nezaket qaydasi

İtirdiyimiz xüsusiyyətlər: nəzakət – II YAZI

Baxış sayı: 388

Əslində, nə böyük incəlikdir, hər səhər qarşılaşdığın insanlara salam vermək, hal-əhval tutmaq, gülümsəmək, yol vermək, elə deyilmi? Nə qədər əməl edirik, nə qədər qarşılaşırıq bu hallarla? Məsələn, hər səhər mindiyimiz avtobusun sürücüsünə “sabahınız xeyir” demək çoxmu çətindir? Yaxud, xəstəxanada, mağazada öz növbəsini verən insana təşəkkür etmək, çox ağır işdir?

HAŞİYƏ: 1 ay əvvəl, Bakıya güclü qar yağan günü oğlum sürüşüb çiynini, körpücük sümüyünü qırdı. Qırılmış sümük çox ağrımırdı, yəqin ki, zədə hələ isti olduğu üçün. Travmatologiya İnstitutunda növbə gözləyirdik, bizimlə bərabər 80-100 adam da həmçinin. Qarda sürüşüb kiminin ayağı, kiminin qolu, kiminin çanağı qırılmışdı. Hamı sarğı, gips üçün növbə gözləyirdi. Bu vaxt bir qız, yanında da 3 nəfər, ehtimal ki, ailəsi idi, girdilər dəhlizə. Təxminən 23-25 yaşlarında olan qızın qolu çiynindən asılmış vəziyyətdə idi, elə ağlayırdı, adamın ürəyi dözmürdü. O yaşda qız uşaq kimi hönkürürdü.

Həkim səsə dəhlizə çıxdı, qızın qoluna baxdı, məlum oldu ki, çiyni çıxıb, qırılmayıb. Həkim dedi, növbədə gözləyənlərdən icazə al, növbəni versələr girə bilərsən. Qızın ya da ailəsinin xahiş etməyə fürsəti olmadı, hamı bir ağızdan öz növbəsini könüllü verdiyini dedi. O dəhlizdə ondan ağır xəstələr vardı, amma qızın ağlamağına dözmədik, hamı dedi ki, sən növbəsiz keç. Sarğı otağına girdi, 2 dəqiqə sonra gülə-gülə çıxdı, çiyni yerinə salınan kimi ağrısı keçdi çünki. Hamı öz növbəsini verməkdən məmnun bir halda qıza baxırdı, bir insanın ağrısının keçməsinə rəvac vermişdilər axı. Amma bayaq ağlayan, növbəsiz buraxılan qızın nə özü, nə yanında gələn ailəsi heç kimə “sağ ol” demədən çıxıb getdilər. Hamımız ən sadə nəzakət qaydasını eyninə almayan bu insanların arxalarınca baxa-baxa qaldıq.

Biz getdikcə xroniki hala gələn sosial bir xəstəliyin məngənəsindəyik. Əksəriyyətimiz “sabahınız xeyir”, “salam”, “təşəkkür edirəm”, “yaxşı yol” və “sağ ol” deməyi unutmuşuq. Artıq kimsəyə yol vermirik, nəzakət xətrinə də olsa gülümsəmirik, növbəmizi gözləmədən başqasının növbəsinə soxuluruq, başqalarının haqqına giririk. Lakin nəzakət, insanın təkcə özünü deyil, başqalarını da düşünməsidir. Nəzakət mədəniyyətdir, incəlikdir, düşüncədir, hörmətdir.

Nəzakət, insanlara hörmət etməyin, onlara dəyər vermənin və onlara qayğı göstərməyin bir yoludur. Daha açıq desək, nəzakət mədəni insan olmağın tələbidir. İnsanlar nəzakətdən o dərəcədə uzaqlaşıb ki, yalnız özünü düşünür, öz maraqlarını güdür, öz rahatlığı üçün çalışır. Bu cür insanlardan danışanda haqlarında “kobud”, “cahil”, “eqoist”, “diqqətsiz”, “hörmətsiz”, “tərbiyəsiz” kimi ifadələr işlədilir. Nəzakət göstərməyən insanlar bəzən insanları incitdiklərindən xəbərsiz olur, bəzən də incitdiklərini bilə-bilə hərəkətlərinə davam edirlər. İnsanların yaşam səbəbi dünyanı gözəlləşdirməkdir, dünyanın gözəl, yaşanılası yer olması üçün isə insanların bir-birinə olan hörməti, nəzakəti itirməmələri vacibdir.

Nəzakət daxildən gəlməli və bir ölçüsü olmalıdır. Həddindən artıq nəzakət insanları narahat da edə bilər. Xüsusilə dövrümüzdə, insanların bir-birindən bu qədər çəkindiyi, hər şeydən ehtiyyat etdiyi, hər kəsə şübhə ilə yanaşdığı bir vaxtda birinə nəzakət göstərmək ona sataşmaq kimi də görünər. Ona görə israrçı nəzakət də başımıza bəla ola bilər.

Nəzakət qaydaları bir az da adətlərimizdə gizlənib əslində. Adət-ənənələr insani münasibətlərimizdə harda, necə davranmalı olduğumuza dair bir yol xəritəsidir bir növ. Böyüklərə hörməti adətlərimiz öyrədib bizə və bu, bir nəzakət qaydasıdır. Qadınlara diqqəti də adətlərimiz təlqin edib, bu da nəzakət qaydalarına daxildir. Başqasının sözünü kəsməmək, yol vermək, salamlaşmaq, hal-əhval tutmaq kimi xüsusiyyətlərimiz bizə həm adətlərimiz vasitəsi ilə öyrədilib, həm də nəzakət etiketidir.

Nəzakət zorakı öyrədilməlidir, bunun üçün ilk növbədə böyüklər nəzakət qaydalarına əməl etməlidir ki ailədəki kiçiklər baxıb öyrənsinlər. Valideynlərindən nəzakət qaydaları görməyən uşaq da nəzakətli böyüməyəcək, yoldaşlarına qarşı nəzakət qaydalarını tətbiq etməyəcək, ümumiyyətlə belə bir etiketin var olmasından xəbərsiz böyüyəcək. Uşaqlara təşəkkür etməyi, böyüklərə hörmət etməyi, yaşıdlarına necə davranmağı əvvəl valideyn, sonra da məktəbəqədər təlim sistemi öyrədir. Lakin, unutmayaq, yetişdirilmə və böyümə şəraitindən asılı olaraq sözün bütün mənalarında yaxşı insan olan, lakin bir qədər qaba xarakterə malik insanlar, hər bir halda nəzakətli, lakin əxlaqsız birindən üstündür. Kobud insanlar nəzakəti öyrənə bilər, lakin nəzakət pərdəsi arxasına gizlənən əxlaqsızlar heç vaxt tərbiyələnmirlər.

Ümumiyyətlə, nəzakət qaydaları sosial həyatda müxtəlif vəziyyətlərdə riayət edilməli olan müfəssəl qaydalardır. Bu qaydalar insanları bir-birindən ayırmağa, həyatı asanlaşdırmağa və münasibətləri tənzimləməyə kömək edir; Kimin harada və necə davranması onun nəzakətinin göstəricisidir. Nəzakət qaydalarına əməl etməməyə görə heç bir hüquqi sanksiya və ya cəza yoxdur, əməl etmək üçün də heç bir hüquqi öhdəlik yoxdur. Bu tamamilə insani göstəricidir, nəzakət qaydalarına riayət etmək başqalarına hörmət etmək deməkdir.

Nəqliyyatda ikən başqa sürücülərə, qapıdan çıxarkən, liftə minərkən, səkidə gedərkən, pillələri enərkən, avtobusdan düşərkən başqalarına yol vermək nəzakətdir. Mənzil başına bir neçə saniyə gecikmək dünyanın sonu deyil, lakin yol verməklə göstərdiyiniz nəzakət bu dünyanın gözəlləşməsi üçün çox şey deməkdir.

“Təşəkkür edirəm”, “çox sağ olun”, “buyurun”,”xahiş edirəm” kimi minnətdarlıq ifadə edən kəlmələr acı deyil, söyüş deyil, təhqir deyil, bol-bol işlədin. Bu sözlər həm sizin nəzakətinizin göstəricisidir, həm də başqalarına verdiyiniz dəyərin. Ən qanıqara, əhvalsız zamanlarada belə başqlarından bir minnətdarlıq ifadəsi duymaq insanın gününü gözəlləşdirə bilər.

Nəzakət yalnız insana xas xüsusiyyətdir. Yaradanın “ən ali varlıq” deyib xəlq etdiyinə yəni. Biz təbiətdən nəzakət gözləyə bilmərik, heyvanlardan da həmçinin. Hərçənd, bəzən heyvan dediyimiz canlılar ona edilən yaxşılığın əvəzində elə davranış nümunəsi göstərirlər ki, nəzakət sözündən bixəbər insanlar üçün ən böyük dərs olur.

Hara olursa-olsun, kim olursa-olsun, nəzakət hamıya göstərilməlidir. Bu, göstərən insanın xarakterinin göstəricisidir, özünə dəyər verən insan başqalarına da bu dəyəri verəcək. Nəzakət səmimi olmalıdır, etiket qaydalarına əməl etmək xatirinə yox. Sizi başqalarının yanında təhqir edən, şəxsiyyətinizi alçaldan insanlara qarşı göstərəcəyiniz ən yaxşı nəzakət nümunəsi susmaqdır. Çünki bu hərəkəti edən insana nəzakətdən bəhs etmək gərəksizdir, onsuz da anlamayacaq.

Bizim milli adətlərimizdə bir qadınla tanış olanda ona ilk əl uzadanın kişi olmaması kimi bir xüsusiyyət var. Bu etiket qaydalarında da belədir. Nəzakətli kişilər qadınla tanış olanda ona əl uzatmırlar, əgər qadın əl uzadarsa əlini sıxırlar. Həmçinin, nəzakət qaydalarını bilən kişilər pillələrdən enərkən qadından öndə düşür, çıxarkən öndə çıxır.

Usanmadan, yorulmadan daim özündən bəhs edən insanlar da var. Onlara “nəzakətlidir” deyə bilmərik, çünki onlar üçün yalnız öz düşüncəsi, öz etdikləri və özü maraqlıdır. Həmsöhbətinə fürsət vermədən özü danışan insanlar, əks fikri qəbul etməyənlər də nəzakətli deyil. Söhbət mədəniyyətdir, kimin nədən danışması da həmin şəxsin mədəniyyətinin göstəricisidir. Başqalarının söhbətini bölməmək, müdaxilə etməmək, soruşulanda fikir bildirmək də nəzakət qaydasıdır.

Oturmaq qaydası ən böyük nəzakət etiketidir. İnsan oturması ilə haqqında ilk təəssüratı yaradır. Bəzən görürük, efirdə, ictimai yerdə nəzakət qaydalarına uymayan tərzdə oturan insanlar olur. Cinsindən asılı olmayaraq, bütün insanlar üçün keçərlidir, oturarkən kresloya yayxanan, böyüklərin yanında ayaqlarını üst-üstə atan, ictimai nəqliyyatda yaşlı insanlara yer verməyən, ictimai yerdə ucadan danışan, əl-qol zarafatları edən insanlar da nəzakətli deyil.

Birlikdə yaşamaq sivil cəmiyyətlərdə məcburi həyat tərzidir, biz özümüzü bundan təcrid edə bilmərik. Birlikdə yaşayırıqsa bir-birimizə olan etiket qaydalarına da əməl etməliyik. Nəzakət qaydaları ailədə öyrədilmirsə bunun cəzasını cəmiyyət çəkir, belə olduqda cəmiyyətimiz nəzakətsiz insanların zorakı yaşadığı cəngəllik təmsilidir. Ailədə qazanılan etiket qaydaları, əslində, cəmiyyətin avantajıdır.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir