Samire Mecidova

Həkim-kosmetoloq: “Elə xanımlar var ki, üzlərini, ümumiyyətlə, yumurlar, bunu çiməndən-çimənə edirlər”

Baxış sayı: 1. 494

Müasir xanımlar arasında inyeksiyalı və aparat kosmetologiyasına meyl edənlər artmaqdadır. Estetik prosedurlar vasitəsilə xanımlar dərisinin itirilmiş təravətini qaytarır, bir sıra dəri xəstəliklərindən, kompleks yaradan qırış və qüsurlardan qurtulur. Lakin qeyri-peşəkarların əlində bu vasitələr əks effekt verir.

Kosmetoloji prosedurların müsbət və gizli qalan tərəfləriylə bağlı “VIP Style estetik klinikası”nın baş həkim-kosmetoloqu Samirə Məcidovanın müsahibəsini təqdim edirik.

 

– Müasir zamanda xanımlar estetik prosedurlara çox böyük həvəs duyurlar. Bunun səbəbini nədə görürsüz?

– Bu gün xanımlarımız özlərini daha çox sosiallaşmış görmək istəyirlər. Sosial mühit də xanımlarımızdan bunu tələb edir ki, onlar daha baxımlı olsunlar. Sosial həyatda fəal olmaqdan əlavə xanımlarımızın ailə üzvləri də onları gözəl görmək istəyir. Həm də müasir zamanda kosmetologiya xeyli inkişaf edib, bu sahədə müxtəlif, yeni-yeni xidmətlər təklif olunmaqdadır. Bu xidmətlərin müsbət nəticəsi də xanımların kosmetik prosedurlara marağını artırır.

– Yaydan sonra dərimiz təravətini, parlaqlığını itirir. Payızda hansı kosmetoloji prosedurlar aktualdır?

– Sözsüz ki, payızda dərimiz xüsusi qayğıya ehtiyac duyur. Yayda dərimiz günəş şüalarının ultrabənəövşəyi şüalarına məruz qalır, bu da dərinin daha tez qocalmasına, ləkələnməsinə gətirib çıxarır. Bütün bunları aradan qaldırmaq üçün dərinin nəmləndirilməsi, təmizlənməsi tələb olunur. Bu zaman kosmetoloji prosedurlar bizim köməyimizə gəlir. Dərinin təmizlənməsi üçün pilinqlərdən istifadə edirik. Əsasən yüngül pilinqlərdən istifadə olunmalıdır. Dərin pilinqlərdən, aqressiv pilinqlərdən çox az halda, göstəriş olduqda, ya da həddindən artıq yaşlı dəridə, melazmalı dərilərdə tətbiq edirik. Amma səthi almaz pilinq, ultrasəs pilinqləri həftəlik olaraq xanımlara tətbiq edərək çox gözəl nəticələr əldə edə bilərik. Ən gözəl piliqlərdən biri maye qaz pilinqidir. Bu, tamamilə kontaktsız bir pilinqdir. Yüksək sıxlaşdırılmış mayenin, qazın dəriyə birbaşa təsiridir. Bunun nəticəsində dəri ölmüş hüceyrələrdən azad olur, təmizlənir, dəri yenilənməsi prosesi aktivləşir. Bu da dərinin ləkələnməsi zamanı çox yaxşı effekt göstərir. Dərinin rəngi istər-istəməz üst təbəqə təmizləndiyinə görə açılır, həm də dəridə melanin piqmentinin sintezi normallaşır. Nəzərə almaq lazımdır ki, günəş şüalarının təsiri altında melanin sintezi pozulur, dərinin ayrı-ayrı hissələrində melanin yığılır, bu da ləkələrin əmələ gəlməsinə səbəb olur. Bu prosedur zamanı melanin sintezinin normallaşması nəticəsində ləkələr keçir. Maye qaz pilinqi həm də xanımların çox sevdiyi bir prosedurdur.

Pilinqlər dəridə məsamələrin genişlənməsini də minimuma endirir. Bu yolla məsamələri təmizləyir və onları yığırıq.

Dərini təmizlədikdən sonra biz mezoterapiya tətbiq edirik. Mezoterapiyanı müxtəlif yollarla edə bilərik. İnyeksiyalı yolla və aparat metodu ilə. İnyeksiyalı mezoterapiya bir qədər ağrılı metoddur. Bu zaman dəriyə lazım olan maddələr iynə ilə yeridilir. Bu, xanımlarımıza bir qədər diskomfort, ağrı hissi gətirir, bəzən göyərmələr olur. Bu kimi hallarla rastlaşmamaq üçün maddələr xüsusi olaraq elektroporasiya aparatı vasitəsilə dəriyə yeridilir. Başqa sözlə, aparat üsulu – iynəsiz mezoterapiyadır.

– Xanımlarımızı narahat edən digər problem dəri sallanmalarıdır. Bununla bağlı mübarizədə qalib gələ bilərlərmi?

– Dəri sallanmalarını aradan götürmək üçün biz “RF liftinq” üsulundan istifadə edirik. Bu, çox aktualdır və rahat üsuldur. Bu prosedur vasitəsilə dəriyə lazım olan maddələri də yeridə bilirik. Digər gözəl kosmetoloji prosedurlardan biri “Bio oksigen”dir. Bu prosedur zamanı xüsusi cihaz vasitəsilə dəriyə oksigen yeridilir. Prosedur zamanı epidermal, dermal qat oksigenlə zənginləşir, dərinin rəngi açılır. Qan dövranı aktivləşir, toxumaların, hüceyrələrin mikroelementlərlə qidalanması daha da güclənir. Bu cür proseslər getdiyindən dəri öz zəifləmiş funksiyalarını bərpa edir, daha da cavanlaşır, gözəlləşir. Dərinin rəngi açılır, dəri dərindən nəmləndirilir, ləkələr keçir, dəri qidalanır. Bu prosedur pilinqdən sonra edilir.

– Müasir kosmetoloji prosedurlar vasitəsilə qırışların açılması mümkündürmü?

– Qırışlarla mübarizə aparmaq öz əlimizdədir. Dəridəki qırışlara qarşı aparatlar, həm də inyeksiyalı metodlar tətbiq edirik. İnyeksiyalı prosedurlar arasında biorevitalizasiya, plazmoterapiya metodlarını göstərə bilərik. Bu prosedurlar həm dərinin qidalanması, eləcə də qırışlarla mübarizədə böyük effektlər verir.

Biorevitalizasiya zamanı dəriyə hialuron turşusu yeridilir. Kollagen və elastin sintezi dərinin nəmlənməsinə xidmət edir. Plazmoterapiya da qırışların açılmasında müsbət nəticələr verir.

– İnyeksiyalı kosmetologiyanın, botoksun hansı fəsadları var?

– Dəriyə qulluq elə olmalıdır ki, bizim botoksa heç bir etiyacımız qalmasın. Botoksu digər kosmetoloji prosedurlar effekt vermədikdə tətbiq edirik. Müasir zamanda aparat kosmetologiyasında elə prosedurlar var ki, heç botoksa, dolğulara ehtiyac qalmır. Bəzən elə olur ki, botulotoksindən biz profilaktik məqsədlərlə istifadə edirik. Fəal mimik qırışları olan xanımlara biz botulotoksinlərdən profilaktik məqsədlərlə problemli nahiyələrə aşağı dozalarda vura bilərik. Hər şeyin öz qədəri var. Heç nəyin həddini aşmaq lazım deyil.

Onu da əlavə edim ki, xanımlarımız botoks və ya dolğu vurdurmaqdan qorxmaqda tamamilə haqlıdırlar. Çünki bizdə, artıq bu prosedurların necə aparıldığı bilinmir. İnyeksiyalı kosmetologiya haqqında çox vaxt mənfi fikirlər ona görə yayılır ki, bu, bizdə bir çox hallarda professionallar tərəfindən aparılmır və məhz buna görə bir sıra fəsadlarla rastlaşırıq. Keyfiyyətsiz preparatlarla işlədikdə, qeyri-peşəkarlara müraciət etdikdə belə şeylər olur. Yaxşısı budur ki, xanımlar botoks və dolğu etdirməyə tələsməsinlər. Evdə dəriyə düzgün qulluğun da önəmi böyükdür. Dərilərini yuyaraq təmizləməyi, nəmləndirici vasitələr sürtməyi, kifayət qədər su içməyi, maskalardan istifadə etməyi unutmasınlar. Elə xanımlar da var ki, üzlərini ümumiyyətlə, yumurlar. Çiməndən çimənə bunu edirlər. Bu, yanlışdır, dərinin təmizlənməyə, suya ehtiyacı var. Dəriyə evdə qulluq effektli olsa da, zaman keçdikcə, bu tədbirlər effektini itirir. Bu səbəbdən müasir aparat və inyeksiyalı kosmetologiya işimizə çox yarayır. Kosmetoloji prosedurların aparılmasına hər yaşda ehtiyac duyulsa da, yaşlanmaya qarşı olan metodları 25-26 yaşdan tez etmək məsləhət olunmur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir