senan ellez

“İmtahan” serialının “Turalı”: “Adamlar elə bilirdilər ki, evliyik”

Baxış sayı: 4. 046

Sənan 7-ci sinifdə oxuyanda məktəbini dəyişir və Leylanın oxuduğu məktəbə gəlir. Bir il paralel siniflərdə təhsil alırlar. Bu müddətdə uşaqlıq sevgisi ilə Sənan Leylaya vurulur, hətta sinif yoldaşlarının yanında “Leyla, səninlə evlənəcəyəm” deyir, hamı buna gülür, elə Leyla da. Sonra Sənan yenə məktəbini dəyişir, əlaqələri itir.

Lakin üstündən illər keçib, bu gün onlar evlidirlər, bir övladları da var. Müsahibimiz gənc aktyor, aparıcı Sənan Əlləz və xanımı jurnalist Leyla Əlləzdir.

Sənan deyir ki, uşaqlıq sevgisindən sonra əlaqələri bir müddət olmasa da, Leyla onun ağlının bir küncündə qalıbmış: “2001-ci ildən – 17 ildir bir-birimizi tanıyırıq. Tanış olanda 7-ci sinifdə oxuyurduq. Leylanı birinci dəfə görəndən sevmişəm. Məqsədim o idi ki, ailə quracağım xanım o olsun. Hətta yaxınlaşıb “səninlə evlənəcəyəm” də demişdim. Sinif yoldaşlarımız və Leyla mənə gülmüşdü. Lakin bir ildən sonra həmin məktəbdən uzaqlaşdım, əlaqələrimiz demək olar ki, qalmamışdı. Arada sinif yoldaşlarımı görmək üçün məktəbə gedəndə, qarşılaşırdıq. Bacımla Leyla tanış idilər, bir məktəbdə oxuyurdular. Arada bacımdan Leylaya salam göndərirdim. Uşaq salamının içində sevgi, saflıq var idi. Universitet vaxtı da bir dəfə görmüşdüm. Ümumilikdə, məktəbi qurtarandan sonra əlaqəmiz yox idi, amma Leyla ağlımın bir küncündə qalmışdı. Universiteti bitirib hərbi xidmətə getdim. Qayıdandan sonra – 2011-ci ildə “Facebook”da dost olduq, o vaxtkı sevgim davam etdi, indi isə evliyik”

“İlk görüşdə evlilik təklif etdi”

Leyla Sənana ilk vaxtlar üz verməsə də, ona qarşı simpatiyası olub: “Mən Sənana üz vermirdim, amma elə əvvəldən ondan xoşum gəlirdi. O vaxt biz analarımızın qorxusundan oğlana baxa bilmirdik. Başım oxumağa qarışmışdı. 7-ci sinifdə mənim evlənmək haqqında düşünməyim də gülməli olardı, hələ uşaq idim. Sənan da mənə deyəndə gülmüşdüm. Amma Sənan arada yadıma düşürdü. Lakin üstündən illər keçəndən sonra “Facebook”da Sənanın profilini gördüm, düzdür, onu uşaq vaxt görmüşdüm, çox dəyişmişdi, amma tanıdım. Mesaj yazdım, o da məni tanıdı. Yazışdıq, sonra görüşdük. Elə ilk görüşdə evlilik təklif etdi, mən də çox uzatmadan “hə” dedim. 2016-cı il mayın 20-də evləndik”.

 

“O mənim idealımdır”

Sənana görə, qadın ilk növbədə ağıllı olmalıdır. Deyir ki, Leyla çox ağıllı və intellektlidir: “Həyat tərzi, xarici görünüşü, dini, milliyəti, nə olur-olsun, ağıllı olmasına fikir verirəm. Ailəvi dostlarımız da mənə deyirlər ki, Leyla çox ağıllı qadındır. Onunla həyatı paylaşmaq mənə rahatdır. Deyirlər ki, sevən göz kor olur, amma bu gün gözəllik baxımından mənim üçün ən gözəl qadın Leyladır. Bu, başqası üçün belə olmaya bilər, heç belə olmaq məcburiyyətində də deyil, yaxşı ki, belədir”.

Leyla deyir ki, Sənan onun kriteriyalarına tam uyğundur: “Sənanla evlənmişəmsə, deməli, hər baxış bucağından o, mənim idealımdır. Özünü, xarici görünüşünü, xasiyyətini sevirəm. Düzdür, arada didişmələrimiz olur. Amma bu, hər ailədə olur. Amma o insan tam olaraq mənim kriteriyama uyğundur”.

“Adamlar elə bilirdilər ki, evliyik”

Sənan deyir ki, evlilikdən öncə ilə sonra münasibətlərində hər hansı dəyişiklik olmayıb: “2016-cı ildə evlilik haqqında “Facebook”da status yazmışdım. 4-5 min dostum var idi, rəy yazanların hardasa 10 faizi yazmışdı ki, siz hələ indi evlənirsiniz? Bizi daha sevgili olanda yaxından tanımayan adamlar evli bilirdilər. Çünki hələ sevgili olmağa başlayanda “biz həyatımızı birlikdə quracağıq”  düşüncəsi ilə hərəkət etməyə başlamışdıq”.

İki ildən çoxdur evlidirlər, deyirlər ki, nəinki dava etməyiblər, heç qonşuların eşidəcəyi dərəcədə mübahisələri də olmayıb. Onların mübahisələri xırda mövzularda, məsələn, Sənanın dağınıqlığı ilə bağlı olur: “Mən həyatda çox dağınıq insanam. Bizə qonaq gələcək insanlar əvvəlcədən xəbərdarlıq etsinlər ki, Leyla tökdüklərimi yığsın. Mən nə qədər dağınığamsa, o da o qədər təmizdir. Arada belə zarafat da edirdim ki, gecə durub su içməyə gedirəm, gəlirəm ki, Leyla yerimi yığıb (gülür)”.

Sevgi var, bir az da romantikadan danışaq. Leyla daha romantik olsa da, Sənan da arada jestlər etməyi sevdiyini deyir: “Evliliyimizin ildönümü günü, gecə 4-də açıq gül salonu tapıb bir dəstə gül alıb, yatağının yanına qoya bilərəm. Bütün günü bunu etməyin ağlımda olduğunu desəm, yalan olar. Bilirəm ki, sabah Leyla heç nə deməyəcək, amma 3 gün sonra deyəcək ki, nə olardı ki, bir dəstə güllə gələrdin (gülür)”.

Image result for sənan əlləz imtahan

“Bir-birimizi həmişə başa düşmüşük”

Leylaya görə qadın kişini yönəltməlidir: “Bu, o demək deyil ki, elə hər şeyə qadın qərar versin, sadəcə olaraq kişi də qadına qulaq asmalıdır. Onda həm həyatda, həm karyerada, həm də ailədə harmoniya olur. Xoşbəxtliyim ondadır ki, Sənan mənə qulaq asır. Adi evdən çıxanda deyir ki, Leyla nə geyinim? Biz bir-birimizlə hər şeyi danışırıq, məsləhətləşirik, paylaşırıq Evliliyimiz də bunun üstündə qurulub. Evlilikdən əvvəl 5 il bir yerdə olmuşuq. Söz-söhbətimiz olmayıb, bir-birimizi həmişə başa düşmüşük”.

Sənan bədxərc olsa da, Leyla qənaətcil, yığmağı bacarandır. Elə xanımın məsləhəti ilə pul yığmağa başlayan Sənan, toydan əvvəl özlərinə ev də alıb: “Mən bir az bədxərc insanam. 3 manat qazanıramsa, onun 2 manat 50 qəpiyini həmin gün xərcləyib, 50 qəpiyi sonrakı 10 günü idarə etmək üçün saxlayacağam. 2012-ci ilin noyabr ayında ilk böyük qonorarımı götürdüm. Leylaya dedim ki gedək bu pulla nəsə edək. Dedi ki yox, bunu evə qoy, üstünə pul yığmağa başla. Dedim ki, ev üçün çox pul lazımdır, belə yığmaqla alınmaz. Dedi pulu evə qoy, xərcləmə. Ona qulaq asdım. Hər maaşdan 50-100 manat üstünə qoyurdum. 2014-cü ilə qədər pul yığımı o qədər qənaətbəxş deyildi. 2015-ci ildə isə sanki kimsə bizə birdən təkan verdi. Reklam, filmlər oldu, bir də gördük ki, ev almaq üçün pulu yığmışıq. Balaca da olsa, öz evimiz var”.

“Ağız dadım artıq onun bişirdiyi yeməklərə öyrəşib”

Evin mətbəxinə gəlincə, Leyla deyir ki, toydan sonra həyat yoldaşı mətbəxdə 4-5 dəfə nə isə hazırlayıb: “İşlərə görə mətbəxə keçməyə elə də vaxtı olmur. O, nə isə yemək hazırlasa, mən də yanında oluram. Bir yerdə hazırlamaq zövqlüdür”.

Sənan isə bildirdi ki, yemək bişirməklə xanımının işini asanlaşdırmır ki, çətinləşdirir: “Leylanın mətbəxdə səliqəsi var. İşlətdikcə hər şeyi yerinə yığır. Mən orda tək nə iləsə məşğul olanda bir ay mətbəxi özünə gətirə bilmir. Ona görə, mənim mətbəxə girməyimi çox da arzulamır, ya da özü yanımda olur (gülür)”.

Sənan Leylanın yemək cəhətdən bacarıqlı olduğunu da dilə gətirdi: “Leylanın nənəsi çox dadlı yemək bişirir, onun əlinin duzu var. Leylaya da yəqin ondan keçib. Mamam, qaynanam kimi yaxşı bişirməsə də, dadlı hazırladığı yeməklər də var. Ağız dadım artıq onun bişirdiyi yeməklərə öyrəşib. Hansısa yemək yaxşı alınmasa belə, mən onu deməyə ehtiyac görmürəm, əziyyət çəkib hazırlayıb”.

Leyla həyat yoldaşının yemək cəhətdən çox kaprizli olduğunu dedi: “Bu gün bişən yeməyi sabah yeməyəcək. Çox nadir hallarda dünəndən qalan yeməyi  yeyər. Yağlı, quyruq olmasın, soğan diri qalmasın”.

“İnanırsansa, tam sonuna qədər inanacaqsan”

Sənan aktyordur, müxtəlif rollara çəkilir, xanımlarla tərəf müqabili olur. Leyla deyir ki, Sənana inandığı üçün onun işi ilə bağlı qısqanclığı yoxdur: “Onun sevgisindən əminəm və həm də bu, onun işidir. Qısqanclığa səbəb olacaq nə isə görsəydim, bəlkə də qısqanardım, amma belə bir vəziyyət də olmayıb”.

Sənan deyir ki, Leyla bu işin peşəkar tərəflərini bildiyi üçün qısqanclığa əsas görmür: “Aktyorların həyat yoldaşları bəzən deyirlər ki, filan qızla qucaqlaşma, aktrisanı öpmə, filan səhnələri oynama və s. Bir dəfə də olsun ki, bu cür məsələlərin üstündə mübahisə düşməyib. Leyla da incəsənəti bitirib, işi çox savadlı cəhətdən bilir. Bəzən mənə rol oynamağımla bağlı da fikirlərini deyir”.

Sənan da Leylanı qısqanmadığını bildirdi: “Qısqanclıq üstündə ailəmdə problem olmasını istəmirəm. İnanmırdınsa, evlənməzdin. İnanırsansa, sona qədər inanacaqsan”.

 

“O məni qısqanmır, amma…”

Ailəni möhkəm edən səbəblərə gəlincə, Leyla bunun inam, bir-birini başa düşməklə bağlı olduğunu dedi. Sənana görə isə ailəni daha güclü edən kişi ilə qadının arasında sirrin olmamağıdır: “Xəyanət edənlərlə bağlı bir fikir deyə bilmərəm, hərənin öz həyatı var, amma mən etmirəm, xasiyyətimdə bu, yoxdur. Kişi nə edibsə, onu mütləq xanımı ilə danışmalıdır. Həyat sürprizlərini sevmirəm. Mən aktyor kimi sevgi səhnəsi oynayıram, hansısa xanımla çox səmimi səhnəyə çəkilirəm. Leylanın bundan xəbəri olmur, amma o kadrlar efirə getməmiş bu haqda ona danışıram ki, filan səhnəyə çəkildim, sevgini bu cür təqdim etdik, burda filan cür qucaqlaşdıq, qızın üstünə yıxıldım və s. O, məni qısqanmır, amma məlumatlı olmağını istəyirəm. Pulum itəndə, kiməsə borc verəndə belə, ona deyirəm. Qorxmaq deyil, sadəcə istəyirəm ki, xanımımın da xəbəri olsun”.

Sənan deyir ki, həm də Leylanın üzündə gülüş görmək istəyir: “Mənə görə, hər kişi öz qadınını güldürməyi bacarmalıdır. Bunun üçün komediya aktyoru olmaq lazım deyil. Xanımları güldürmək çox rahatdır. Bəzən kişilər iş yoldaşları, dostları ilə hər yerdə deyib-gülürlər, evə girəndə üzdən zəhrimar yağır. Bütün günü övladınıza baxan, paltarınızı yuyan, yeməyinizi bişirən qadını da 15 dəqiqə güldürmək əziyyət deyil. Mən Leylanı güldürməyə çalışıram”.

Image result for sənan əlləz leyla əlləz

“Oğlum anası kimi ağıllı olsun”

Caner adlı bir övladları da var. Leyla oğlunu həyat yoldaşı kimi bir insan, kişi olmasını istəyir: “Kişi ilk növbədə anasını çox istəməlidir. Əgər istəmirsə, həyat yoldaşını sevməz. Oğluma, qadınlara hörmət etməyi öyrədəcəyəm. Təhsili ilə də məşğul olacağıq, amma ilk növbədə insan olmaq lazımdır”.

Sənan isə Canerin anası kimi ağıllı olmasını arzu edir: “Mən kənardan necə göründüyümü deyə bilmərəm, onu dostlar, yaxınlarım deyə bilər. Amma istəyərəm ki, oğlum anası kimi ağıllı olsun. Atası ağıllı deyil, yaradıcı adama heç ağıl lazım da deyil. Ya ürəklə işləməlisən, ya ağılla. Biz hisslərimizə təslim olmuş adamlarıq. Ağılda anası, həyatı rəngarəng yaşamaq cəhətdən isə atası kimi olsun. Bir də, kaş elə bir insan olsun ki heç kimin gözündən yaş axıtmasın”.

Sonda Sənan sosial şəbəkədə xanımı ilə bağlı yazılan bir qisim rəylərlə bağlı fikrini də bildirdi: “Tanınandan, aktyor kimi filmlərim, seriallarım işıq üzü görəndən sonra Leyla ilə şəkil paylaşanda xanımlar “yaraşıqlı oğlanların gözü kordur, eybəcər xanımlarla evlənirlər” tipli rəylər yazırlar. Leylanı eybəcər bilirlər, mənə yaraşdırmırlar. O insanlara deyirəm ki, 14 yaşımdan seçimim Leyladır. Sənan onsuz da bundan sonra Leyladan başqası ilə evlənməyəcək. Biz o rəyləri oxuyub gülürük, ailəmizdə problem belə yaratmır. Amma belə rəyləri görmək mənə xoş deyil”.

 

Aygün Asimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir