toyuq

Toyuq əti seçərkən nəyə diqqət yetirməliyik?

Baxış sayı: 1. 717

Qiymətlərin artması ət və ət məhsullarından da yan keçməyib. Əvvəllər 7 manata satılan mal əti indi 8-9 manata satılır. Ətin bahalaşması insanların məcburən toyuq və quş ətinə üstünlük verməsinə səbəb olur.

Təbii ki, quş əti sağlamlıq üçün çox böyük əhəmiyyətə malikdir. Belə ki, 4-5 ayından sonra körpələrə, ağır xəstələrə, əməliyyatdan çıxmış xəstələrə toyuq bulyonu məsləhət görülür. Toyuq bulyonu sümükləri möhkəmləndirir, yaraları tez sağaldır, ümumiyyətlə, hüceyrələrin fəaliyyətini aktivləşdirir. Toyuq ətində kalori az olduğu üçün dietoloqlar tərəfindən arıqlama pəhrizlərində çox istifadə olunur. Amma söhbət təbii şəraitdə saxlanılan toyuqların ətindən gedir.

Toyuq əti bilinən markadan alınmalı və soyuducuya əlavə paketə keçirilərək qoyulmalıdır. Toyuq ətini soyuducuda açıq vəziyyətdə saxlamaq, onun üzərində olan bakteriyaların soyuducuda olan bütün qidalara yayılması deməkdir.

Qida mühəndisi Firidun Məmmədovun sözlərinə görə, uşağın sağlam olması, normal inkişaf etməsi üçün zülal qəbulu çox önəmlidir. “Yumurta və toyuq əti zülalla zəngin olduğu üçün uşaq üçün çox faydalıdır. Amma söhbət iynə-dərmansız böyüyən kənd toyuğundan gedir. Broyler toyuqlarının sağlamlıq üçün faydalı ola biləcəyini düşünə bilmirəm. Ümumiyyətlə, toyuq əti keyfiyyətini tez itirən məhsuldur. Saxlanma şərtlərinə riayət edilmədiyi təqdirdə keyfiyyətini itirib sağlamlıq üçün təhlükəli ola bilər. Buna görə də toyuq əti alarkən diqqətli olmaq lazımdır”.

Onun sözlərinə görə, toyuq əti zülalla zəngin olduğu üçün bakteriyaların törəməsi də tez həyata keçir. Toyuq ətinin üzərində yararlılıq müddəti qeyd edilsə də, daşınma və digər proseslər zamanı soyutma zəncirinin pozulması ağır xəstəliklərə və zəhərlənməyə səbəb ola bilər. Toyuq əti bişirildiyi gün yeyilməlidir.

ABŞ mütəxəssislərinin fikrincə, supermarektlərdə satılan hər 10 toyuqdan 6-sı potensial virus daşıyıcısıdır. Hesablamalara görə, bu virus hər il 500 min adamın sağlamlığına təsir edir və 100 min adamın ölümünə səbəb olur.

Keyfiyyətini itirmiş toyuq əti qidanın qəbulundan 2-3 gün sonra ortaya çıxır, bağırsaq sindromları, ishal, mədə sancıları, ürək bulanması, qızdırma və halsızlıqla özünü büruzə verir. Belə hallar ən çox hamilə qadınlar, uşaqlar, yaşlılar və immunitet sistemi zəifləmiş xərçəng xəstələrində daha özünü göstərir.

F.Məmmədov deyir ki, keyfiyyətini itirmiş toyuğun əti zəif, jele kimi olur. Bişirilən zaman qırmızıya çalır. Çalışmaq lazımdır ki, toyuq alanda kənd toyuğuna üstünlük verilsin. Kənd toyuğu süni yemlə deyil, təbii qidayla qidalandığından, əti vitamin və minerallarla zəngin olur.

Toyuq alarkən dərisinin açıq rəngdə və nəmli olmasına fikir vermək lazımdır. Toyuğun təzəliyi sinə ətinin dolğunluğundan və sinə sümüyünün elastikliyindən müəyyən edilə bilər.

Son zamanlar broyler toyuqlarının xüsusi maddələrlə şişirdilməsi də gündəmə gəlib. Baytar həkimi Müseyib Əkbərov deyir ki, belə hallar qaçılmazdır. Bəzi işbazlar bu üsullardan istifadə edirlər. “Bəzi işbazlar toyuq kəsildikdən sonra hormon şişirtməsindən istifadə etsə də, bəziləri toyuqların daha ağır olması üçün antibiotik dərmanlardan istifadə edir. Antibiotik dərmanlar sümüklərin inkişaf etməsinə mane olur və toyuq şişməyə başlayır. Buna görə də broyler toyuqları kənd toyuğu qədər ləzzətli deyil. Bir çox işbazlar toyuqları qaranlıq mühitlərdə əkinçilik dərmanları olan qidalarla qidalandırır. Nəticədə 45 günə 1-1,5 kq olmalı olan toyuq 25 günə 1 kq olur. Sümük inkişafı ləngiyir, ət artır və ətin bioloji tərkibi dəyişir”.

Bəzən çox antibiotik istifadə edildiyi zaman “bədəndə antibiotikə qarşı müqavimət yaranıb” deyirik. Antibiotiklə zəngin ət yeyiləndə bədəndə güclü müqavimət yaranır ki, bu da insanlarda allergiyadan tutmuş xərçəngə qədər müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Müsahibimizin dediyinə görə, normalda 1 ton toyuq yeminə 1 kq antibiotik qatılır ki, bu da toyuqların inkişafı üçün lazımdır. Toyuqda antibiotik olsa belə, insan gərək 1 il hər gün toyuq yesin ki, ətin tərkibindəki antibiotik ona təsir etsin. “Digər tərəfdən, antibiotik toyuğun bədənində parçalanır ki, bu da insana keçmir”.

M.Əkbərovun sözlərinə görə, bəzən heyvanlara böyümə hormonu verilir ki, bu da toyuqlarda piylənməyə səbəb olur. Ancaq belə hallara Azərbaycanda o qədər rast gəlinməyib.

Iradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir