qizlar

Hansı qız “qarımış” sayılır? – ARAŞDIRMA

Baxış sayı: 1. 100

«…Bilirsən, filankəsin qızının 30 yaşı var. Əşşi, bundan sonra kimdir onu alan? Nə olsun ki, işi var, ayda filan qədər maaş alır, qarıyıb evdə qalıb, kişinin qızı ağ atlı oğlan gözləyir, gözləsin, görək nə vaxt tapacaq, bir də ayılıb görəcək ki, 40-ı keçib, evdə qalıb…» Əminliklə demək olar ki, çoxlarımız bu cür söz-söhbətlərin şahidi olmuşuq. Bəs görəsən, el dili ilə desək `evdə qalmış` və ya “qarımış” qızlar kimdir, yuxardakı söhbətin qəhrəmanı, yoxsa… Azərbaycanda nə qədər qız `qarıyıb? Ümumiyyətlə “qarımış qız” ifadəsi necə yaranıb?

Əvvəlcə məsələnin psixoloji tərəflərini öyrənmək üçün Psixologiya və Konsultasiya Mərkəzinin mütəxəssisi, psixoloq Narınc Rüstəmova ilə əlaqə saxladıq:

– «Evdə qalmaq», «qarımış» qız fikri bizə dədə-babadan qalıb və həmişə cəmiyyətdə müzakirə olunan bir mövzudur. Əksər xanımlar seçilməyi gözləyir. Elə əksər valideynlər də qızlarına «özünü mütləq yaxşı apar», «biri baxar bəyənər», «sənə sevmək olmaz», «ailəmizi biabır edərsən» kimi düşüncələr aşılayalar`,- deyir Narınc Rüstəmova.

Psixoloq gec ailə quran oğlanlar olduğu halda, onlara «qarımış» deyilməməsi məsələsinə də münasibət bildirdi. Onun fikrincə, bunun bəzi psixoloji səbəbləri var:

– 38, 40 yaşlarında subay kişilər var. Amma biz onlara «qarımış» demirik. Bu fikir ancaq qadınlar üçündür, çünki qadınlar həmişə seçilir, kişilər isə seçir. Seçən kişilər olduğuna görə istədikləri vaxt evlənməkdə sərbəstdirlər, yəni onlar istədikləri vaxt “qarımışlığın” daşını ata bilərlər. Xarici ölkələrdə «qarımış» qız düşüncəsi yoxdur, çünki o ölkələrdə görücülük üsulu ilə evlilik yoxdur və qızların kişilərə evlilik təklifi adi haldır. “Qarımış” anlayışı düşüncə baxımından bir-birinə yaxın olan Azərbaycanda, Türkiyədə, Türkmənistan kimi ölkələrdə var.

N. Rüstəmovanın “ yaşı ötmüş” qızlarda qeyri-iradi aqressiya olması haqda fikirlərə də aydınlıq gətirdi:

– Hər bir fərddə müəyyən enerji var ki, bu enerji itmir, gündəlik işimizə paylanır, bir haldan başqa hala keçir. Bu, cinsi həyatda da belədir. Bir insan ailə həyatı qurmadığı və cinsi əlaqə yaşamadığı zaman sözügedən enerji daxildə toplanaraq aqressiyaya çevrilir. Yaşı 28-dən yuxarı olan qızlarda hər şeydən şikayətlənmə, çox danışma olur. Bu cür xanımlar özünü sevməyən, özünə cəmiyyətdə yer tapa bilməyən və ya uğursuz münasibəti olan xanımlardır.

Bəs insan niyə evlənmir? Psixoloq, evlilikdən boyun qaçırmağın səbəblərini maddi, məişət və sağlamlıqla bağlı müəyyən problemlərlə yanaşı, psixoloji problemlərlə də bağladı. Onun sözlərinə görə, psixoloji pozğunluqlara daha çox yaşı 28-30 və daha çox olan subay xanımlarda rast gəlinir. Onlar müəyyən komplekslər yaşayır, özlərini cəmiyyətə faydasız hesab edir, tək qalmaqdan qorxurlar, bir sözlə, həyatdan zövq almağı bacarmırlar.

Narınc xanım, son zamanlar psixoloji durumunda yaranmış pozğunluqlarla bağlı şikayət edənlərin sayının artdığını dedi və qeyd etdi ki, şikayətçilərin əksəriyyəti Cənub zonasının xanımlarıdır.

 

Qadın Krizis Mərkəzinin sədri Mətanət Əzizova isə «qarımış qız» ifadəsinin düzgün olmadığını və bunu qəbul etmədiyini deyir: «Qızların ailə qurmağı məsələsi zonalara görə dəyişir: Qərb, Quba, Qusar camaatı arasında qəbul olunan qaydalara görə qızlar adətən 15-16 yaşında ailə qurmalıdır. Bakı, Sumqayıt, Gəncədə isə şərtlər bir az başqadır. Bu yerlərdə qızlar adətən ali məktəbə daxil olduqdan sonra ailə qurur».

“Ailə qurmaq istəməyən xanımlar arasında tam normal düşüncəli, heç bir psixoloji problemləri olmayan, sadəcə kariyera qurmaq, həyatda müəyyən bilik və bacarıqlara yiyələnmək istəyənlər də vardır. Burada kriteriya müəyyən etmək düzgün deyil”,- deyən M. Əzizova ailə qurmaq istəyini instinktlə də bağladı.

Onun sözlərinə görə, qızların ailə qurmamasının səbəblərindən biri də qadınlara qarşı zorakılıqlardır: “Zorakılıq qadınlarda qorxu yaradır. Xanım fikirləşir ki, ailə qurmaqdansa, işləyim, karyeramı qurum, pulumu qazanım, heç kimin təzyiqi olmadan rahat yaşayım. Bəzən fikirləşirik ki, qadın mütləq ailə qurmalıdır, ailə qurmayıbsa, deməli, yazılmamış qanunu pozub. Yazılmamış qanunu pozduğu üçün bu gün qadınlara qarşı “qarımış” ifadəsi işlədilir. Bizim kişilərin bir hissəsi Rusiyada, bir hissəsi Türkiyədə, bəziləri narkotik aludəçisi, bəziləri ailə qurmaq istəmir, təhsillə, karyera ilə daha çox maraqlanır. O ki qaldı evliliyə hazır olan cüzi sayda kişilərə, o da ki, hansısa qadının bəxti gətirdi-gətirdi`. («Azvision.az»)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir