dogum

“Hal anası”nın apardığı analar… – ARAŞDIRMA

Baxış sayı: 1. 290

Kəndimizdə çoxuşaqlı ailə vardı, uşaqların yarısının anası rəhmətə getmişdi – öz sonbeşiyini dünyaya gətirəndə. Elə həmin uşağa anasının adını qoymuşdular – Gülgəz. Nənəm deyirdi ki, Gülgəzi doğuşdan sonra hal anası aparıb. Guya anaya doğuşdan sonra yatmaq olmaz, onda onu “hal anası” aparır, yəni qadın ölür. Uşaq vaxtı bu deyimə çox inanırdım, lakin illər keçdikcə, dünyagörüşüm artdıqca doğuşdan sonrakı ölümlərin ən müxtəlif səbəblərinin olduğunu anladım. Nənəmin zamanında kəndimizdə belə bir hadisə olmasına baxmayaraq, şükürlər olsun ki, bizim zamanımızda onun təkrarı baş verməyib. Problemli qadınlar, ağır doğuşlar olsa da, ölüm halı olmayıb. Görünür, tibb inkişaf etdikcə, “hal anası” öz gücünü itirir. Tibbin inkişaf göstəricilərindən biri də qeysəriyyə əməliyyatıdır, desək, yanılmarıq. Ötənlərdə problemli doğuşlar daha çox ananın, yaxud uşağın ölümü ilə, ən yaxşı halda isə birinin şikəst olması ilə nəticələnirdisə, indi bu cür çətin vəziyyətlərdə ana və uşağın köməyinə cərrah gəlir. Lakin son vaxtlar “Qeysəriyyə əməliyyatı qadını qocaldır”, “Qeysəriyyə əməliyyatı uşağın gələcəyi üçün ziyanlıdır” və s. bu kimi ifadələrlə tez-tez rastlaşırıq. Həmçinin bu üsulla ana olmağın çoxalması barədə fikirləri də tez-tez eşidirik. Doğrudanmı qeysəriyyə əməliyyatı təhlükəli üsuldur? Bunun ana və uşağa nə kimi ziyanları var? Bu üsul son vaxtlar niyə çox yayılıb? Suallara cavab axtarmazdan əvvəl qeysəriyyə əməliyyatının tarixinə nəzər salaq.

 

Qeysəriyyə əməliyyatı nədir?

Qeysəriyyə – dölün və sonluğun uşaqlıqdan onun divarını kəsməklə çıxarılması, yəni təbii doğuş prosesinə cərrahi müdaxilə deməkdir. Latınca “sektio saesarea” kimi səslənən bu ifadəni qədim Roma imperatoru Qay Yuli Sezarın adıyla bağlayan versiya Roma tarixçisi Plininin tarixi əsərlərində təsdiq olunub. Daha bir versiyada isə qeysəriyyənin kökü daha uzaqlara gedərək, qədim yunan mifologiyasına dayanır. Mifologiyaya görə, Dionis və Eskulap ölmüş analarının – Selema və Kornidanın bətnindən bu yolla çıxarılıblar. Eramızdan əvvəl 7-ci əsrdə isə Roma imperatoru Numa Pompilius ölmüş ananı qarnındakı uşağı çıxarmadan basdırmağı qadağan edən qanun verib ki, bu qanun əksər Avropa ölkələrində hələ də işləyir. İlk dəfə qeysəriyyə əməliyyatını dürüst şəkildə 1610-cu ildə Vittenburqlu cərrah İtrautmann həyata keçirib. 1756-cı ildə isə Rusiyada bu əməliyyata müraciət olunub. Bu əməliyyatın elmi-tarixi əsası 1581-ci ildə qoyularaq ilk monoqrafiya yazılıb.

Qeysəriyyə əməliyyatı zamanı əvvəlcə qarının üst divarı – dəri, piy və toxumalar kəsilir. Bundan sonra isə uşaqlığın divarı şaquli və ya üfuqi istiqamətdə kəsilərək, döl çıxarılır. Bu üsul, adətən, ciddi ehtiyac yarandıqda, ananın və uşağın həyatını xilas etmək üçün həyata keçirilib. Əməliyyata dölün köndələn və ya çanaq gəlişi vəziyyətində, çanaq dar, uşağın başı böyük olduqda və ananın doğuş fəaliyyətinin zəif olması zamanı yol verilir. Qeyd edək ki, hazırda beynəlxalq səhiyyə təşkilatları, xüsusilə Ümumdünya Səhiyyə Təşkilatı yalnız ciddi və əsaslı tibbi göstəriş olarsa, qeysəriyyəyə müraciət etməyin mümkünlüyünü vurğulayır. ÜST həmçinin hər hansı bir ölkədə qeysəriyyənin ümumi doğuşun 15 faizindən yuxarı olmasını normal hal saymır.

Azərbaycanda da qeysəriyyəyə müraciət edənlərin sayı xeyli çoxdur. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, 2012-ci ildə ölkə üzrə 173 min doğuş reallaşıb ki, bunun da 18 faizi qeysəriyyə əməliyyatı ilə baş tutub. Araşdırmalar göstərir ki, Azərbaycanda qeysəriyyə əməliyyatı heç də həmişə tibbi göstərişlə, əvvəlcədən müəyyən edilmiş diaqnozla, yaxud da ananın və uşağın həyatını xilas etmək məqsədilə həyata keçirilmir. Burada məsələnin bir tərəfi anaların ağrıdan qaçmaq, bədən quruluşunu qorumaq və s. istəkləri ilə bağlıdırsa, ikinci tərəf akuşer-həkimlərin məsuliyyətdən yayınmaq istəklərinə və maddi amillərə dayanır. Hazırda özəl klinikalarda təbii doğuş 400-500, bəzən də 600 manata başa gəlirsə, qeysəriyyə əməliyyatı üçün minimum 1000-1200 manat tələb olunur.

 

Həkim-ginekoloq: “Zərurət olmadığı təqdirdə qeysəriyyə əməliyyatı məsləhət deyil”

Həkim-ginekoloq Aygun Məmmədova hesab edir ki, bu məsələ tibdən çox cəmiyyətin problemidir: “Digər cərrahi müdaxilələr kimi, qeysər kəsiminin də müəyyən riskləri var. Lakin demək olmaz ki, bu risklər təbii doğuş zamanı olan risklərdən daha çoxdur, daha ciddidir. Əgər ana hamiləlik zamanı hər hansı problem yaşayıbsa, yaxud qadın ilk dəfə ana olursa və bu zaman onun yaşı 30-dan çoxdursa, onda doğuş daha təhlükəlidir – həm ana, həm də uşaq üçün. Son vaxtlar adətən həkimlər belə hallarda qeysəriyyəni məsləhət görürlər. Lakin yenə də seçim könüllüdür və ana övladını hansı yolla dünyaya gətirməyi özü müəyyən edir. Qeysəriyyə əməliyyatının çoxalmasının bir ciddi səbəbi, yuxarıda da qeyd etdiyim kimi, qızların gec ailə qurmasıdır”. A.Məmmədovanın sözlərinə görə, qeysəriyyə əməliyyatının üstün cəhətlərindən biri odur ki, bu zaman uşağın travma almaq ehtimalı çox azdır, demək olar ki, yoxdur.

Əməliyyatla dünyaya gələn uşaqların səhhətində sonradan problemlər yaranmasına gəlincə, Aygün həkim deyilənlərlə razılaşmır. Bildirir ki, o problemlərin səbəbi qeysəriyyə əməliyyatı yox, ondan sonrakı baxımdır: “Bildiyiniz kimi, qeysəriyyə əməliyyatı normal doğuş vaxtından 2 həftə əvvəl həyata keçirilir. Bu, o deməkdir ki, bu üsulla dünyaya gələn uşağın 2 həftə xüsusi baxıma ehtiyacı var. Lakin çox təəssüflər olsun ki, bizim xəstəxanalarda ana və uşağı maksimum 5 gün saxlayırlar. Problemin kökü bax, bundadır. Yəni qeysəriyyə əməliyyatı ilə dünyaya gələn uşaqların sonrakı problemləri qeysər kəsiminin deyil, bir çox həkimlərin və xəstəxanaların məsuliyyətsizliyinin nəticəsidir”.

 

Bəs hansı hallarda qeysəriyyə əməliyyatı məsləhət görülməlidir?

Həmsöhbətimizin sözlərinə görə, indiki zamanda peşəkar mamalar çox az olduğundan son vaxtlar qeysəriyyəyə müraciət edən xanımların sayı artıb: “Əvvəlki illərlə müqayisədə indi gələcək analar çox araşdırırlar, daha peşəkar mamalara üz tutmaq istəyirlər. Lakin çox təəssüflər olsun ki, indi beləsi azdır. Qeysəriyyənin hansı hallarda məsləhət görülməsinə gəlincə, bu daha çox o zaman ola bilər ki, uşağın çəkisi böyük, anada çanaq sümükləri xırda olsun. Anada təzyiq xəstəliyinin olması, ananın yaşının çoxluğu da qeysəriyyəni arzuolunan edən amillərdir. Daha sonra anada ağır anemiya olarsa, bu zaman normal doğuş xeyli çətinləşir. Vərəmdən və ya bronxial astmadan əziyyət çəkən, müəyyən növ ifliclər keçirən qadınlar mütləq qeysəriyyə əməliyyatı olunmalıdır. Birinci hamiləlikdə qeysəriyyə əməliyyatı olunubsa, ikinci və üçüncü də mütləq əməliyyatla olmalıdır. Bu əməliyyatdan yalnız 1,5-2 il keçdikdən sonra növbəti hamiləlik mümkündür. Mən qeysəriyyə əməliyyatının əleyhinə olmasam da, sadalanan problemlər olmadığı təqdirdə gələcək analara bu üsula əl atmağı məsləhət görmürəm”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir