hoteller

Halal tətil nədir və Azərbaycanda halal hotellər varmı?

Baxış sayı: 1. 477
Bu günlərdə Türkiyənin hansı saytını, televiziya kanalını açsan, bu sayaq elanla qarşılaşmaq mümkündür: “Halal tətil üçün bizə müraciət edin”, “İslami tətil yapmaq istəyənlər üçün endirimli fürsət”… Türkiyə üçün bu, artıq adiləşmiş tətil növüdür. Ölkədə inanclı kəsimin  gündən-günə artması turizmdə də onlar üçün seçimlər yaradılmasına səbəb olub. Əslində isə bu, turizmin inkişaf etdiyi bütün ölkələr üçün  keçərlidir.
Türkiyədə yeni konsepsiya- İslami hotellər
“Yeni Müsavat” da mövzunun aktuallığını nəzərə alıb, onun detallarını araşdırdı. Əsasən Türkiyə saytlarında apardığımız gəzişmələr bu tətilin incə detallarını üzə çıxardı. Beləliklə, halal tətil nədir? Turizm industriyasında bu, yeni anlayış, termin sayılır. İslami inanca və qaydalara uyğun şəkildə tətil keçirmək istəyənlər üçün ortaya çıxıb. Bu cür hotellərdə və tətil müəssisələrində qadınlar və kişilər üçün ayrı hovuz və çimərliklər olur. Spa mərkəzləri də qadınlara və kişilərə görə ayrılır. Alkoqollu içkilər verilmir. Bütün qida və əşyalar halal standartlarına uyğun istehsal olunur. Ramazan ayında müştərilər üçün orucdan sonra dənizdən istifadə etmələri üçün çimərliklər işıqlandırılır.
Ancaq bu qədərmi? Bəzi tətil müəssisələrində qadınlara özəl, bayırdan görünməyəcək formada hazırlanmış çimərliklər də var. Amma bir çox yerdə islami qaydalara uyğun geyimlərlə qarışıq çimərliklər də var. Bütün bu yerlərdə qonaqların ibadətlərini yerinə yetirmələri üçün məscidlər də var.
İslami hotellər Türkiyədə yeni konsepsiya sayılsa da, sürətlə yayılır. Dünyada bu sayaq hotellərin sayı 400 olsa da, Türkiyədə bu rəqəm 150-ni ötmür. Türkiyədə İlk belə hotel 1995-ci ildə açılıb. Əvvəllər ölkə xaricində yaşayan türk ailələr üçün nəzərdə tutulan hotellər artıq yerli camaatı da cəlb edir. Yuxarıda da qeyd etdiyimiz kimi, səbəb ölkədə dini kəsimin sürətlə atmasıdır.
Bu sayaq hotellərdə qadınlar bikini və ya mayo tərzindəki bədənin bəzi yerlərini göstərən çimərlik geyimlərindən istifadə etmir. Onlar haşema adlanan, inanclı qadınlar üçün nəzərdə tutulan çimərlik geyimi geyinirlər. Ailənin qadın və kişi üzvlərinin birlikdə istirahət etdiyi qarışıq çimərliklərlə yanaşı, sırf qadınlar üçün, bayırdan görünməyəcək şəkildə hasarlanmış çimərliklər də tikilib. Qadınlar onlar üçün hazırlanan qapalı çimərliklərdə geyimlə bağlı hər hansı qayda-qanuna əməl etmək məcburiyyətində deyillər. Yəni əgər bu çimərlik sırf inanclı qadınlar üçündürsə və kənardan da görünmürsə, onlar bikini və ya mayodan istifadə edə bilirlər.
Bu hotellərdə əyləncələr də islamidir, mühafizəkarlıq qorunur 
Əgər tətildən danışırıqsa, əyləncəni də unutmamalıyıq. Kim deyir ki, inanclı insanlar əylənmirlər? Amma islami hotellərdə həyata keçirilən bütün əyləncə tədbirləri islami qaydalara, əxlaqi dəyərlərə  uyğundur, mühafizəkarlığını qoruyur. İnanca uyğunluğuna görə də bu hotellərdə keçirilən tətillər “halal tətil” adını qazanır.
Bundan başqa, bütün əyləncələr də namaz saatları nəzərə alınmaqla keçirilir. Yəni müştəri həm əyləncəsindən, həm də dini borcundan qalmır.
Türkiyədəki statistik məlumatlara görə, hazırda Çeşmə bölgəsi islami tətilin ən populyar olduğu turizm bölgəsidir. Çünki burda sözügedən təyinat üzrə 7 hotel fəaliyyət göstərir. Nevşehir, Bodrum, Afyon, Selçuk, Kumluca, Fethiye, Side, Didim, Ankara, İstanbul, Altınoluk, Kuşadası, Kütahya, Şile, Manyas, Kaş, Erdek, Denizli, Akçakoca, Sakarya, Kerpe, Kartepe, Edremit, Çanakkale, Uludağ və Anamur da siyahıda özünə yer tapan bölgələrdəndir. Bu hotellər öz iş prinsiplərini təsdiqləmək üçün halal turizm sertifikatı almalıdılar. Türkiyədə halal tətil seçən müştərilərin böyük əksəriyyətini yerli turistlər təşkil etsə də, Danimarka, Fransa, Almaniya kimi Avropa və ərəb ölkələrindən də gələn müştərilər olur. Bu müştərilərin bir gecə üçün ödədiyi məbləğ 35-500 dollar arasında dəyişir. Təbii ki, hotelin ulduzlarının sayı, orda müştəriyə verilən xidmət və seçimlər də qiymətdə mühüm rol oynayır.
 
Amerikan jurnalist islami tətil barədə: “AKP-nin iqtidarı nəticəsində….”
İnanclı kəsim bu cür hotellərdə istirahət etmək üçün islamitatilyerleri.net saytına müraciət edərək, seçimlərlə tanış ola bilir. Burada həmin hotellərin fotoları, özəllikləri, verdikləri xidmətlər barədə geniş məlumat yer alır. Halal hotellər sektoru barədə “Amerikanın səsi” (VOA) radiosunda da maraqlı bir araşdırma yer alıb. Saytın müxbiri Dorian Jones yazıb ki, Türkiyədə halal hotellərin sayının artması ölkənin mühafizəkar kəsiminin daha imkanlı olması barədə fikirləri möhkəmləndirir.
Türkiyədə halal sertifikatı almış ilk hotel isə Antalyanın Alanya bölgəsindəki Adena hotelidir.
Hotel rəhbərliyi bildirir ki, Adenya hotelində əgər hər hansı bir yerdə qadınlar bölməsi yazılıbsa, “ora erkək ağcaqanad da girə bilməz”. Qadınlar üçün beş hovuz var. Hovuzlarda mahnı oxuyub rəqs edən qadınları görmək olur. Burdakı qadınlar adi çimərliklərdə qadınların geydiyi açıq çimərlik paltarları geyinirlər. Çünki yad göz olmadığından qapalı çimərlik paltarına  ehtiyac duymurlar. Bu hoteldə qapalı dəniz də var. Qumu Misirdən gətirilib. Sahil dənizə açılır, dəniz 5-10 metrəlikdir. Bəs dənizi necə, qapalıdır? Dənizin qarşısı iri yelkənlərlə kəsilib. Qadınlar rahat şəkildə dənizdə də çimirlər.
Azərbaycanda halal hotellər, islami tətil varmış…. həm də… 
Keçək Azərbaycana. Ölkəmizdə də inanclı kəsimin sayı az deyil və get-gedə artmaqdadır. Bizdə bu təyinatlı hotellər, tətil məkanları varmı? Mədəniyyət və Turizm Nazirliyindən fins.az-a verilən məlumata görə, Azərbaycanda hotellərlə bağlı rəsmi qaydada halal standartı tətbiq edilmir. Amma Bakıda bir neçə hotel var ki, rəsmi qaydada halal standartı olmasa da, özü təyin etdiyi qaydalar əsasında halal xidmətlər təklif edir.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir