Ev tapşırığı davası…

Baxış sayı: 1. 765

Müasir tədris prosesinə görə, şagirdlər dərsi evdə deyil, məktəbdə öyrənməlidirlər. Amma bizdə, hələ ki, bu təcrübədən yararlanmaq mümkün olmur. Valideynlər müəllimlərin sanki dərsdən yayındığını və daha çətin tapşırıqları evə verdiyini, müəllimlərsə dərs proqramının çox ağır olduğunu və ev tapşırıqlarsız tədrisin heç cür mümkün olmadığını deyir.

Qeyd edək ki, bir sıra inkişaf etmiş xarici ölkələrdə şagirdlərə ev tapşırıqları verilmir. Yaxın illərdə bunun Azərbaycanda da tətbiq olunacağı barədə fikirlər yayılır.

Şagirdlərə ev tapşırıqlarının verilməsinə qadağa qoyulması barədə yayılan məlumatlara cavab olaraq Təhsil Nazirliyi ibtidai sinif müəllimlərinə şagirdlərə ev tapşırıqları verilərkən onların ağırlıq səviyyəsinə diqqət yetirmələrini tövsiyə etməklə kifayətlənib. Nazirliyin məlumatına görə, ev tapşırıqları mahiyyət etibailə şagirdlərin təlimə marağını artırmalı, idrakı inkişaflarına, həyati bacarıqlara yiyələnmələrinə müsbət təsir göstərməlidir.

Heydər Əliyev adına liseyin ibtidai siniflər üzrə direktor müavini Pəri Süleymanlının sözlərinə görə, məktəbə müxtəlif şəraitdə, mühitdə böyümüş uşaqlar gəlir: “Təhsildə ən yaxşı nəticəni göstərən məktəbəqədər hazırlıq mərhələsini keçən uşaqlardır. Çünki uşaq bağçasında da kurikulum proqramı ilə keçirlər. Birinci sinif onun davamı olduğu üçün bağçaya gedən uşaqlar dərsi asan qavrayır. Ancaq uşaq bağçasına getməyən, məktəbəqədər hazırlıq kursu keçməyənlərə dərsi çox əziyyətlə keçirik” deyən müsahibimiz bildirir ki, bu səbəbdən də uşaq bağçasına getmiş, məktəbəqədər hazırlıq kursunu keçmiş uşaqlara ev tapşırığını vermədən dərsi tədris etmək olar. Onun sözlərinə görə, amma məktəbə birbaşa evdən gələn uşaqlara ev tapşırığı vermədən öyrətmək qeyri- mümkündür.

Heydər Əliyev adına liseyin ibtidai sinif müəlliməsi Zəminə Mehdiyeva da hesab edir ki, ibtidai sinif uşaqlarına ev tapşırığı vermək lazımdır: “Çünki biz sinifdə şagirdlərə istiqamət veririk. Proqramımız da ağırdır. Evə verdiyimiz hər tapşırığınan nümunələri üzərində mütləq sinifdə işləməyə və onları izah etməyə çalışırıq”.

Z.Mehdiyeva ev tapşırığın sinifdə keçirilənlərin möhkəmləndirilməsi üçün vacib sayır. “Hər şagirdin öz qavrama qabiliyyəti var. Elə şagird var ki, keçirilən dərsi başa düşür, amma tam mənimsəyə bilmir. Sinifdə aldığı bilikləri ev tapşırıqlarını edərək möhkəmləndirir”.

Həmsöhbətimiz bildirib ki, ev tapşırıqları müəyyən kriteriyalarda verilməlidir: “Şagirdlərin müstəqil yerinə yetirə bildiyi ev tapşırıqları seçilməlidir. Elə müəllimlər var ki, özü edə bilməyən tapşırığı başından edir və evə verir ki, evdə etsinlər. Bu cür tapşırıqların verilməsi yanlışdır. Qeyri-adi, məntiqi tapşırıqların da evə verilməsi düzgün deyil. O tapşırıqları müzakirə ilə sinifdə həll etmək lazımdır. Məntiqi tapşırıqları evə verəndə, onsuz da, uşaq onu özü etməyəcək”.

Müəllimə qeyd edib ki, çalışdığı məktəbdə ağır ev tapşırığı verilmir: “Sinifdə nə keçiriksə, ona uyğun alternativ şəkildə evə tapşırıq verilir. Hələ ki, hansısa valideynin ev tapşırıqlarının çətinliyi barədə etirazını eşitməmişik”.

Dediyinə görə, ev tapşırığı verilərkən dərs cədvəli nəzərə alınmalıdır: “Ev tapşırığı verərkən fənlərin ağırlığına da fikir veririk. Əgər çətin fənlər varsa, şagird ingilis dili, informatika, həyat bilgisi fənlərinə də hazırlaşmalıdırsa, daha yüngül ev tapşırıqları verilməlidir. Əsl müəllim bunları nəzərə almalıdır. Bunu nə dərəcədə edə bilməsi müəllimin peşəkarlığından asılıdır”.

Mehdiyeva onu da qeyd edib ki, müəllim evə verdiyi tapşırığı şagirdlərin necə yerinə yetirdiyini ertəsi gün yoxlamalıdır: “Ümumi şəkildə buna nəzarət olunmalıdır. Bəzən elə olur ki, repetitorluq edən müəllimlər şagirdə tapşırığı çox verir və şagird bu tapşırıqları yerinə yetirə bilməyəndə ona yanına hazırlığa gəlsəydi, edə biləcəyini irad tutur. Bununla bağlı bəzi məktəblərdə neqativ hallar ola bilər”.

Xarici ölkələrdə ev tapşırıqlarının verilməməsinə gəlincə, müəllimə bildirib ki, xarici ölkələrin, məsələn, yapon uşaqlarının düşüncəsi, təfəkkürü, məntiqi başqa cürdür. “Bizdə ildən-ilə uşaqların məntiqi də, qavrayışı da zəifləməyə doğru gedir. Bu, uşaqların nevroloji problemləri ilə bağlıdır. Uşaqların məntiqinin zəifləməsi ailədən gəlir. Həm də məktəbə uşaq bağçasına getməyən uşaqlar gəlir ki, onlar adi davranış qaydalarını bilmirlər. Sinifdə 5-10 uşaq olur ki, müəllim istədiyi səviyyədə dərsi qavrayır. Bizə o metod yaramır ki, ev tapşırığını verməyəsən”.

Müsahibimiz əlavə edib ki, bu gün uşaqların nitqində problemlər var, düşündüyünü ifadə edə bilmirlər: “Bu da uşaqların gününü televizor, kompüter qarşısında keçirməsinndən, mobil telefonla oynamağından, qiraət etməməyindən, valideynin övladı ilə düzgün ünsiyyət qurmamağından irəli gəlir”.

Sumqayıt şəhəri 11 saylı tam orta məktəbin kimya fənni üzrə müəllimi, kurikulum üzrə təlimçi Gülşən Novruzovanın sözlərinə görə, şagirdlərə ev tapşırıqları verilməlidir: “Hazırkı ənənəvi, müasir təlimdə şagird dərsi evdə deyil, məktəbdə öyrənməlidir. Sadəcə, evdə bildiklərini təkmilləşdirmək üçün az miqdarda tapşırıq olmalıdır. Şagird evdə kitabı vərəqləyib nə keçdiklərini xatırlamalıdır.

Elə müəllimlər var ki, özü edə bilmədiyi tapşırıqları evə verir. Və yaxud sadə tapşırıqları sinifdə edir, çətinlərini evə tapşırır. Uşaq evdə çətin tapşırığı onsuz da işləyə bilməyəcək. Əgər uşaq kiminsə köməyi ilə ev tapşırığını işləyəcəksə, evə verilməsinin nə mənası var? Uşaq ev tapşırığını müstəqil etməlidir”.

Dediyinə görə, ibtidai sinif uşaqları dərsdən qayıdıb axşama qədər ev tapşırığı edir: “Onun əylənməyə, dincəlməyə vaxtı qalmır. Şagirdlərə elə ev tapşırıqları verirlər ki, valideyn mütləq uşağın yanında oturub ona kömək etməlidir. Vay o günə ki, valideyn savadsız olsun”.

 

Aynurə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir