Hekayələri kitabla başlayan cütlük

Baxış sayı: 481

Sevgi hekayələri zamanı ifadə edən simvolik kitabla başlayıb. “Zaman bizimdir. İstəsək, o kitab heç vaxt bitməz, hər gün birlikdə vərəqləyərik” sözü bir ailənin qurulması ilə nəticələnib. O ailə ki, əsas meyarları bir-birinin azadlıqlarına mane olmamaq, fikirlərinə hörmət etmək, bəzi mental qanunlardan uzaq durmaqdır.

Ailə” rubrikamızın qonaqları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı, psixoloq, təlimçi, “İnsan Mühəndisliyi” proqramının müəllifi Rövşən Nəcəfov və həyat yoldaşı Səma Qurbandır.

“Tərifin biri əskik olsa, problem olmaz”

Rövşən deyir ki, Səmanı şəxsi inkişafla bağlı təlim keçərkən tanıyıb. İştirakçı ilə təlimçi arasında körpü olsa da, o, körpünü yıxmağı bacarıb: “Əslində, auditoriyada çıxış edəndə, mənim üçün iştirakçının fərqi olmur. Sadəcə olaraq, bəzən elə bir emosional durum yaranır ki, sən onu anlaya bilmirsən. Bu təlimdə də elə oldu. Sonra bildim ki, bu, sevgidir”.

Səma isə ilk tanışlıqda sevgi hiss etməyib: “Rövşəni gözünün içinə baxaraq, diqqətlə dinləyirdim. Məncə, Rövşən bu baxışdan təsirlənib. Təlimdən sonra qiymətləndirmək üçün kağız paylandı. Heç nə yazmadım. Fikirləşdim ki, hamı tərifləyir, bir tərif də əskik olsun. Bu, Rövşənin diqqətini çəkib. Sonra hamı kollektiv şəkil çəkdirəndə, mən istəmədim, tələsirdim, çıxmaq istəyirdim. Rövşən yaxınlaşdı ki, siz niyə şəkil çəkdirmirsiniz? Dedim ki, çox sevmirəm. Dedi, mən də eləyəm. Ağlıma belə gəlməzdi ki, Rövşənlə evlənərik. Çünki o zaman 3-cü kursda oxuyur, ancaq şəxsi inkişafım barəsində düşünürdüm. Sonra Rövşənlə sosial platformalarda dostlaşdıq. Uzun müddət rəsmi, tələbə-müəllim kimi danışdıq. Mənə şəxsi inkişafla bağlı kitablar verir, onları götürmək üçün görüşürdük”.

“Sevginin vaxtı uzanmamalıdır”

Rövşəni də tələbə-müəllim münasibəti narahat edib. Amma vaxtını da itirmək istəməyib: “Əslində, o baryeri görürdüm. Bizim dialoqlar daha çox tövsiyə xarakterli idi. Birinci görüşdən sonra anladım ki, hisslərim fərqlidir və bu insanla sevgi yolunu gedə bilərəm. Fikirlərimi uzatmadan və açıq ifadə etdim. Bəlkə də 1-2 ilə gediləcək yolu, 1 günə getdim. Çünki sevginin vaxtı uzanmamlıdır”.

Səma: “Rövşənin mənə eşq elan etməsini qətiyyən gözləmirdim. Rövşən üçün zaman o qədər dəyərlidir ki, onu boşuna sərf etmək istəmir. Elə ilk hədiyyəsi də zaman və kitabın birləşməsindən ibarət qum saatı idi. Əslində o hədiyyə ilə bütün xarakterini izah etmişdi”.

“İstəsək, o kitab heç vaxt bitməz və birlikdə vərəqləyərik”

Rövşən deyir ki, insan sevməyəndə, hisslərini idarə edir və taktikalardan istifadə edə bilir: “İlk dəfə idi ki, hisslərimi necə ifadə edəcəyimi bilmirdim. Götür-qoy edirdim ki, nə etsəm, qarşı tərəfin xoşuna gələr? Yaxud xoşuna gəlməsə, nə edəcəyəm? Sevməyəndə, çox rahatdır. Sən peşəkar yanaşa, taktikalardan istifadə edirsən. Amma hissləri idarə etmək çətindir. Səmanın dərsdən çıxmasını gözləyirdim. Bu vaxtdan istifadə edib, zamanı ifadə edən simvolik kitab aldım. Amma hədiyyə edəcəyimi düşünmürdüm. Səmaya fikrimi deyəndə, emosional mübadilə mənim üçün vacib idi. O enerjini aldım və kitabı verdim. Dedim ki, istəsək, o kitab heç vaxt bitməz və birlikdə vərəqləyərik. Sonra münasibətlər istiləşdi”.

Səma da Rövşənin açıqsözlülüyündən təsirlənib: “Etirafı çox yaxşı idi. O qədər ürəkdən danışırdı ki, çox təsirləndim. Elə həmin gün dedim ki, deyəsən qarşıma düzgün insan çıxıb. O qədər qərarlı idim ki, hətta həmin gün evdə də dedim. 2 il sevgili olduqdan sonra, nişanlandıq, daha sonra toy reallaşdı. Nikahı isə toydan sonra etdik. Dedik ki, bir damın altında yaşayaq, görək, yola gedirikmi?”.
Rövşən: “Nikahı Səmanın doğum gününə saldıq. Strateji davrandım ki, qocalanda unutmayım”. (Gülür – A.Ə)

“Sevginin rəqəmi”

Rövşən Səmaya kitab da yazıb. 8 illəri tamam olanda, kitabı dərc edəcək: “Kitabın adı “Sevginin rəqəmi”dir. Bizim tanışlığımız 8 noyabrda başlayıb. Mən 8-i əbədiyyət rəqəmi kimi görürəm. O kitabda hisslərimi yazmışam. Orada qeyd etmişəm ki, mənim üçün Səma ifadə olunmayacaq obrazdır. Çünki hər kəs insanın xarakterini olduğu kimi qəbul etmir. Səma məni çətinliklərimlə – istər xarakter, istər həyat tərzi olaraq qəbul edir. Mən xəyallarımın arxasınca qaçan insanam. Yanımda olan xanım da buna icazə verməlidir”.

“Münasibəti Rövşən başladıb, mən davam etdirirəm”

Səma da Rövşənlə yaşamağın məsuliyyətli olduğunu dərk edir: “Düzünü desəm, Rövşənlə ilk dəfə tanış olanda, kriteriyalarıma uyğun deyildi. Mən daha çox özüm kimi çılğın insan təsəvvür edirdim. Rövşən o qədər dərin insandır ki, onun daxilinə endikcə, tanıdıqca, mənə çox maraqlı gəlirdi. Çətin xarakterli adamdır. Onunla yaşamaq tam məsuliyyətdir. Həyatının əsas hissəsi iş və fəaliyyətdən ibarətdir. Hamı kimi deyil. Bu münasibəti Rövşən başladıb, mən davam etdirirəm. Rövşən səbirsizdir. Bəlkə də bu, uzun müddət tək qərarlar verməyindən irəli gəlir. Amma mən o çətinliyi də zaman keçdikcə sevdim. Düzdür, əvvəl bəzi xasiyyətlərini dəyişdirmək cəhdlərim olub. Amma sonra gördüm ki, bu insan belədir və qəbullandım. Qəbullanandan sonra yaşamaq çox rahatdır. Məsələn, ütünü sevmir. Deyir paltarımı ütüləmə, bu da mənə sərf edir (gülür -A.Ə). O, məndən çox şey istəmir. Sadəcə, öz qaydaları var, sən onlara uyursansa, yaşamaq rahat olur”.

Rövşənin ən ümdə qaydası isə, onu məişət mövzularına qarışdırmamaqdır: “Onu məişətə qatmadınsa, ailədə söz-söhbət olmayacaq. Hərdən izah edirəm ki, biz artıq evliyik. Artıq məişətə girmişik. O deyir ki, məni maksimum uzaq tut. Ona görə də, maddiyyatı çıxmaq şərtilə, digər məsələlər 90 faiz öz öhdəmdədir. Digər məsələlərdə də, söz-söhbət olanda, biz qarşılıqlı əsəbiləşirik”.

“Əsəbiləşmək barədə səddimiz yoxdur”

Rövşən onsuz da məişət mövzularından anlamadığını vurğulayır: “Düzdür, əsəbiləşmək barədə səddimiz yoxdur. Çünki istənilən halda, evdə yoldaşım, övladım mən qəbul etməsəm belə, öz fikrini ifadə etməkdə azaddır. Həmin an bəlkə də problem olur, amma sonra deyirəm ki, yaxşı edir. Hətta bu, təhqir belə olsa, düşünürəm ki, ifadə olunmalıdır. Səmanın qısqanc olduğunu bilirəm. Amma bunu əvvəllər hiss etdirirdi. Sonra mən ona dedim ki, heç kimlə özünü müqayisə etmə. Çünki mənim seçimim sənsən. Mən bir şeyi etiraf edim ki, Səmaya qədər ailə həyatı quracağımı düşünmürdüm. Elə planım da yox idi. Ailə qurmağın həqiqət olduğunu mənə Səma öyrətdi. Onunla rastlaşmasaydım, yəqin ki, hələ də subay idim. Səmanın məndən ən çox istədiyi ev işlərinə kömək etməkdir, o da məndə yoxdur. Məsələn, evdə su kranı işləmir, həqiqətən, vecimə deyil. Çünki beynim tamam başqa yerdədir. Zamanımı kitablara və araşdırmalara sərf edirəm. Bizdə texniki məsələləri qaynım həll edir. Cəhd etsəm belə, evdə nə xarab olursa, onu düzəltmək qabiliyyətim yoxdur”.

“Səma evdə problem olanda lobya bişirir”

Kişinin qəlbinə gedən yol mədəsindən keçir deyirlər. Rövşən yemək məsələsini heç vaxt problem etmədiyini deyir. Amma onun da öz qaydası var: “Şərt deyil ki, Səma mənə mütləq yemək hazırlamalı, çay süzməlidir. Sadəcə deyirəm ki, evdə yemək olmayanda mənə de. Kişilər ac olanda çox əsəbi olur. O məsələdə razılaşmışıq. Xəbərdarlıq olursa, problem deyil. Məsələn, insanın ən çox əsəbiləşdiyi nüanslardan biri odur ki, evə gəlirsən, süfrəyə oturursan, məlum olur ki, çörək yoxdur. Bunları əvvəldən dedisə, heç bir problem yoxdur. Problem olanda da, Səma məni cəzalandırır. Bilir ki, yeganə yemədiyim yemək lobyadır, onu bişirir”.

Səma deyir ki, lobya küsdüyünü bildirmək metodudur: “Həmişə mən küsürəm. Rövşən heç vaxt küsmür. Ən böyük mübahisədə belə, 2 dəqiqə sonra heç nə olmamış kimi davranır. Mən də həmin axşam qəsdən lobya bişirərəm. Deyir, yeməyə nə var? Deyirəm, lobya. Dəli olur. O, Rövşənin pik nöqtəsidir. Onda bilir ki, ciddi küsmüşəm. Amma yemək mövzusu bizim üçün rahatdır. Sağlam qidalanırıq. Rövşən qarpız, pendir belə olsa, yeyəcək və doyacaq. Şərt deyil ki, ona bozbaş, yaxud dolma bişirəm. Belə yeməkləri anam və qaynanamgildə yeyirik”.

“Ailədə sükut varsa, deməli problem var”

Cütlüyümüz mübahisə vaxtı od olur. Heç kim geri addım atmır. Rövşən deyir ki, əsas məsələ ailədə dialoqun olmasıdır: “Ailədə dialoq varsa, istənilən problem öz həllini tapır. Təbii ki, əks fikirlər olur. Eyni düşünməyə məcbur deyilik. Dialoqdan sonra hər kəs öz fikrində qalır. Amma bu, problemə çevrilmir. Ailə müəyyən mərhələlərdən keçir. Müzakirə, mübahisə, münaqişə və cinayət mərhələsi gəlir. Bizim ailələrin problemi mübahisə mərhələsini keçib münaqişəyə getməyidir. Münaqişədən sonra artıq idarəetmə itir. Ailənin nə böyük gücü qarşılıqlı fikir mübadiləsi aparmasıdır. Ailədə fikir, istənilən mövzuda şərh yoxdursa, o ailə deyil”.

Səma Rövşəni təsdiqləyir və deyir ki, ailədə sükut varsa, deməli, orada problem var: “Ailənin ən böyük mentoru səhvləridir. O mərhələləri keçməsələr, nəyin onları sağlam tutduğunu öyrənə bilməyəcəklər. Hər gün yaxşı olacaq deyə, vəd verilməyib. Bəzən insanlar sevgili mərhələsində bir-birinə vədlər verir. O vədlər reallaşmayanda problem olur”.

 

“Məcburiyyət və xoşbəxtlik eyni anda ola bilməz”

Cütlüyümüz bu gün boşanmaların səbəbinin də psixoloji uyğunsuzluq olduğunu düşünür. Rövşən deyir ki, insanlar bir-birini tanımadan ailə qururlar: “Düşünürlər ki, evlənəndə düzələcək, düzəlmirsə, övlad olanda düzələcək. Övlad ailənin seçimi olmalıdır, kənardakıların deyil. Ailə qurmazdan öncə psixoloji uyğunluq testi götürülməlidir. Bizim ailələrin hüquqi və psixoloji maarifləndirməyə ehtiyacı var”.

Səma ailənin sevgi üzərində qurulmasının tərəfdarıdır: “Başqalarının fikri ilə insan özünə həyat yoldaşı seçməz. Ailə qurmaq istəyənlərə təhrik edənlərə səslənirəm ki, heç kimin həyatına qarışmayın. Böyüklər övladlarına səhv etməyə imkanlar tanısınlar. İnsan öz həyat yolunu və yoldaşını özü seçməlidir. O seçim olmayanda hər zaman xəyanət olacaq. Məcburiyyət və xoşbəxtlik eyni anda ola bilməz”.

 

“Övlada dərslərindən yox, həyatdan “5” almağı öyrətməliyik”

Cütlüyümüzün Alparslan Nəcəfsoy adında oğlu var. Onların əsas məqsədi onunla daha çox vaxt keçirməkdir. Rövşən deyir ki, uşaqla vaxt keçirməyə ərinən, bundan yorulan insanlar dünyaya uşaq gətirməsinlər: “Bizim ailələrin problemi odur ki, uşaqla yaşamaq istəmir, yorulurlar. Bəzən valideyn elə bir həddə çatır ki, uşağa şiddət tətbiq edir. Valideynliyə hazır olmaq lazımdır. Övlad  dünyaya gətirmək məsuliyyət tələb edir. Sən təkcə öz ailənə yox, həm də cəmiyyətə sağlam insan yetişdirməlisən. Biz bu gün öz övladımızı yaxşı böyüdək, amma qonşuda uşaq qışqırığı gəlirsə, bilin ki, orada bir cinayətkar böyüyür. Biganə qaldığımız hər şey və hər kəs bizim qarşımıza çıxmasa da, övladlarımızın qarşısına çıxacaq. Biz anlamlıyıq ki, uşaq bizim şəxsi mülkümüz deyil. Uşağı da cəmiyyətə, dövlətə hazırlamalıyıq. Xüsusən də psixologiyasını sağlam formalaşdırmalıyıq ki, başqalarının həyatına və azadlığına mane olmasın. Övlad zaman istəyir. İnsanların zamanı yoxdursa, övlad dünyaya gətirməməlidirlər. Övlada dərslərindən yox, həyatdan “5” almağı öyrətməliyik”.

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir