Doğuş faciələri niyə artır?

Baxış sayı: 1. 637

Doğuş zamanı ana və uşaq ölümlərinin sayı günbəgün artır. Növbəti belə hadisə iki gün əvvəl Ağcabədi rayonunda baş verib. Belə ki, Zərdab rayonunun Lələağac kənd sakini Rufanə Əliyeva Ağcabədi rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı ilə doğuş keçirib. Əməliyyatdan sonra qadının dünyaya gətirdiyi əkiz oğlan uşaqları ölüb. Doğuş vaxtında həyata keçirilib, həkimlər doğuşun qeysəriyyə əməliyyatı ilə baş tutmasını məsləhət biliblər.

Ginekoloq Arif Muradovun sözlərinə görə, ana və körpə ölümləri bütün dünyanın problemidir. Elə bir ölkə yoxdur ki, orda ana və ya körpə ölümü baş verməsin. Lakin Azərbaycanda hər zaman bu hal həkim məsuliyyətsiliyi kimi qiymətləndirilir: “Azərbaycanda ana və körpə ölüm sayı çoxdur. 2014-cü ildə ölkə üzrə 1655 körpə 1 yaşına çatmadan dünyasını dəyişib. Onlardan 100-ə yaxını, bəlkə də daha çoxu doğuş zamanı bu və ya digər səbəblərdən həyatını itirib. Ümumiyyətlə, heç bir həkim istəməz ki, onun xəstəsi və ya xəstəsinin övladı dünyasını dəyişsin. Bu halda sədəcə, həkim məsuliyyət daşımamalıdır” deyən Muradov hesab edir ki, problemin kökündə hamilələrin çoxunun uçota durmaması dayanır. Belə ki, onlar aybaay müalicə və müayinə almırlar. Əslində bu proses necə olmalıdır? “Qadın hamilə qaldığı gündən sahə üzrə uçota durmalı və 9 ay müddətində hamiləliyi 1 həkim aparmalıdır. Bu müddət ərzində ananın bütün xəstəlikləri, narahatlıqları, sağlamlıq göstəriciləri aybaay qeydiyyata alınmalıdır. Sonuncu ay ana doğuş və qeysəriyyə həkimi seçən zaman bütün bu məlumatları toplu şəkildə həkimə təqdim etməlidir. Amma indi belə deyil. Ana uçota durmur, fərqli xəstəxanalar və həkimlər tərəfindən müayinə olunur, əlində 9 ayın çıxarışı, yəni sağlamlıq məlumatı olmur. Biz onu istər doğuşa, istərsə də əməliyyata alan zaman klinika tərəfindən başdan-ayağa yenidən müayinə edirik. Axı, bir müayinə kifayət deyil ki, xəstənin vəziyyətini aşkarlasın. Buna görə də son zamanlar qeydiyyat və müayinə kağızı məcburiyyəti yaranıb. Klinikalar artıq qəbul etmir, 9 aylıq göstərici tələb edirlər”.

Ginekoloq deyir ki, hətta bütün müayinələr edilsə və ana tam sağlam olsa belə, onun doğuşdan sonra sağ qalmasına və körpəsinin yaşamasına heç kim zəmanət vermir. Elə hallar olur ki, hətta həkim belə aciz qalır və ana dünyasını dəyişir: “Ümumilikdə isə ana, yaxud uşaq ölümlərinin müxtəlif səbəbləri olur. Bu, bir səbəbdən də qaynaqlana bilər, kompleks səbəblərdən də. İstənilən halda isə belə durum baş verdikdə xüsusi komissiya tərəfindən səbəblər araşdırılır. Bəzən elə olur ki, ana ölümü nə həkimin, nə də texniki avadanlıq təchizi ilə bağlı olur. Bu, adətən tromb-embaliya deyilən fəsad zamanı müşahidə olunur. Belə ki, müəyyən bir maddə, hissəcik əgər həyati əhəmiyyətli damarın qarşısını tutursa, onun öhdəsindən gəlmək olmur. Əksər zaman ölümlə nəticələnir. Yaxud da qanaxmanın olması ölümə gətirib çıxara bilir”.

Neantoloq Firudun Qurbanovun sözlərinə görə, perinatal dövrdə uşaqlar əsasən tənəffüs yolu xəstəliklərindən əziyyət çəkirlər. Uşaq ölümlərinin ikinci səbəbi yenidoğulma dövrü xəstəlikləri hesab olunur. Yenidoğulma dövrü xəstəliklərinə anadangəlmə qüsurlarla yanaşı, kəskin adaptasiya pozğunluqları, üzv və toxumaların yetişməzliyini qeyd etmək olar. Bunun üçün də perinatoloji, neonotoloji xidmətin səviyyəsi artırılmalıdır. Çünki müşahidələr də göstərir ki, ölüm halları əsasən perinatal dövrdə baş verir: “Körpə ölümü o demək deyil ki, körpə ölü olaraq doğulur. Bu, artıq ölü doğuş sayılır və bu hal çox nadir baş verir. Körpənin dünyaya gəldikdən sonra 36 saat içində dünyasını dəyişməsi onu göstərir ki, o, neantoloji mərhələni adlaya bilmir. Belə körpələrin 99%-i ya riskli hamiləliyin, ya vaxtında xəstəxanaya çatdırılmamanın, ya ev üsulu doğuşun, ya hansısa bir problemi olub və bunu həkimdən gizlətməyin nəticəsində baş verir. Hər bir qadında gedən hamiləlikdə patoloji problem var ki, bu da doğulan uşaqlarda ciddi risk yaradır. Qadınların bəziləri müxtəlif xəstəliklərə tutulur və hamilə qalırlar. Heç kimlə məsləhətləşmirlər. Hamiləlik patoloji keçdiyi üçün insanlar daim müşahidə altında olmalıdır və anomaliyalar varsa, vaxtında qarşısı alınmalıdır. Bu məsələ sistem halına salınmalıdır. Əgər belə olmasa, ölümün və ağırlaşmaların sayı artacaq. Hamiləliyin gedişində orqanizm üçün çox ciddi təlatümlər yaradan fizioloji proses olduğu üçün hamiləliyin gedişində bu orqanlar daha böyük fizioloji yükə məruz qalaraq sıradan çıxa bilirlər. Müxtəlif orqan çatışmazlığı olur.Buna görə də, ana v körpə ölümlərinin həkim səhvi üzərinə qurulması düzgün deyil”.

Ekspert Cəmilə Cəlilova ana və körpə ölümlərinin sayını azaltmaq üçün anaların 9 ay məcburi müayinəyə cəlb olunmasının vacibliyini deyir. Onun sözlərinə görə, sağlam hamiləlik keçirən və düzgün həkimi seçən hamilə qadınların ölüm riski çox azdır: “Xüsusən rayonlarda analardan sağlamlıq kağızı və 9 ay müayinənin nəticələrini tələb etmək lazımdır. Məsuliyyətli həkimlər yalnız bu yolla ölümün qarşısını ala bilər. Ana və ya körpədə ölüm halları olduqda məhz bu zaman həkimi günahlandırmaq olar ki, tamamilə sağlamlq göstəriciləri müsbət olsun. Həkimlər isə həm özlərini, həm də ana və körpəni təhlükəyə atır. Nəzərə almaq lazımdır ki, insan dünyaya gətirmək adi bir proses deyil və bu prosesdən üzüağ çıxmağın 90%-i analardan, onların müayinə, müalicə və düzgün həkim seçməsindən asılıdır”.

Günay Ramizqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir