Yay fəsli avtomobil sahibləri üçün səyahət planları və uzun yollar demək olsa da, istilərin artması ilə paralel olaraq texniki nasazlıqların da sayı artır. Bəzən elə olur ki, şəhərin mərkəzində, bəzən də səhralıq yolda avtomobil qəfildən dayanır və sürücünü çaşqınlıq içində qoyur. Yol ortasında qalan nəqliyyat vasitələri yalnız sürücüləri deyil, digər hərəkət iştirakçılarını da narahat edir. Hətta bu cür hallar bəzi vaxtlar Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən təhlükəsizlik kameralarının görüntüləri ilə ictimaiyyətə çatdırılır.
Amma sual yaranır: havanın qızması avtomobildə texniki nasazlığa niyə səbəb olur?
Mütəxəssislərin rəyinə görə, bu tip nasazlıqların əsas günahkarı yanacaq nasosudur. İsti havalarda nasosun iş rejimi dəyişir və əgər artıq köhnəlmiş və ya vaxtında texniki baxımdan keçməyibsə, o zaman sistemdə təzyiq düşür və mühərrik qəfildən sönə bilər. Xüsusilə uzun məsafəli və sabit sürətlə olan sürüşlər zamanı bu problem özünü daha tez büruzə verir.
Belə hallarda mühərrik ya birdən sönür, ya da titrəməyə başlayaraq fəaliyyətini dayandırır. Bu isə təkcə texniki problem deyil – sürücünün və sərnişinlərin təhlükəsizliyi üçün də real risk yaradır. Üstəlik, yolun ortasında qalan avtomobili təmir etdirmək və ya evakuasiya etdirmək əlavə xərclərə səbəb olur.
Avtomobil ustalarının fikrincə, bu problemin qarşısını almaq mümkündür – xüsusilə də nisbətən yaşlı (ili köhnə) avtomobillərə sahiblənənlər üçün. Sadə, lakin çox vacib addımlar var:
* Yanacaq nasosunun təzyiqinin vaxtaşırı yoxlanması;
* Yanacaq filtrinin vaxtında dəyişdirilməsi;
* Avtomobilin ümumi texniki baxışdan keçirilməsi, xüsusilə yay aylarına girməzdən öncə.
Bu kiçik addımlar, böyük problemlərin və gözlənilməz xərclərin qarşısını ala bilər. Avtomobil sahibləri üçün yay yalnız dincəlmək və gəzintiyə çıxmaq yox, həm də təhlükəsizliyi ön planda saxlamaq üçün diqqətli olma dövrüdür.
Unutmayın: avtomobilinizin sağlamlığı, sizin təhlükəsizliyinizin birbaşa göstəricisidir.
Hazırladı: Fateh