ixtisas secimi

İxtisas seçimində daha çox nələrə diqqət edilməli? – EKSPERT YANAŞMASI

Baxış sayı: 562

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları başa çatdı. İndi ondan da məsuliyyətli bir dövr-ixtisas seçimi başlayır. Müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında ixtisas seçimi kimi ciddi bir problem var.

Bu məqamda düzgün, ağıllı qərar qəbul etmək, öz istəyi ilə bərabər mövcud müsabiqə vəziyyətinin reallıqlarını nəzərə almaq vacibdir.

Tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov valideyn və abituriyentlərin nələrə diqqət yönəltməli olduqlarına dair danışarkən aşağıdakıları dedi : “Fərz edək ki, hər hansı ixtisas üzrə qəbul planı 50 yerdən ibarətdir. Həmin ixtisası ərizəsində müsabiqə şərtlərini ödəmiş 300 nəfər göstərib. Bu zaman həmin 300 nəfərdən ən yüksək bal toplayan 50 abituriyent bu ixtisasa qəbul edilir və 50-ci abituriyentin balı həmin ixtisas üzrə formalaşmış keçid balı olur.

kamran esedov

Abituriyentlər ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları da maraqlandırır. Bu da təbiidir, çünki onlar ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə sizin üçün “oriyentir” – istiqamətverici –  rolunu oynaya bilər. Yuxarıda qeyd olunan kimi, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərə əsasən hər il keçid ballarında müəyyən dəyişmə müşahidə olunsa da, oxşar, təkrarlanan meyillər, tendensiyalar da özünü göstərir.

Amma 2021-cu ildə seçim edəcək abituriyentlər çox diqqətli olmalıdırlar. 2020-cı ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları ilə tanış olmağı məsləhət görürəm amma onunla tam şəkildə yola çıxmaq uğurlu olmayacaq”.

K.Əsədov vurğulayır ki, abituriyentlər mütləq şəkildə 2020-ci ildə öz ixtisas qrupu üzrə eyni və çox bal toplayan abituriyentlərin sayına və həmən ildəki plan yerlərinə baxmalıdırlar:

“İxtisas qrupları daxilində qəbul aparılan ixtisaslar üzrə keçid balının formalaşmasına 3 əsas amil – abituriyentlərin sayı, imtahan nəticəsi və plan yerlərinin sayı təsir edir.

Bir daha qeyd edim ki, 2020-ci ildə bəzi aşağı bal formalaşmış ixtisasların plan yerlərini həmən ilə müqayisə etmək lazımdır. Çünki bu il onların bəzisində azalma var ki, bu da ixtisas seçimi zamanı abituriyentləri yanılda bilər.

Misal üçün, 2020-ci ildə 250 keçid balının formalaşdığı Azərbaycan Texniki Universitetinin Elektronika, telekommunikasiya və radiotexnika ixtisasında 200 plan yeri var idi, bu il isə o ixtisasda plan yeri 110 yer azalıb, 105 plan yeri olub. Bu, o deməkdir ki, keçən illə müqayisədə bu ixtisasda plan yerinin azalması həmən balın təkrarlanmamasına səbəb ola bilər.

Başqa bir misal, 2020-ci ildə 278 keçid balının formalaşdığı Azərbaycan Neft və Sənaye Universitetinin İnformasiya təhlükəsizliyi ixtisasında 85 plan yeri var idi, bu il isə o ixtisas üzrə plan yeri 25 yer azalaraq 60 plan yeri olub. Deməli, bu ixtisası seçən abituriyentlər də diqqətli olmalıdırlar.

Belə hallar çoxdur, ona görə də ixtisas seçimi edən hər kəs Dövlət İmtahan Mərkəzinin (DİM) jurnallarına baxmalıdır, heç bir əlavə informasiyaya aldanmamalıdır. Abituriyentlər mütləq şəkildə yalnız DİM-in resurslarından istifadə etməklə uğurlu ixtisas seçimi edə bilərlər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir