kredit karti

“İndi hər adamın 2-3 kartı var”

Baxış sayı: 329

Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, ödəniş kartlarının sayı cari ilin oktyabr ayının 1-i ilə müqayisədə 271 min ədəd artaraq 16 milyon 210 min ədəd olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20.9 faiz artıb. İnsanların nağdsız ödənişlərə meyl etməsi təqdirəlayiqdir. Təbii ki, kartların bu qədər artmasının müsbət və mənfi tərəfləri də var.

 

Maliyyə savadlılığı artdıqca… 

Maliyyə üzrə ekspert Elnur Quliyev dedi ki, kartların sayının artması prosesi yaxın gələcəkdə də davam edəcək: “Milli ödəniş sistemlərinin təkmilləşdirilməsi, bankların “mobil bankçılıq” xidmətlərini inkişaf etdirməsi plastik kartlardan istifadəni daha da sürətləndirib. Həmçinin dövlət nağdsız hesablaşmaların artmasında maraqlıdır və bu istiqamətdə stimullaşdırıcı tədbirlər həyata keçirir. Maliyyə savadlılığı artdıqca insanlar nağdsız ödənişlərin üstünlüklərini, plastik kartlarla ödəmənin asanlığını, əlverişli olduğunu başa düşürlər”.

Kartlar insanlara müəyyən xeyirlər verir

E.Quliyevin fikrincə, ölkəmizdə plastik kartlardan istifadənin artmasına təsir edən əsas faktorlar – son üç il ərzində mal və xidmətlər üzrə plastik kartla ödəniş qəbul edən məntəqələrin sayının əhəmiyyətli artması, “ƏDV geri al” mexanizminin, həmçinin banklar tərəfindən “cashback” proqramlarının tətbiqi, plastik kartları ödənişsiz təqdim etmələri, elektron ticarət dövriyyəsinin çoxalmasıdır: “Elektron ticarətin artması, xüsusilə pandemiya dövründə nağd puldan istifadə sahələrinin məhdudlaşdırılması istehlakçıları bank kartlarına sövq edib. İnsanlar ödədikləri pulun ƏDV vasitəsilə cüzi miqdarda da olsa geri qaytarılması üçün satıcıları plastik kartla satış etməyə məcbur edirlər. Nəticə etibarilə, dövlət istehlakçılar vasitəsilə satıcıları nəzarətdə saxlayır. Plastik kartlardan istifadənin əsas üstünlüklərindən biri də kartla ödəniş zamanı xərclənən vəsaitləri izləməyin və nəzarət etməyin asan olmasıdır. İnsanlar şəxsi və ailə büdcələrinin idarə olunmasında bundan istifadə edirlər”.

 

Daha etibarlıdır

Ekspert bildirdi ki, şəxsi vəsaitləri kart hesabında mühafizə etmək oğurluq və itirilmə ehtimalını minimallaşdırır: “Nağd pul itdikdə və ya oğurlandıqda onu geri qaytarmaq mümkün deyil. Lakin plastik kart itərsə, mobil bank vasitəsilə kartı bloklaya bilirsiniz. Kartı oğurlayan və ya əldə edən şəxs pul çıxara bilmir. Sizdən xəbərsiz hər hansı ödəniş edilsə belə, banklar ödəniş tarixçəsi ilə xərclənmə istiqamətini müəyyən edə bilir”.

 

Maliyyə intizamı güclənir

E.Quliyevin sözlərinə görə, kartlar insanlardan əlavə dövlətimiz üçün də faydalıdır: “Plastik kartlarla ödənişlər “kölgə iqtisadiyyatı” ilə mübarizə baxımından da müsbət effekt verir. Pul vəsaitləri nağdsız hərəkət edən ölkələrdə iqtisadi artım sürətlənir, insanlara vaxta qənaət imkanı yaradır, ticarət və xidmət obyektlərində saxta pulların qarşısı alınır. Eyni zamanda, kartla ödənişlər vətəndaşların dövlət qurumlarına ödədiyi xidmət haqlarının hesabatlılığını təmin edir, şəffaflığa zəmanət verir. Plastik kartlarla ödənişlər sayəsində vergidən yayınmanın qarşısı alınır, büdcəyə daha çox vəsait toplanır, ölkə iqtisadiyyatında maliyyə intizamı güclənir. Nağdsız hesablaşmaların artması dövlət gəlirlərinin artmasını şərtləndirir ki, bu da sosial sektorun maliyyələşdirilməsi üçün əlavə imkanlar yaranır”.

 

İnsanlar qərar verə bilmir

Bank məsələləri üzrə mütəxəssis Emin Mahmudov isə deyir ki, kartların bu qədər sürətlə artmasının səbəbi bankların təklif etdiyi cəzbedici imkanlardır: “10 milyon əhalidən uşaqları və yaşlıları çıxsaq, təxminən 7-8 milyon insanın iki kartı olduğu anlamına gəlir. Hətta bəzi şəxslərin 3-5 kartı var. Bank kartlarının artmasının səbəbi bankların bir-biri ilə rəqabətə girərək, kart istifadəçiləri üçün fərqli şərtlər təqdim etməsidir. İnsanlar bir kartı alıb razı qalır, müəyyən vaxt istifadə edir və görür ki, digər bankın kartı daha yaxşı şərtlər verir. Bu halda vətəndaş digər kartdan da alır. İnsanlar hansı kartı istifadə edəcəklərinə qərar verə bilmirlər. Müəyyən sferalar üzrə bir bankın kartı daha uyğundur, digər sahə üzrə başqa kart daha əlverişlidir. Ona görə də hərənin 2-3 kartı olur”.

Kartların yarısı aktiv deyil

Mütəxəssis bildirdi ki, əhalinin həddən artıq kartdan istifadəyə yönəlməsinin mənfi cəhətləri əsasən banklar üçündür: “Hər nə qədər kart sayı artsa da, onlardan aktiv şəkildə istifadə olunanı azdır. Banklarda aktiv kart sayı təxminən 50 faizdir. Bir şəxs 3-4 kart alırsa, onları müəyyən dövrdən bir – hansısa kampaniyalar, sərfəli şərtlər olduqda, xaricə gedərkən və s. istifadə edir. Amma aktiv şəkildə istifadə edilən kartlar adətən bir və ya iki ədəd olur. Qeyri-aktiv kartlar bank üçün əlavə xərc kimi qalır”.

 

Dələduzluq hər gün inkişaf edir

E.Mahmudov söylədi ki, kartın sahibi üçün mənfi tərəfi yoxdur, sadəcə, bəzi riskləri var: “İnsanın kartı nə qədər çox olarsa, o kartları izləmək, onların təhlükəsizliyini təmin etmək o qədər çətinləşir. Amma əslində sadə qaydalardır. Kart məlumatlarını heç kimə verməyin, gələn sms-lərdəki linklərə daxil olmayın, hər zəng edən şəxsə aldanmayın. Tanımadığınız saytlarda kartınızdan ödəniş vasitəsi kimi istifadə etməyin. Sosial şəbəkələrdə qarşınıza çıxan vədlərə, kampaniyalara inanmayın. Ancaq rəsmi səhifələri, saytları izləyin. Amma hər nə qədər banklar, təhlükəsizlik orqanları, güc strukturları insanları maarifləndirməyə çalışsa da, yenə də görürük ki, aldananlar var. Kartlardan oğurluq halları hər gün inkişaf edir, yeni yollar tapıb insanları aldatmağa cəhd edirlər. Buna görə də hər zaman kart sahiblərindən xahiş edirik ki, təhlükəsizlik qaydalarını nəzərə alsınlar”.

 

 Zərif Salmanlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir