is

Gənc xanımların işə qəbul elanlarının arxasında nələr dayanır?

Baxış sayı: 1. 261

Qadınlarla yanaşı kişilərin də gender əsaslı hüquqları pozulur. İşlə bağlı elanların, demək olar ki, əksəriyyətində “təcrübəli satıcı qız”, “xanım ofisiant” tələb olunur, “xahiş olunur, işlə bağlı xanımlar CV-lərini göndərsinlər” ifadələri işlədilir. Kişilər ofis işi tapmaqda çətinlik çəkdiklərindən şikayətlənirlər.

Bakı sakini Pərviz Quliyev bizimlə söhbətində bildirir ki, iki ildir özünə ofis işi axtarır: “Hara baxsan “xanım işçi axtarılır” elanına rast gəlirsən. Ofis işlərində, demək olar ki, oğlanlar üçün yer yoxdur. Səhhətimlə əlaqədar ağır işlərdə, fəhlə kimi çalışa bilmirəm. Şirkətdə kompüterlə əlaqəli isə bir iş tapa bilmirəm. Elə mağazalarda da qız satıcı tələb olunduğunu deyirlər. Çox vaxt deyirlər ki, qadınların hüquqları pozulur, amma iş yerlərində xanım işçilərə üstünlük verilməsi kişilərin hüquqlarını pozur”.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədovun  bildirdiyinə görə, elanlarda işçi xanımların tələb olunmasının göstərilməsi qanuna, Əmək Məcəlləsinin 16-cı maddəsinə və Konstitusiyanın 25-ci maddəsinə ziddir, ayrı seçkilik yaradır. Məsələ ondadır ki, bəzən bu elanların arxasında başqa bir pis niyyət gizlənir. Gənc xanımları işə götürərək cinsi münasibətlərə təhrik edirlər. Belə planlar da olur. Belə elanlar qanunla qadağan olunur və belə elanların verilməsi məsuliyyət yaradır. Bir çox hallarda belə elanlar pis niyyətlə bağlı olsa da, bəzi hallarda işəgötürənlər xanımları ticarət mərkəzlərinə daha çox müştəri cəlb etmək üçün götürürlər. Satıcı göyçək qız olsa, həmin mağazaya daha çox alıcı gəlir və s. Qadınlar daha aşağı maaşa qane olduqları üçün də onlara üstünlük verilir”.

Məmmədovun dediyinə görə, illərdir təklif edirlər ki, belə iş yerləri varsa, orada cinsə, yaşa, xarici görünüşünə görə işçilərin olması zəruridirsə, bununla bağlı Nazirlər Kabineti müvafiq qərar versin və normativ hüquqi akt qəbul olunsun ki, hansı iş yerlərində, hansı peşələrdə qadınlar işləyə bilər, yaxud yaş məhdudiyyəti göstərilsin: “Elə iş yerləri var ki, orada gözəl, ucaboy, arıq, yəni fizioloji xüsusiyyətlərinə görə qadınları seçirlər. Sovet vaxtında, məsələn, stüardessa vakansiyasına, xarici qonaqları qəbul edən hotellərə yaraşıqlı, ucaboy qızları seçib götürürdülər. İndi də bu varsa, rəsmi təsdiq olunmalıdır. Bilinməlidir ki, hansı iş yerlərinə, peşələrə fizioloji göstəricilərə görə xanımlar işə götürülür”.

Həmsöhbətimiz bildirir ki, bizdə Əmək Məcəlləsinə görə qadınların işləməsini qadağa edən xeyli uzun siyahı var, Nazirlər Kabineti tərəfindən təsdiq olunub: “O yerləri çıxmaq şərtilə qadınlar hər yerdə işləyə bilərlər”.

S.Məmmədovun sözlərinə görə, iş elanlarının məzmununa nəzarət etmək mümkün deyil: “Qanunvericiliklə, işə görə ayrı-seçkilik yaratdıqlarına görə böyük cərimələr tətbiq oluna bilər. Bunu müəyyən etsələr, şirkətlərə cərimə tətbiq olunar. Elanları verənlər özəl sektordu, özəl sektorların yoxlanılması ilə bağlı daha iki illik qadağa qoyulub”.

Ekspertə görə, elə iş yerləri var ki, qadınları ora götürmürlər: “Qadınlar üçün çətin olur. İş yerlərinin əksəriyyətində gizli diskriminasiya var. Baxmayaraq ki, Əmək Məcəlləsinə görə bu da qadağandır. Amma bu gizli diskriminasiyanı sübut etmək də çətindir. Qadındır işə düzəlmək üçün gəlir, görürlər ki, reproduktiv qadındır, ya yenicə ailə həyatı qurub, maraqlanırlar öyrənirlər ki, ailə quracaq, bu zaman da işə götürmürlər. Çünki fikirlərşirlər ki, bir neçə ay işləyib, sonra analıq məzuniyyətinə gedəcək. Doğuşa görə məzuniyyətə çıxacaq, sonra qismən ödənişli sosial məzuniyyətə gedəcək, iş vaxtı əlavə imtiyazlar tələb edəcək, ona görə götürmürlər. Bu da var”.

Psixoloq Ramil Nəcəfli deyir ki, iş yerlərində daha çox qadınların işə götürülməsinin həm subyektiv, həm də obyektiv səbəbləri var: “Keçmişdən qalma bir adət-ənənə var ki, bu, bir növ elmə əsaslanır. Kişilərin və qadınların fizioloji, beyin gücünü analiz edib, bunun üzərində araşdırma aparıb nəticəyə gəliblər ki, qadınlar eyni anda bir neçə işi görə bilirlər. Məsələn, kompüterdə yazı yazan bir xanımın eyni anda fikri həm kompüterdə ola bilər, həm də kimsə onu danışdırırsa, həmin adama da cavab verə, onunla ünsiyyət qura bilər. Yəni, xanımın şüuru rahatlıqla bir neçə tərəfə haçalana, yönələ bilir. Bu, qadın beyninin kişilərdən fərqli üstünlüyüdür. Kişilər eyni anda bir neçə işi görə bilməzlər. Beyin yorular. Qadınlarda intuisiya daha çox inkişaf edib. Qəribə müqayisə olsa da, falçıların, ekstra hissləri olanlar arasında qadınlar çoxluq təşkil edir. Bu da sırf qadın beyninin özəlliyi ilə bağlı bir şeydir”.

Onun sözlərinə görə, araşdırmalardan sonra məhz belə bir ənənə yaranıb ki, katibələr, ofis menecerlər, qeydiyyat aparanlar məhz xanımlar olsun. Bu da artıq kök salıb, restoranlardan tutmuş iş yerlərində köməkçilərə qədər hər yerdə xanımlar üstünlük təşkil edir. “Əslində bu, məntiqə əsaslanan doğru seçimdir ki, bu cür işləri, ofis, restoranda xidməti işləri məhz qadınlar layiqli yerinə yetirir. Restoranda ofisiant işləyən qadının beyni ikitərəfli işləyə bilər: eyni zamanda həm sifariş qəbul edə, həm də aşbazla və yaxud bu zaman ondan nəsə soruşan müştəriyə cavab verə bilər”.

Nəcəflinin dediyinə görə, iş yerlərində qadınlara üstünlük verilməsinin digər səbəbi onların daha ünsiyyətcil olması, adamlarla daha rahat dil tapması ilə əlaqədardır. Qadınların cazibədarlığı bu səbəblərə görə işin uğurunu artıra bilər. “Ümumiyyətlə, iş yerlərində gənc və yaraşıqlı xanımların olması müsbət ab-hava yaradır, üzərində işlənilən işin uğurlu nəticələnməsini şərtləndirir. Buna görə də işəgötürənlər məhz qadınları işə cəlb edirlər. Restorandırsa, müştəriləri cəlb etmək, ofis işlərində müştərilərlə rahat ünsiyyət qurmaq üçün, işin effektliliyini artırmaq üçün qadınlar seçilir”.

Müsahibimiz deyir ki, bəzi hallarda elanlarda xanım işçilərin tələb olunması və müəyyən kriteriyaların göstərilməsi altında cinsi istismar da dura bilər. “Amma bu, qadınlara üstünlük verilməsinin əsas səbəbi deyil”.

 

AYNURƏ MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir