Kapadokiyaya

Dünyanın səkkizinci möcüzəsi – FOTOLAR

Baxış sayı: 490

Açıq səma altında geoloji muzey kimi fəaliyyət göstərən Kapadokiya yeraltı şəhərləri, hava şarları, Pəri bacaları, mağara monastırları ilə məşhurlaşıb. Bu gözəllikləri görmək üçün buraya dünyanın hər yerindən turistlər gəlir.

Kapadokiya maraqlı bir həftə sonu (weekend) və ya tətil marşrutudur. İstanbuldan Nevşehirə təyyarə ilə cəmi 1,10 (565 km) saatlıq məsafədir. Aviareyslərin uçuş cədvəllərində “Kapadokiya” adına rast gəlinmir. Orta Anadolu bölgəsinə uçan təyyarələr Nevşehir və Kayseri şəhərlərinə eniş edir. Ümumiyyətlə, “Kapadokiya” toponim kimi xəritədə yer almayıb. Bir az tarixə ekskurs etsək, fars dilində “Gözəl atlar ölkəsi” mənasını verən “Katpatuka” adı sonradan “Kapadokiya” toponiminə çevrilib.

Turistlər Kapadokiyaya çatmaq üçün Kayseridəki dəmir yolu stansiyasının və bölgəni Türkiyənin ən böyük şəhərləri ilə birləşdirən avtobus xidmətindən də istifadə edirlər.

Kapadokiyaya 1

11 sivilizasiyanın izi

Kapadokiyaya səyahət edən azərbaycanlılar digər ölkələrdən gələnlərlə müqayisədə azlıq təşkil edir. Kapadokiyanın yeraltı şəhərlərini, hava şarlarını, Pəri bacalarını, mağara monastırlarını görmək üçün dünyanın hər yerindən bölgəyə turistlər gəlir.

Kapadokiya açıq səma altında geoloji muzeydir. Ərazi Səlcuq memarlığının nadir nümunələri ilə zəngindir. İlk qaya evləri eramızdan əvvəl 1-ci minillikdə məhz Kapadokiyada tikilib. Qədim ənənəvi yaşayış məskənləri bu gün də istifadə olunur.

Kapadokiya 11 sivilizasiyaya şahidlik edib. Xristianlığın ilk yayıldığı yerlərdən biri hesab edilən Kapadokiyada 600-dən çox kilsə olduğu deyilir.

Kapadokiyaya 2

Əfsanəvi Pəri bacaları

Kapadokiyanı dövrələyən Ərciyəz, Həsən və Güllü dağlarının püskürdüyü lava və küllər sonradan ərazidə qeyri-adi fiqurlar yaradıb. Turistlərin ən çox səyahət etdiyi Pəri bacaları kimi məşhurlaşan fiqurlar o zamanın insanları üçün sığınma, ibadət və saxlanma yerinə çevrilib.

Bölgədəki ən qədim yaşayış məskənləri YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

 

Açıq səma altında muzey

Kapadokiya Nevşehir, Kırşehir, Niğde, Aksaray və Kayserini əhatələyən 5 şəhərdən ibarətdir.

Qədim Kapadokiyanın ən məşhur yaşayış məskəni Görəmədir. Nevşehirin bu qədim vilayətinə taksi və hər yarım saatdan bir işləyən avtobuslarla 15-20 dəqiqəyə çatmaq olur.

Görəmə Açıq Hava Muzeyində IX-XIII əsrə aid möhtəşəm qaya kilsələri, mağara və tunelləri görmək üçün turistlər həvəslə turlara qatılırlar. Hava şarları da məhz bu məkandan havaya qalxır. Yaxınlıqdakı “Aşk vadisi” unikal fotoşəkillərin çəkildiyi məkan kimi təqdim olunur.

 

Yeraltı dünyaya səyahət

“Kapadokiya yeraltı şəhərləri ilə məşhurdur. 200-ə yaxın yeraltı şəhərin indiyə qədər cəmi 37-si kəşf edilib”- deyə bələdçi məlumat verir.

Səyahət etdiyimiz Kaymaklı və Derinkuyu Yeraltı şəhərləri təxminən 25-30 min nəfərin yaşaya biləcəyi sığınacaq kimi istifadə edilib: “Bölgə yeraltı şəhərlərinə görə məhz Kapadokiya kimi tanınır. Kapadokiya qədim dövrlərdə tez-tez müxtəlif ölkələrin hücumlarına məruz qalırmış. Müharibələrdən qorunmaq üçün insanlar bu sığınacaqlarda yaşayıblar”.

Kapadokiyaya 3

Son 30 ilin ən soyuq martı

Kapadokiyanın iqlimi qurudur. Ətraf yollarda ağaclar gözə dəymir. Bu ilin şaxtalı-qarlı mart ayının havasını isə təkcə bölgə əhalisi deyil, turist kimi biz də uzun zaman unutmayacağıq: “Son 30 ilin ən soyuq martını yaşadıq”- soyuqdan isti odun sobalarının yanında qızınanlar bir-birlərinə deyirdilər.

Bölgə əhalisi əsasən kənd təsərrüfatı, şərabçılıq və heyvandarlıqla məşğul olur: “Burda hər ailənin öz biznesi var. Kimi evini hotelə çevirməklə, kimi qapısında suvenir dükanı açmaqla, kimi təsərrüfatı ilə dolanır. Turizm isə bölgənin əsas gəlir mənbəyi sayılır”- bələdçimiz qeyd edir.

 

Hava şarları ilə səyahət

Kapadokiya deyiləndə ağıla hava şarları (balonları) gəlir. İlk dəfə 1988-ci ildə başlanan hava şarları turları o zamandan bəri turistlərin diqqətini daha çox bu bölgəyə yönəldib. Hava balonlarının məşhurluğu bölgəyə 1997-ci ildə Dünya Hava Olimpiadasının Hava Şarı yarışının Kapadokiyada keçirilməsinin sevincini yaşadıb. Hər ilin iyun-iyul aylarında isə Kapadokiyada dünyanın hər yerindən turistləri cəlb edən “Kapadoks Festivalı” adlı rəngli şar festivalı keçirilir.

Səhər 6.00-7.00-da turistlər 1 saat ərzində 1400 m yüksəklikdə, 6-7 km məsafəni qət etməklə Kapadokiyanın gözəlliyini və günəşin doğmasını seyr edə bilirlər. Hava şarları turu təkcə küləkli havalarda təşkil edilmir.

Görəmədə bütün otellərin, restoranların çardağı da həmin qeyri-adi mənzərəni seyr etmək üçün üstüaçıq tikilir.

Hava balonları turunun qiyməti isə ucuz deyil – 110 -200 avro arasında dəyişir. İnternet məlumatlarında 50-60 avroya balonla uçmaq arzusu ilə Kapadokiyaya gələnlərin xəyalı bir növ suya düşür: “Pandemiya şəraiti, iqtisadi vəziyyət hər yerdə olduğu kimi burda da turizmin inkişafına mənfi təsir göstərir. Əgər 2018-ci ildə havaya gündə 80 şar qalxırdısa, indi onların sayı xeyli azalaraq təxminən 20-ə enib. Bu da qiymətlərin artmasına səbəb olur”- deyə turizm şirkətlərinin nümayəndələri əsaslandırırlar: “Aprel-may aylarında qiymətlər daha da bahalaşa bilər”.

Kapadokiyaya 4

Turistlərin cəlbi üçün

Turistlərə bölgəni yaxşı tanımaq üçün safari, dəvə və atla gəzinti, velosiped, motosiklet və ya kvadrosikllə turlar da təklif olunur. Sivilizasiyaların izini görmək üçün təklif edilən “Qırmızı”, “Yaşıl” və “Mavi” turların qiymətləri 60-80 avro arasında dəyişir. 4 nəfərdən ibarət qrupumuzun qatıldığı “Qarışıq tur” üçün adambaşına 65 avro ödədik.

Bələdçinin sözlərinə görə, Kapadokiyaya səyahət edənlər arasında həmişə ruslar və ukraynalılar üstünlük təşkil edib: “İndi Rusiya-Ukrayna müharibəsi Türkiyə turizminə də təsir göstərir. Hər il Kapadokiyaya 1 milyon turist daxil olur. İndi onların sayı xeyli azalıb. Ən çox gələnlər ABŞ və Asiya ölkələrindəndir”.

Yerli turizm şirkətləri turistlərin cəlbi üçün sözün yaxşı mənasında dəridən-qabıqdan çıxırlar. Əksəriyyəti daş formalara oyulmuş otaqlardan ibarət 550-dən çox hotel (əvvəldən bron etdikdə bir nəfər üçün bir günlük otaq qiyməti 20-22 avro), müxtəlif dillərdə danışan peşəkar bələdçilər, gecələr canlı musiqi səsinin ətrafa yayıldığı, yerli mətbəxin “Testi-kabab” (qapalı gil qabda bişmiş tərəvəzli ət) və s. təamlarını təklif edən restoranlar, lokal suvenir dükanlarının gülümsəyən satıcıları da turistlərin cəlbində az rol oynamır.

Kapadokiyaya

Xalçaçılıq və dulusçuluq

Əl sənətləri də bölgədə çox məşhurdur. Kapadokiyada bütün dükanlar dulusçuluq məmulatları təklif edirlər. Bölgədə babalardan miras qalan 370 illik sənətkarlıq izləri ilə tanış olmaq mümkündür. Emalatxanalarda dulusçuluq və qabların ənənəvi rənglənməsi, evlərdə xalçaçılıq üzrə ustad dərsləri keçirilir. “Xalçaçılıq və dulusçuluğun məşhur olduğu Avanosda xalça toxumayan qıza elçi getmirlər, dulusçuluğu bacarmayan oğlana qız vermirlər”- bələdçi deyir.

Kapadokiyaya ilin istənilən vaxtında turistlər səyahət edir. Amma turizm üçün ən əlverişli vaxt aprel-oktyabr ayları hesab edilir. O zaman “Dünyanın 8-ci möcüzəsi”ni görməyə dünyanın hər yerindən səyahətçilər can atır…

 

Təranə Məhərrəmova

Bakı-İstanbul-Kapadokiya




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir