İnsanların əliaçıqlığı gündəlik qida rasionundan asılıymış. Hollandiyanın Leyden Universitetinin alimləri uzun araşdırmalardan sonra bu qənaətə gəliblər. Və isbat ediblər ki, gündə üç yumurta yeyən adamlar daha səxavətli olurlar.
Detallara gəldikdə isə, alimlər triptofanın (insan orqanizmi tərəfindən sintez olunmayan aminoasit) insan orqanizminə təsirini araşdırarkən bu nəticəyə gəliblər. Tədqiqat müddətində gün ərzində müəyyən miqdarda triptofan maddəsi qəbul edənlər xeyriyyə aksiyaları üçün iki dəfə artıq vəsait yatırıblar. Bu miqdarda triptofanı isə təxminən üç yumurtadan almaq olar.
Tədqiqatda 32 nəfər könüllü iştirak edib. 16 nəfər triptofan əlavələri, digərləri isə başqa maddələr olan qidalar qəbul ediblər.
Alimlər öz kəşflərini belə izah ediblər: “İlk dəfə idi ki, yumurta, süd, balıq, soya və başqa bu kimi qidaların insan xarakterinə təsirini araşdırdıq. Sən demə, insanın qəbul etdiyi qida onun əliaçıqlığına da təsirsiz ötüşmür”.
Sınaqda iştirak edənlər də səxavətlə mükafatlandırılıblar. Sonra isə onlardan aldıqları qonorarı xeyriyyə işlərinə yönəldə bilib-bilməyəcəkləri soruşulub. Onların hamısı qonorarlarını əliaçıqlıqla NİCEF, “Amnesty İnternational”, “Greenpeace” və Ümumdünya Vəhşi Təbiət Fonduna veriblər.