtüklərinin vəziyyəti (rəngi, quru və ya yağlı olması, səpgilərin olub-olmaması və s.) bir çox xəstəliklərə işarə edə bilər. Təcrübəli mütəxəssis insanın dərisinə baxaraq (söhbət əsasən üz dərisindən gedir) onun sağlamlığı ilə bağlı müəyyən nəticələr çıxara bilər.

Dərinin rənginin dəyişilməsi bu kimi xəstəliklərə işarə edə bilər:

– Dərinin qırmızımtıl olması qıcıqlanmış bağırsaq sindromu, şəkərli diabet, hipertireoz (qalxanvari vəzinin fəaliyyətin artması), hormonal dəyişikliklər (məsələn, qadınlarda klimaks dövründə) və ya pozulmalar, qurd infeksiyaları zamanı mümkündür.

– Dərinin solğun olması anemiya (qanazlığı), ürək xəstəlikləri, ürək qüsurları, vərəm, vegetativ-damar distoniyası, daxili qanaxmalar, vitamin çatışmazlığı zamanı mümkündür.

– Dərinin göyümtül olması (buna “sianoz” deyilir) ağ ciyər xəstəlikləri, vərəm, ürək qüsurları, ürək çatışmazlığı, beyin və ya ağ ciyər damarlarının tromboemboliyası (trombla tutulması) zamanı ola bilər.

– Dərinin yaşılımtıl olması öd və qara ciyər xəstəliklərinə, xərçəng xəstəliklərinə işarə edə bilər.

– Dərinin sarımtıl olması pankreatit, qara ciyər xəstəlikləri (hepatit, qara ciyər sirrozu və s.), ağır intoksikasiyalar (zəhərlənmələr) zamanı ola bilər.

Dərinin həddən artıq quru və ya əksinə yağlı olması da bəzi xəstəliklərin əlaməti ola bilər.

– Dəriniz həddən artıq qurudursa, bu hipotireoz (qanxanvari vəzi fəaliyyətinin zəifləməsi), bəzi qara ciyər və sinir sistemi xəstəlikləri, hipovitaminoz (orqanizmdə əsas vitaminlərinin çatışmazlığı) zamanı ola bilər. Həmçinin qadınlarda klimaks dövründə dəridə piyin ifrazı azalır ki, nəticədə dəri daha sürətlə qocalmağa başlayır.

– Dəri həddən artıq yağlıdırsa, bu qadınlarda hormonal pozulmalara işarə edə bilər. Belə pozulmalar zamanı qadın orqanizmində qadın hormonların ifrazı azalır, kişi hormonların ifrazı isə əksinə artır. Nəticədə qadının dərisi çox yağlı olur, sızanaqlar əmələ gəlir.

Bəzi qara ciyər xəstəlikləri, piylənmə zamanı da dərinin yağlılığı arta bilər.

Dəridə səpgilərin olması da bəzi xəstəliklərə işarə edə bilər. Belə ki, bu mədə-bağırsaq sistemi xəstəlikləri və pozulmaları (qəbizlik, disbakterioz), qadın xəstəlikləri, endokrin pozulmaları zamanı mümkündür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir