avtostop

“Götür məni getdiyin yerə”, yaxud Azərbaycanda pulsuz səyahətin qaydaları

Baxış sayı: 694

Avtostop – bir piyadanın yol kənarında avtomobil saxlayıb, ödəniş etmədən o avtomobillə yol getməsidir. Azərbaycanda çox da oturuşmamış yolçuluq mədəniyyəti də deyə bilərik. Dünyada isə avtostop vasitəsi ilə ölkələri pulsuz səyahət edən xeyli insan var.

Məsələn, 62 yaşlı barselonalı Xorxe Sançez avtostop vasitəsi ilə 193 ölkəyə səyahət edərək öz əzəmətli səyahət tarixçəsini yaddaşlara yazdırmağı bacarıb. Azərbaycanda isə bu sahə yeni yaranmağa başlayıb. Avtostopla Azərbaycanı qarış-qarış gəzən Əli Kərimov və Nigar Sultanova avtostop səyahət zamanı başlarına gələn macəralar haqqında müsahibələrində danışıblar.

 

Taksi bazarını “öldürənlər”

Əli Kərimov sürücüdür. Dediyinə görə, Azərbaycanda belə bir layihə, demək olar ki, yoxdur: “Bilmirəm, nədəndir. Bəlkə də utanırlar. Amma dünyanın bütün ölklərində avtostop var. Bunu təbliğ etmək lazımdır ki, insanlar çəkinməsinlər. Biz yeni başlayanda bizi qınayırdılar. Hətta zəng edib deyirdilər ki, siz belə edirsiniz, rayonlara işləyən taksi sürücülərinin bazarını öldürürsünüz. Avtostopların sayının artmağından qorxurlar”.

“Biz yeni başlayanda deyirdilər ki, bura Azərbaycandır, siz bacarmayacaqsınız. Plakat yazdıq: “Götür məni getdiyin yerə”. Gülməli səslənsə də, həm də məntiqli cümlə idi. Yəni, getdiyin yerə qədər məni də apar. Biz o plakatla çıxdıq, 15 dəqiqəyə bizi götürdülər. Mən özüm bunu xarici ölkədə də tətbiq etmişəm. Hətta avtostopları götürmüşəm də. Türkiyə, Rusiya, Gürcüstanda olanda avtostoplar görəndə götürürdüm. Çünki özüm də sürücüyəm. Eyni zamanda həmin ölkələrdə mən də avtostop olurdum. Mənim bir tanışım var. O avtostop vasitəsəi ilə Avropadan Azərbaycana gəlib”.

Müsahibimiz bildirir ki, getdiyi ölkələrdə avtostopa olan münasibət bizdəkindən fərqlənir: “Bizdə əksər hallarda saxlamırlar, siqnal verib keçirlər. Amma sadaladığım ölkələrdə saxlamasalar belə, siqnal vermək yoxdur. Bizdə avtostoplara dilənçi gözü ilə baxırlar, amma onlar artıq buna öyrəşiblər. Bir dəfə biz Trabzona çadırla getdik. Orada çadıra icazə vermirdilər. Oranın bələdiyyəsi bizə yaxınlaşdı, biləndə ki biz Azərbaycandan gəlmişik, bizə ən gözəl yeri verdi. Orada balaca marşurutlar var, onlar biləndə ki biz Azərbaycandan gəlmişik, bizi təmənnasız götürdülər”.

 

 

Rayon yerlərindəkilər daha mərhəmətlidirlər

Kərimov əlavə edib ki, zamanla bizdə də avtostoplara olan münasibət dəyişib: “Kollektivlə İsmayıllının Lahıc kəndinə getdik. Bizə dedilər, heç vaxt sizə maşın saxlamazlar. Üç nəfər idik. Əslində qayda belədir ki, maksimum üç nəfər olur. Üç nəfərdən artıq olanda sürücü də narahat olur. Həm də üç nəfər görəndə əksər hallarda saxlamırlar. Biz saat 8-də Müşviq postundan çıxdıq. Çünki ora qədər işləyənlərin böyük bir qismi taksi sürücüsüdür. Və onlar saxlamırlar. Bizə dedilər ki, saat 4-ə, 5-ə Şamaxıya çata bilsəniz, böyük işdir. Amma biz saat 11-də artıq Lahıcda idik”.

Səyyah danışır ki, rayon yerlərində insanlar avtostopdan xəbərsiz olsalar da, onları gedəcəkləri yerə qədər götürürlər:

“Sevindirici haldır ki, artıq insanlar avtomobillərini saxlayırdılar. Biz onlara deyirdik ki, avtostopuq. Başa düşməyənləri də maarifləndirirdik ki, avtostop nədir. Hətta bir vəzifəli şəxsin avtomobilini saxladıq. Gedəcəyi yerə qədər bizi apardı. Rayon yerlərində avtostopdan xəbərsiz olsalar da, adamı yolda qoymurlar. Gedəcəyi yerə qədər təmənnasız götürürlər”.

“Mən Türkiyədə avtostop edəndə, sürücü avtomobilin saxlanc yerini açdı, dedi ki, bax, silah var. Yanlış bir hərəkət etsən, canından olarsan. Bu, qorxutmaq üçün deyildi, özünü sığortalamaq üçün idi. Özümdə də olub. Silah götürməsəm də, özümlə həmişə küt alət götürürəm, kimsə avtostop adı ilə başqa bir addım atmaq istəsə, özümü qoruyum. Mən uzun yolları qət edirəm, başıma hər cür hadisə gələ bilər deyə özümü sığortalamaq məqsədi ilə yanımda alət götürürəm”.

 

Əsas məqsəd – havayı!

Avtostopla səyahət edən səyyah bildirir ki, bu işin ən vacib tərəfi odur ki, gedəcəyin ünvana pulsuz gedəcəyini qarşına məqsəd qoymalısan: “Bir dəfə də biz İsmayıllıya getdik. Orada kamp qurmaq üçün ərazini seçib Bakıya qayıtmalı idik. Ərazimizi seçdik, Bakıya qayıtmaq istəyəndə bir avtomobil bizi görüb saxladı, amma oraya yerləşmədik. Gecə saat 11-dir, yağış da başlayıb. Nigar artıq qorxmağa başladı. Bu arada başqa bir avtomobil gəldi, keçdi. Biz artıq ümidimizi üzmüşdük. Fikirləşdik ki, gedək, haradasa bir hosteldə gecələyək. Bir də gördük ki, həmin avtomobil qayıtdı. Dedi ki, sizi Bakıya qədər apara bilərik. Bizə də lazım idi ki, Müşviq postuna qədər gedək. Sağ olsunlar, Bakıya qədər bizi saxlamadılar”.

Müsahibimiz hazırda MDB ölkələrini gəzməyi planlaşdırır: “İstəyirəm, avtostopla Asiya ölkələrini gəzim. Altay dağlarını gəzmək istəyirəm. Monqolustanda obalar diqqətimi çəkir. Qazaxıstan səhralıq olduğuna görə ora diqqətimi cəlb edir. Özbəkistanda isə tarixi abidələr, qədim şəhərlər – Səmərqənd, Buxara kimi şəhərləri gəzmək istəyirəm”.

 

Avtostopun qaydaları

Avtstopun da qaydaları var. Əli onları izah edir: “Bizə qoşulmaq istəyənlər çoxdur. Bizdə qadınlar daha həvəslidirlər, nəinki kişilər. Amma nəzərə almaq lazımdır ki, avtostopda, dediyim kimi, maksimum üç nəfər ola bilər. Hətta üç nəfər də çoxdur. Çünki, çox olsa, saxlamazlar. Məsələn, dostumuz İsmayıllıya maşının baqajında gedib. Müşviqdən İsmayıllıya qədər dörd maşın dəyişdik. Amma iki nəfər olsaydıq, daha rahat gedərdik. Bu addımı atmaq istəyənlər qətiyyən qorxmasınlar, sadəcə tədarüklərini götürsünlər ki, yolda qalanda aclıqdan, susuzluqdan əziyyət çəkməsinlər. Ən vacibi odur ki, gedəcəyiniz yerin iqliminə uyğun özünüzlə geyim və ya digər lazımi əşyalar götürəsiniz. Bir də özünüz əvvəldən müəyyən edirsiniz ki, çadırda qalacaqsınız, yoxsa oteldə və ya hosteldə”.

“Bəzi insanlar bunu qaraçılıq kimi düşünürlər. Əslində isə belə deyil. Məqsəd odur ki, insanlar çətin situasiyalarda yolda qalmasınlar. Bunu genişləndirmək lazımdır. Çünki əksər dünya ölkələrində var. Sürücülər də düşünməlidirlər ki, hər yol kənarında dayanan insan qaraçı və ya küçə qadını deyil. Bu baxışı dəyişmək lazımdır”.

 

Unudulmaz səfər

Bir çox ölkələri səyahət edən Əli deyir ki, Şuşa səfəri həyatının ən unudulmaz səfəri olub: “Çox ölkələrdə olmuşam. Amma Şuşada keçirdiyim həyəcan tam başqa idi. İşimlə bağlı oraya getmişdim. Şuşa hər bir azərbaycanlının arzuladığı bir məkandır. Bütün Qarabağ bizim üçün əzizdir, amma Şuşa biz azərbaycanlılar üçün müqəddəs bir yerdir. Oraya gedəndə keçirdiyim hissləri sözlə ifadə edə bilmərəm”.

 

Qadınlar üçün daha maraqlı gəlir

Söhbətimizi Nigar Sultanova ilə davam edirik. Nigar sosial mediada ən populyar səyahət səhifələrindən olan “Səyyar Əlfəcin”in yaradıcısıdır: “Öncə bir sosial layihə ilə başladıq. Ucqar kəndlərə gedirdik. Həmin layihə ilə ucqar kəndlərdə olan məktəbli uşaqlara yardım aparırdıq. Bu işi sevməyə başladım və turlar təşkil etdim. Bu, sırf komandadır. Yəni “travel” deyil. Komandamıza ilk qoşulanlar xanımlar oldu. Xanımlar çox rahat gəlirlər bizim komandamıza. Çünki başqa turlarda xanımlar üçün problemlər olur, amma bizim komandamızda hansısa problemin yaranmasına imkan vermirəm”.

Nigar da Əli ilə birlikdə avtostopla ölkəmizi qarış-qarış gəzir: “Avtostopa gəldikdə isə mən İsmayıllıda, Lənkəranda kənddən-kəndə avtostop edirdim. Bakıdan rayona heç vaxt etməmişdim. Bu işə Əli ilə başladıq. Həqiqətən, Bakıdan İsmayıllıya 0 manatla gedib-qayıtdıq. 10 qəpik pulumuz var idi. Onu belə, xərcləmədik”.

Utanmırsan, yad kişilərin maşınına minirsən?

Həmsöhbətimiz təəssüflə qeyd edir ki, Azərbaycanda avtostop olan xanımlara münasibət heç də yaxşı deyil: “O saat düşünürlər ki, yəqin ki, bu küçə qadınıdır. Düşünürlər ki, yəqin ki, bu qadının əxlaqında problem var ki, o hər yoldan keçənin maşınına minir. Əslində baxsaq, taksiyə də minirik. O da hansısa yad kişinin maşınıdır. Bir fərq var, biri pulludur, digəri pulsuz. Onda taksilərə minməyək ki, yad kişinin maşınıdır”.

Səyyah xanımın ailəsi də onun bu addımına qarşıdır: “Ailəmiz də bunu qəbul etmir. Əvvəllər gizlin gedirdim. Sonra biləndə xeyli danladılar məni. Deyirlər, utanmırsan, yad kişilərin maşınına minirsən?”

“Dəfələrlə olub ki, getmişik rayonlara, bizi qonaq qəbul ediblər, orada qalmışıq. Qadınlar bu barədə kişilərdən daha şanslıdırlar”, – deyir Sultanova.

“Kişiləri adətən çətin götürürlər. Amma qadın görəndə onu mütləq evlərinə dəvət edirlər. Həmişə pafosla deyirik ki, Azərbaycan qonaqpərvər ölkədir. Doğrudur, qonaqpərvərlər çoxdur. Amma istisnalar da var. Bir dəfə İsmayıllıda təndirdə çörək yapırdılar. İstədik, bizə çörək vermədilər. Əslində avtostop vasitəsi ilə onların yaşayış tərzlərini daha yaxından görmüş oluruq”.

 

Qızıl kimi məsləhətlər

Həmsöbətimiz avtostopla səyahət etmək istəyənlərə öz məslətlərini verib: “İsmayıllı rayonunun Lahıc kəndinə gedəndə bir marşrut avtobusu var idi, boş idi. Saxladı, amma aparmadı. Avtostopla səyahət etmək istəyirsənsə, rahatlığını unutmalısan və başına gələcək macəralara hazır olmalısan. Ən əsası yol yoldaşın gülərüz olsun, kaprizli olmasın. Ona görə də yol gedəcəyiniz insanı tanımağınız, xasiyyətinə bələd olmağınız şərtdir ki, yolda qanınız qaralmasın”.

“Öncə Azərbaycanın rayonlarını qarış-qarış gəzmək istəyirəm. Ondan sonra dünya ölkələrinə çıxmaq istəyirəm. Avtostopla İsmayıllı, Qəbələ, Quba, Lənkəranda olmuşuq. Ən çətinlik çəkdiyimiz bölgə Şəki oldu. Şəkidə heç vaxt maşın saxlamırlar. Bizim üçün ən rahat yer Lənkəran oldu”, – deyə N.Sultanova gələcəyin avtostoplarına son bir ipucu da verdi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir