nigar ibrahimova

Gəlinlərin nəzərinə! Toyunuzda belə bəzənin – VİZAJİST MƏSLƏHƏTİ

Baxış sayı: 1. 434

Qışda toy etməyə hazırlaşan gəlinlər bu yazını mütləq oxusun. Tanınmış vizajist Nigar İbrahimova gəlinlik dəbi ilə bağlı “Gencaile.az”-a danışıb. Onun sözlərinə görə, bu il və gələn il gəlinlər üçün uzun fatalar dəbdədir. Boyu bəstə xanımlar isə dəb olsa belə, uzun fatadan imtina etsələr yaxşı olar. Vizajist gəlinlər üçün də dağınıq saç düzümlərinin dəb olduğunu deyir: “Gəlinlərin saç düzümü də təbii, su dalğası kimi görünməlidir. Biz bu effekti yaratmaq üçün saçları bururuq və əllə dağıdırıq. Əgər gəlinlik paltarının kürəyi açıqdırsa, saçlardan bir az tökülür, əgər bağlıdırsa, saçlar bütünlüklə yığılır. Qulaq nahiyədə qüsur yoxdursa, çənə nahiyə çox önə gəlmirsə, tam yığırıq, əgər xanımda çənə varsa, ənsə hissə enlidirsə, saçlar bir az tökülür ki, qüsurları gizlədək”.

Gəlin makiyajında açıq rənglərdən istifadə edilməlidir. Axşam makiyajında gözlərə ağ-qara, yəni klassik üslub üstünlük təşkil etsə də, bu, gəlinlərə tövsiyə edilmir: “Ümumiyyətlə, gənc xanımlar qara kölgədən istifadə etməməlidirlər. Bunu bir az orta yaşlı xanımlarda istifadə edirik ki, gözün üstünün torbası, xırda qırışları qaranın altında gizlənsin. Əgər gəlinin saçları qara, tünd şabalıdı, sürməyi-qara, kül-xurmayi rəngdədirsə, gözlərin makiyajı soyuq mavi, bənövşəyi ola bilər. Gözlər və dodaqlar öndə olmalıdır. Bunun üçün kərpic, bordo rənglərdən istifadə edilə bilər”.

Toy qış aylarına təsadüf edirsə, ton və kirşanın dəriyə çox uyğun olması önəmli deyil. Kirşan seçimində ağ, sarışın, berj rənglər öndədir: “Bizim xanımlara natural tonlar yaraşır. Dəriyə berj, zeytun rəngi effekti vermək, eləcə də yüngül tonal kremdən istifadə etmək olar. Göz üçün kölgədə ağ-çəhrayı, parlaq ağ, mavi, limonlu-ağ, gümüşü, zümrüd rənglərdən istifadə edilməlidir. Karandaş qara, ağ, sarışın, tünd qəhvəyi, mavi, zümrüdü rəngdə ola bilər”.

Ənlikdən çox az istifadə etmək məsləhətdir. Qışda yanaqlar soyuqdan qızarmış effektində olsa, gəlin təbii görünüşü ilə seçiləcək. Dodaq boyası da bənövşəyi, berj, gilas tonlu qırmızı, al qırmızı ola bilər: “Gəlinlər üçün yüngül makiyajdan istifadə edirik. Makiyaj daha təravətli – qızılı, gümüşü effektli olmalıdır. Parıltılı göz kölgələrindən istifadə etmək olar. Makiyaj geyim, dəri rəngi, saçlara uyğun gəlməlidir. Ənliyin rəngi zərif qəhvəyi çalarlara malik olmalıdır. Əlavə parlaqlıq da vermək olar. Mavi gözlü, sarışın xanımlara solğun çalarlardan istifadə etmək lazımdır. Qara gözlü, qara saçlı xanımlara ziddiyyətli makiyaj məsləhətdir. Rənglərin keçidi yumşaq olmalıdır, qəfil, sərt görünməməlidir. Təbii tonal krem, təbii tozlu kirşan, göz qapaqları qızılı, gümüşü göz kölgələri, qara-qəhvəyi karandaş, qara tuş, ənlik və dodaq boyası isə çəhrayı və çəhrayı – qəhvəyi çalarlarda olmalıdır. Açıq şaftalı, ət rəngli, açıq çəhrayı göz kölgələri də gəlin üçün ideal seçimdir. Onun üzərindən laynerlər və ya qara qələmdən istifadə edirik. Çox az süni kirpik də taxa bilərik”.

 

Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir