Uşaq Serebral İflici (USİ) dünyada uşaqlar arasında hərəkət və duruş pozulmalarının ən çox rast gəlinən səbəblərindən biridir. Bir mütəxəssis olaraq hər gün bu uşaqların böyük potensialını və valideynlərin fədakarlığını görürəm. Bu məqalədə həm ana olmağa hazırlaşanlar üçün qoruyucu addımları, həm də USİ-li övladı olan ailələr üçün yol xəritəsini təqdim edirəm.
Ana olmağa hazırlaşanlar nələri bilməlidir? (Profilaktika)
USİ-nin bəzi səbəbləri hamiləlik və doğuş zamanı baş verən amillərlə bağlıdır. Riskləri minimuma endirmək üçün gələcək analara tövsiyələrimiz:
Hamiləlikdən öncə və hamiləlik zamanı müayinə: Gizli infeksiyalar (məsələn, toksoplazmoz, məxmərək, sitomeqalovirus) dölün beyin inkişafına təsir edə bilər. Hamiləlik planlaşdırılarkən bu infeksiyaların yoxlanılması şərtdir.
Xroniki xəstəliklərin nəzarətdə saxlanılması: Anada olan yüksək qan təzyiqi, şəkərli diabet və ya qalxanvari vəzi problemləri dölün oksigensiz qalma riskini artırır.
Erkən doğuşun qarşısının alınması: USİ risk qrupuna ən çox vaxtından əvvəl (erkən) doğulmuş və az çəkili körpələr daxildir. Hamiləlik dövründə həkim nəzarəti və stressdən uzaq durmaq erkən doğuş riskini azaldır.
Doğuş zamanı düzgün taktika: Doğuşun peşəkar tibb müəssisəsində, təcrübəli həkimlər tərəfindən idarə olunması körpənin doğuş travması və oksigen çatışmazlığı (asfiksiya) yaşamasının qarşısını alır.

USİ-li övladı olan valideynlər üçün yol xəritəsi
Əgər övladınıza USİ diaqnozu qoyulubsa, unutmayın: Bu bir son deyil, sadəcə fərqli bir həyat və inkişaf yoludur. Doğru yanaşma ilə bu uşaqlar inanılmaz uğurlar qazana bilərlər.
📍 Erkən müdaxilə həyat xilas edir
Uşaq beyni erkən yaşlarda (xüsusilə ilk 3 ildə) çox elastikdir (neyroplastiklik). Erkən başlanğıc reabilitasiya zədələnmiş beyin mərkəzlərinin funksiyalarını digər sağlam hüceyrələrin öhdəsinə götürməsinə kömək edir.
Böyüyər, keçər” deyib vaxt itirmək və ya reabilitasiyanı təxirə salmaq uşaqda bərpa olunması çətin olan fəsadlara yol açır. Müntəzəm məşğul olunmadıqda, oynaqlarda hərəkət məhdudiyyəti (kontrakturalar) yaranır, əzələlər getdikcə zəifləyir və bədəndə ciddi deformasiyalar (onurğa əyilmələri, çıxıqlar) baş verir. Ən əsası isə, zamanında müdaxilə edilməyən uşaq gələcəkdə tamamilə başqasından asılı vəziyyətə düşür və özünəqulluq bacarıqlarını itirir.

Kompleks yanaşma şərtdir
USİ-nin müalicəsi yalnız bir həkimlə bitmir. Burada multidissiplinar (çoxşaxəli) komanda işi lazımdır:
Nevroloq: Tibbi müalicə və tonusun tənzimlənməsi üçün.
Erqoterapevt (Okupasiya Terapevti): Uşağın gündəlik həyat bacarıqlarını (yemək yemək, geyinmək, oyun oynamaq) müstəqil şəkildə edə bilməsi üçün.
Fizioterapevt / Reabilitoloq: Düzgün duruş, yerimə və hərəkət bərpası üçün.
Refleksoterapevt və Sensor İnteqrasiya mütəxəssisi: Sinir sisteminin stimullaşdırılması və duyğusal qavrayışın artırılması üçün

Ev mühitinin uyğunlaşdırılması
Reabilitasiya mərkəzində keçirilən 1-2 saat kifayət deyil. Evdə uşağın sərbəst hərəkəti üçün şərait yaradılmalı, onun üçün xüsusi erqonomik masalar, stullar və dəstəkləyici vasitələr seçilməlidir. Uşağa “hər şeyi mən edim” prinsipi ilə deyil, “ona necə kömək edim ki, özü etsin” düşüncəsi ilə yanaşmaq lazımdır.
Bəli, planşet və telefonlar uşaqları sakitləşdirmək üçün asan yol görünə bilər, lakin USİ-li uşaqlarda passiv ekran qarşısında qalmaq həm sensor inkişafı ləngidir, həm də motor fəaliyyəti azaldır. Texnologiyadan yalnız inkişafetdirici oyunlar və ya xüsusi kommunikasiya proqramları üçün limitli şəkildə istifadə edilməlidir.

Mütəxəssis qeydi:
Əziz valideynlər, USİ müalicəsi səbir, zaman və sevgi tələb edən uzun bir marafondur. Övladınızı başqa uşaqlarla müqayisə etməyin. Onun bu gün etdiyi kiçik bir hərəkət, dünən edə bilmədiyi böyük bir uğurdur. Siz tək deyilsiniz, biz mütəxəssislər hər zaman sizin yanınızdayıq!
Könül Bağırova
Fizioterapist Reabilitoloq













































































































































































Bele usaqi olan aileler ucun faydali melumatlardi