kitablar

Dünyada ən çox oxunan sevgi romanları

Baxış sayı: 587

Rəşad Nuri Güntəkin: “Çalı quşu”

Romanda əsərin qəhrəmanı Fəridənin simasında çətin həyat tərzinə baxmayaraq, öz məhəbbətinə sadiq olan əsl türk qızının obrazı bədii ustalıqla qələmə alınıb. Fəridə dəlicəsinə aşiq olsa da, taleyin sınaqlarına hazır olmadığı üçün uzun illər çıxış yolunu Kamrandan qaçmaqda görür. Lakin bu məhəbbət onunla birlikdə böyüyür, nəticədə, qız qüruru ilə barışmağı öyrənir. Roman hər kəsə sədaqət dərsi öyrədir. Orta fransız dini məktəbini yenicə bitirmiş bir qızın dilindən  gündəliyi şəklində verilmiş bu roman bütün dünyada sevilən əsərlərdən biridir.

 

Ceyn Ostin: “Qürur və qərəz”

“Qürur və qərəz” ingilis yazıçısı Ceyn Ostinin ən məşhur əsəridir. Əsər yoxsul, lakin çox qürurlu qadının həyatından bəhs edir. Kişi hisslərinin səmimiyyətinə inanmayan qadın qərəzi əsərin əsas mövzusunu təşkil edir. Kitabın qəhrəmanı hissləri və qüruru  arasında qalır. Üstəlik, cəmiyyət onu sıxır. Belə təzyiqlərə yalnız güclü insan qalib gələ bilər. Nəticədə, hər kəs qəhrəmanın qələbəsi ilə razılaşmağa məcbur olur. Yeri gəlmişkən, qeyd edək ki, bu əsər elə  Azərbaycanda da ən çox satılan əsərlərdən biridir.

 

Marqaret Mitçel: “Küləklə sovrulanlar”

Roman güclü, gözəl, incə, cazibədar və cəsarətli bir qadının həyat hekayəsindən  ibarətdir. Onun uşaq səmimiliyi və həyat eşqi istənilən qadağalarla bəhsə girə bilər. Əsərin qəhrəmanı Skarlet çox şıltaq və çılğın bir qızdır. O, Eşlini qarşılıqsız olaraq sevdiyi halda, onu həqiqətən sevən Ret Batlerin sevgisini görmür və ondan sadəcə olaraq istifadə edir. Skarlet nümunəvi qız olmasa da, Ret onu olduğu kimi sevir. Amma bu gözəl qadına laqeyid yanaşmaq mümkün deyil. Əsərdəki hadisələr çılğın sevgi və nifrətin fonunda baş verir.

 

Şarlotta Bronte: “Ceyn Eyr”

Əsərin baş qəhrəmanı Ceyn Eyr yetim, kasıb bir qız olmasına rəğmən, çox qürurlu və müstəqil insandır. O, Roçester malikanəsinə ev sahibinin qızına müəllimlik etməyə qəbul olunur. Elə ondan sonra Ceyn Eyr və mister Roçesterin arasında məhəbbət yaranır. Onlar evlənməyə hazırlaşır. Lakin toy günü elə bir sirr açılır ki, Ceyn Eyr malikanəni tərk edib, mister Roçesteri unutmağa çalışır. Lakin əsl məhəbbət heç vaxt unudulmur. Bir-birindən uzaq məsafədə yaşasalar da, onlar bir-birlərinin qəlbinin səsini eşidir. Əsər əsl sevgi, sədaqət haqqında yazılmış ən gözəl romanlardan biridir.

 

Jorj Sand: “Konsuelo”

“Konsuelo” romanındakı hadisələr XVIII əsrin ortalarına təsadüf edir. Bu əsər o dövrün təhlükə və həqiqi ehtirasla bol olan atmosferinə baş vurmaq üçün əla imkandır. “Konsuelo” fransız yazıçısı Jorj Sandın ən tanınmış və ən məşhur əsərlərindəndir. Konsuelonun şəfqəti bütün maneələri aradan qaldırır, çünki onun məhəbbəti təmənnasızdır. Qınamaq və qəzəb onun tərzi deyil, insanı incitmək ona xas olmayan şeylərdir. Ona görə də, Konsuelonun hissi onun mənəvi dünyasını pozmur və başqalarına ağrı vermir.

 

Viktor Hüqo: “Paris Notr-Dam kilsəsi”

Dünya ədəbiyyatının ən məşhur əsərlərindən olan “Paris Notr-Dam kilsəsi” romanında çoxdan unudulmuş dövrün tarixi təsviri ilə yanaşı, insanın azadfikirliliyi və mənəvi müstəqilliyi konsepsiyası Fransadakı cari hadisələrlə əlaqələndirilir. Yazıçı təsvir etdiyi dövrün əlamətlərini romanın bir-biri ilə təzad təşkil edən əsas qəhrəmanlarının – Esmeraldanın, Kvazimodonun və Klod Frollonun xarakterlərində və talelərində təcəssüm etdirmişdi.

 

Sesilya Ahern:  “P.S. Səni sevirəm”

Avropada məhəbbət romanlarının ulduzu kimi tanınan irlandiyalı yazıçının debüt əsəri bestsellerlər siyahısındadır. Romanın qəhrəmanları Cerri və Hollini ölüm ayırır. Əsərin əsas mövzusunu da əri Cerrini itirən otuz yaşlı Hollinin yaşadığı ağır günlərindən bəhs edir. Elə bu vaxt poçtla sağlığında həyat yoldaşının ona yazdığı məktubları alır. İndi bu məktublar onu Cerri ilə bağlayan yeganə tellərdir. Amma Holli 12 məktubun hərəsini bir ayda açmalıdır və içindəki tapşırıqlara mütləq əməl etməlidir.

 

Erix Mariya Remark: “Üç yoldaş”

“Üç yoldaş”da  müharibədən sağ çıxmış, yeni, dinc həyata başlayan gənclərin cəmiyyətlə daimi konfliktləri ön plana çəkilir. Müharibədən qayıtmış əsərin əsas qəhrəmanı Robert hər şeyə marağını itirib, həyata laqeyd və qeyri-ciddi yanaşır. Robbi bir az utancaq, çəkingən, insanlara dəyər verən bir insandır . Robbinin Patrisiya ilə olan sevgisi onu həyata yenidən bağlayıb yaşadığı hər anı qiymətləndirməyə, ən əsası, əbədi sevginin varlığına inandıra bilir. Robbi ölümcül xəstə olan qızı qorumaq, onu yaşatmaq üçün əlindən gələni edir. Əsl kişinin edə biləcəyi bütün fədakarlıqları edir. Bu yolda vəfalı dostları da ona yardımçı olur.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir