goz

Gözdən əlilliyi yaradan səbəblər və ya göz çıxaran qohum evliliyi

Baxış sayı: 1. 490

“Son illər qohum evlilikləri nəticəsində gözdən əlillik artır. Bu gün Azərbaycanda 40 minə yaxın gözdən əlil var”. APA-nın xəbərinə görə, bunu Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri Səmyar Abdullayev deyib.

O bildirib ki, gözdən əlillərdən 8 minə yaxını uşaqdır: “Bir çox ölkələrlə müqayisədə bu göstərici aşağıdır, lakin bununla kifayətlənməyib, mütəmadi tədbirlər görmək lazımdır. Gözdən əlilliyin əsas səbəblərindən biri qohum evliliyidir. Qohum evlilikləri 90-95 faiz hallarda əlilliklə nəticələnir. Bunun nəticəsində son illər Azərbaycanda da gözdən əlillik ildən-ilə artır. Son illər bütün dünya ölkələrində ekoloji tarazlığın pozulması, atmosferin çirklənməsi, insanların həyat tərzi onların sinir sisteminə təsir edir və nəticədə görmə problemləri yaranır. Ümumilikdə bu gün dünyada 500 milyondan çox insan görmə xəstəliklərindən əziyyət çəkir”.

 

Biz də gözdən əlilliyi yaradan səbəbləri və bunun müalicəsinin olub olmadığını öyrənməyə çalışdıq.

Həkim oftolmaloq Günay Əliyeva bildirir ki, bu bütün dünyanın problemidir: “Məndə konkret statistik göstəricilər yoxdur. Amma onu deyə bilərəm ki, bu xəstəliklə bağlı müraciət edənlərin sayı çoxdur. Və əvvəlki illərə nisbətən bu xəstəliyin yaşı cavanlaşıb. Görmə itiliyinin azalması, dərəcələrindən asılı olaraq görmə qabiliyyətinin aşağı düşməsi gözdən əlilliyə aiddir. Ümumi götürdükdə isə, gözdən əlilliyin əmələ gəlməsinə səbəb göz xəstəlikləridir. Hazırda ən çox rast gəlinən şəkər xəstəliyi, yəni diabetik retinopatiya nəticəsində yaranan gözdən əlillikdir. Şəkər xəstələrinin vaxtlı-vaxtından oftolmaloq müayinəsindən keçməməsi, lazımı müalicəni qəbul etməməsi və ümumiyyətlə bədənlərində şəkərin nəzarətsiz olması göz damarlarında partlamaya, qansızmaya səbəb olur ki, bu da gözdən əlilliyə gətirib çıxarır. Bu tək bizim ölkədə deyil, bütün dünyanın ciddi problemidir. Bunun digər bir səbəbi isə, profilaktik olaraq müayinələrin həyata keçirilməməsi, insanların ancaq xəstələnəndə həkimə müraciət etmələridir”.

Müsahibimizdən gözdən əlilliyin bir müalicəsi olub-olmadığını soruşduq: “Bu, əlliliyin yaranma səbəbinə baxır. Məsələn, insan katarakta, yəni mirvari suyuna görə görmə qabiliyyətini itiribsə, biz onu müalicə edə bilirik. Yox əgər göz dibində geriyə qaytarılması mümkün olmayan dəyişikliklər baş veribsə, təəssüf ki, bunun tam müalicəsi yoxdur. Yəni gözdəki problemi ən son həddə gətirib çıxarmadan həkim müayinəsinə getmək lazımdır. Bu, baş verə biləcək problemin qarşısını almağa kömək edir”.

Həkim gözdən əlilliyin yaranmasında qohum evliliklərinin də rolunun böyük olduğunu deyir: “Qohum evlilikləri nəticəsində baş verən anadangəlmə torlu qişa, buynuz qişa xəstəlikləri, katarakta irisi keçən xəstəliklərdir. Hətta valideynlərdən birinin belə nəslində bu problem olubsa, yeni doğulan uşaqda bu xəstəliklərin olma riski böyükdür. Ona görə də qohum evliliyindən yaranan bu kimi xəstəliklər nəticəsində insan ya görmə qabiliyyətini tamamilə itirir, ya da çox aşağı səviyyədə görə bilir. Müxtəlif xromosom xəstəlikləri var ki, onlar genetik olaraq keçirlər. Və bunların gözə də təsiri olur. Bunların qarşısını almaq üçün insanlar arasında maarifləndirmə işi aparılmalıdır”.

Oftolmaloq cərrah Qəmər Əliyeva deyir ki, gözdən əlilliyin bir neçə səbəbi ola bilər: “Gözdən əlillik böyük bir problemdir. Bunun bir sıra səbəblərdən yaranması mümkündür. Travmadan sonra yarana, hər hansı bir xəstəliklə bağlı və anadangəlmə ola bilər. Qohum evliliyi sadəcə həmin səbəblərdən biridir. Amma Azərbaycanda qohum evliliyindən əmələ gələn xəstəliklər digər ölkələrə nisbətən daha çoxdur. Statistikaya görə, ana tərəfdən olan qohum evliliklərində, yəni xala qızı və xala oğlu, dayı qızı və dayı oğlu nikahlarında bu cür  məqamlara daha çox rast gəlirik. Qohum evlilikləri regionlarda üstünlük təşkil edir. Ona görə də, hazırda qohum evliliklərindən yaranan xəstəliklər bölgələrdə daha çox yayılıb”.

Müsahibimiz son dövrlər göz zəifləməsindən şikayət edən insanların sayının artdığını deyir: “Bunun iki səbəbi var. Əvvəllər insanlar profilaktik olaraq göz müayinəsinə getmirdilər. Ona görə də, hər hansı bir göz xəstəliyini və ya zəifləməsini insan bilmədən keçirirdi. Və statistikaya əsaslanan bir rəqəm olmurdu. Amma son illərdə daha sıx yoxlanışlar olduğu və valideynlər uşaqlarına daha diqqətli yanaşdıqları üçün göz zəifləməsi ilə müraciət edənlər çoxluq təşkil edir. Görmə zəifliyi ancaq kompüterə və telefona, televizora baxmaqla əlaqəli deyil. Oturaq həyat keçirən, oksigendən uzaq olan insanlarda da bu problem yaranır. Mütləqdir ki, insan gündə heç olmasa bir saat açıq havada olsun. Məsləhət görərdim ki, dəniz məhsulları, ümumiyyətlə A vitamin tərkibli qidaları çox qəbul etsinlər. Və yaxşı olardı ki, yaşından asılı olmayaraq, hər kəs gün eynəyindən daha çox istifadə etsin”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir