esmer C

Karantindən çıxan həkim danışır: “O hal Azərbaycanda olsaydı…”

Baxış sayı: 1. 213

COVID-19-un həyatımıza gətirdiyi “yeniliklər” çoxdur. Ölkəmizdə xüsusi karantin rejimi elan olunub. Xarici ölkələrdə olan həmyerlilərimiz isə ölkəyə gətirilən kimi karantinə alınırlar. Cərrah-oftalmoloq, Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyinin, Avropa Kataraktoloqlar və Refraktiv Cərrahlar Cəmiyyətinin üzvü Əsmər Cümşüdova karantindən yeni çıxıb. Həm də ailəlikcə. “Gencaile.az”saytı “Lent.az”-a istinadən bildirir ki, Əsmər Cümşüdova müsahibəsində karantinə qədər, karantin dövrü və ondan sonrakı yaşantılar barədə danışıb.

– Hansı şəraitdə, haradan gəldiniz, karantində qalmalı oldunuz?

– Mən bir ildən çoxdur ki, tibbi təcrübəmlə əlaqəli ailəmlə birgə İngiltərədə yaşayıram. Əslində, aprelin əvvəllərində qısa müddətlik Bakıya gəlməli idik, hətta gediş-dönüş biletlərimiz də bir neçə ay öncədən alınmışdı. Lakin martın ilk həftəsindən başlayaraq koronavirus pandemiyası ilə bağlı İngiltərədə vəziyyət kəskin şəkildə pisləşdi, infeksiyaya yoluxanların və ölənlərin sayı hər gün həndəsi silsilə ilə artırdı. Britaniya hökuməti qərar verdi ki, martın 23-dən etibarən bütün təhsil ocaqları – məktəblər, uşaq bağçaları, kollec və universitetlər bağlansın, ərzaq mağazaları və apteklər istisna olmaqla bütün mağazalar fəaliyyətini dayandırsın. Əksər iş yerləri isə artıq bir həftə ondan öncə online iş rejiminə keçmişdi. Bakıya dönüşü tezləşdirməyə qərar verdik və martın 22-də London-Bakı reysi ilə vətənə döndük.

– Nİyə qalmadınız orda, gəlməyi seçdiniz? Burda da eyni vəziyyət gözlənirdi…

– Biz hələ İngiltərədə ikən bilirdik ki, Bakıya gələrkən, böyük ehtimalla, karantinə alınacağıq, doğmalarımız, yaxınlarımızla bir ölkədə olsaq da fiziki olaraq onları görə bilməyəcəyik. Məcburi karantinə alınma məntəqələrindəki vəziyyət haqqında çox təzadlı məlumatlar alırdıq. Bir tərəfdən sosial şəbəkələrdə yayılırdı ki, məcburi karantin yerlərində şəraitsizlikdir, digər tərəfdən isə rəsmi telekanallar belə məntəqələrin işinin yüksək səviyyədə təşkil olunduğuna dair məlumatlar verirdi. Bilmirdin nəyə inanasan. Nədənsə biz azərbaycanlılar həmişə ən pisi gözləyirik…

İngiltərədə isə insanlar sakit idi, ümumiyyətlə, panika hiss olunmurdu. Halbuki rəsmi məlumatlar ürəkaçan deyildi. Ölkədə 111 (ABŞ-dakı 911 analoqu kimi) qaynar xətt fəaliyyət göstərirdi, vətəndaşlara tövsiyə olunurdu ki, qrip əlamətləri olarsa, qətiyyən xəstəxanaya gəlməsinlər, evlərini tərk etməsinlər. Çünki əksər insanlarda COVID-19 yüngül keçir, evdə də sağalmaq olar, qaynar xəttə isə ancaq xəstənin vəziyyətinin ağırlaşdığı halda müraciət etmək olar. Ən çox vurğulanan isə xəstəlik əlamətləri hiss edən kimi özünü və ailəni evində izolyasiya etmək (self-isolation), başqalarının yoluxmasının qarşısını almaq idi.

Yəqin razılaşarsınız ki, Britaniyanın Baş naziri Boris Consonun rəsmi çıxışında (hərfi tərcümə edəcəyəm, mənə təəccüblü gəldiyi üçün dəqiq yadda saxlamışam) “Biz doğmalarımızla vaxtından əvvəl vidalaşmağa hazır olmalıyıq” və ya “kifayət qədər morqlar hazırlamışıq” deməsi İngiltərədə qalmağa motivasiya ola bilməzdi. Heç təsəvvür belə etmək istəmirəm ki, Azərbaycanda eyni hal baş versə idi, həmvətənlərimin reaksiyası necə olardı, düşünmək belə olmur. Amma ora İngiltərədir, ingilislər də soyuqqanlı və təmkinli olmağı bacarırlar. Görünür, baş nazir də cəmiyyətinin psixologiyasına yaxşı bələd olduğu üçün belə danışmağı normal sayırdı.

Belə çətin bir məqamda qərar verməli idik: gedək, yoxsa qalaq? Bir həkim və ana kimi düşünməli idim. Hansı ölkədə övladlarımın sağlamlığı və təhlükəsizliyi daha çox təminat altında olar? Digər tərəfdən, çətin anlarda qohumlarının, yaxınlarının əhatəsində olmaq istəyirsən. Dünyadakı böhranın nə qədər uzanacağı ,nə ilə nəticələnəcəyi bəlli deyil, ən yaxşısı öz torpağımda, öz evimdə, doğmalarımın əhatəsində olum, orada daha çox güvəndəyəm deyə bir hiss yaranır insanda. Bəlkə də məntiqli deyildi. Dünyanın ən varlı, inkişaf etmiş, səhiyyə sistemi yüksək səviyyədə təşkil edilmiş və ən əsası, tibbi xidmətin pulsuz olduğu bir ölkədəsən, amma epidemiya yayılan kimi öz vətəninə qayıtmaq istəyirsən. İngiltərədə qalmağı üstün tutan dostlarımın ən tutarlı arqumenti o idi ki, orada süni ventilyasiya aparatları daha çoxdur, deməli, tənəffüs çatışmazlığı baş verərsə, sağ qalma şansı da yüksəkdir. Düzü, mənim üçün inandırıcı dəlil deyildi. Niyə axı yenə də ən pisini fikirləşməliyik?

Gəldik Bakıya. Bizi Pullman hotelə gətirdilər. Bir ailə üzvü olduğumuzu nəzərə alaraq, bizi arasında keçidi olan iki yanaşı nömrələrə yerləşdirdilər. Nömrələr geniş, təmiz və kifayət qədər komfortlu idi. Qorxularımızın əksinə olaraq, istər qulluq, qidalanma , istərsə də həkim nəzarəti baxımından hər şey yüksək səviyyədə idi. Ola bilsin, karantin təcrübəsində hansısa neqativ hallar yaşayanlar sözlərimin səmimiliyinə şübhə ilə yanaşsınlar, amma mən maksimum dərəcədə obyektiv olmağa çalışıram. Həqiqətən də şikayət etməyə heç bir səbəbimiz yox idi. Biz 12 gün karantində qaldıq, iki dəfə koronavirusa görə analiz olunduq, nəticələrimiz neqativ çıxdığı üçün evə buraxıldıq.

Karantində özünü necə hiss etməyə qaldıqda isə yenə də təkrar edirəm: şikayət etməyə səbəbim yox idi. Əgər bir insanın canı sağ və salamatdırsa, normal qidalanırsa, sağlamlığı və təhlükəsizliyi qorunursa, özünün və başqalarının təhlükəsizliyi üçün bir müddət qapalı məkanda qalmaq o qədərmi böyük qurbandır? Uşaqlarıma hətta İngiltərəni tərk etmədən bunları izah etmişdim, karantində olarkən də fikirlərini pozitivə yönəltməyə çalışırdım. Əslində, ən böyük təhlükə, məncə, kənardan olan münasibət idi. İlk günlərdə zəng edən qohum və dostları inandırmalı olurduq ki, fiziki vəziyyətimiz də , mənəvi durumumuz da əladır. Yaxınlarımıza bizim məcburi olaraq karantində saxlanmağımız nədənsə ağır və dözülməz gəlirdi, az qalsın azadlığın itirilməsi kimi dəyərləndirənlər də olurdu. Yəqin ki, hər şey baxış bucağından asılıdır. Təki söz və fikir azadlığımız həmişə bizimlə olsun, başqa məhdudiyyətlərə səbir etməyə nə var ki? Arada, düzdür, darıxdırıcı da olurdu. Amma qızım Banu sevinərək onu da deyirdi ki, ana, hamımızın bu qədər bir yerdə olduğumuz olmayıb. Uşaqların İngiltərədən online dərsləri davam edirdi, yoldaşım online işləyirdi. Mən də demək olar ki, hər gün tibbi imtahanlarımla bağlı online nəzəri dərslərdə iştirak edirdim, oxunası materialım onsuz da çox idi. Ümumiyyətlə, mütaliə ən çox sevdiyim məşğuliyyətdir, karantin də məcburən qaçdı-qovdudan uzaqlaşdırıb oxumağa indiyədək tapmadığın vaxtı bağışlayırsa, nədən şikayət edim? Yəqin ki, kitabsevərlər məni yaxşı başa düşər.

esmer cumsudova

– Gəldiyiniz ölkə ilə müqayisədə Azərbaycanda koronovirusla mübarizə, qorunma necə gedir?

– Mən İngiltərə və Azərbaycanın səhiyyə sistemlərini müqayisə etməyəcəyəm. Çünki söhbət COVID-19 -un müalicəsindən və ya vaksin yaradılmasından getmir. İndi artıq heç kəsə sirr deyil ki, bu gün üçün yeganə çarə koronavirusa qarşı vaksinin hazırlanmasıdır və bütün dünya hansısa bir qərb dövlətinin bu vaksini tezliklə əldə edəcəyinə ümidlidir. Son 3 ayda dünyanı lərzəyə gətirən pandemiya bir şeyi də sübut etdi ki, koronovirus qarşısında ən inkişaf etmiş ölkələr də eyni dərəcədə acizdir. Söhbət qorunma və profilaktika metodlarından gedirsə, Ümumdünya Səhiyyə Təşkilatının konkret tövsiyələri var və bu tövsiyələr bütün ölkələr üçün eynidir. Buna riayət etmək üçün də yeni icadlara ehtiyac yoxdur .Hər dövlət öz qayda-qanunlarına, cəmiyyətinin xarakterinə əsasən koronovirusla mübarizə üçün müvafiq tədbirlər görməyə çalışır. Azərbaycan da vaxtında və adekvat önləyici tədbirlər həyata keçirən ölkələrdəndir. Amma gəlin biz İngiltərə və Azərbaycan cəmiyyətindəki karantin qaydalarına münasibətdəki fərqlərə baxaq. İngiltərə rəsmiləri hələ 1 ay bundan öncədən infeksiyaya yoluxanların və insan itkisinin çox olacağını “söz verirdi”, amma paradoksal olsa da nə ölkədə karantin elan edirdi, nə də vətəndaşlarına məcburi məhdudiyyətlər qoyurdu. Cəmiyyət isə bunu çox rahat qarşılayırdı. Şəxsən mən insanlardakı bu qədər loyallığa heyrətlənirdim.

Xaricdən ölkəyə qayıdanlara və ailə üzvlərindən kimsə qrip olarsa, digərlərinə də 14 gün ərzində evdə qalmaları tövsiyə olunurdu. Bu həmin həftə idi ki, İtaliyada koronavirus pandemiyası birdən-birə sürətlə yayılıb yüzlərlə can alırdı. Bir həftəlik məktəb tətili ərzində İtaliyada istirahət etmiş insanlar İngiltərəyə geri qayıdırdılar. Və inandırım sizi, kiminsə ağlına belə gəlmirdi ki, tövsiyələrdən yayınsın. Əlbəttə, mən bütün cəmiyyətin adından danışa bilmərəm, ancaq ətrafdakı tanıdığım insanları ,ümumi əhval-ruhiyyəni təsvir edirəm. Məsələn, mənə hər iki övladımın məktəblərindən xahiş məktubu göndərmişdilər ki, evdə qızdırmalı və öskürək əlamətləri ilə kimsə varsa, zəhmət olmasa, uşaqlarınızı məktəbə göndərməyin. Diqqət edin: tövsiyə və xahiş. Heç kəs gəlib yoxlamayacaqdı, heç kəs cəzalandırılmayacaqdı.

Vətənə döndükdə isə biz azərbaycanlılar arasında bəzən qoyulan qaydalara laqeydlik , məsuliyyətsizlik, bəzən də ümumiyyətlə, ölkədəki karantin qaydalarının zəruriliyinə inamsızlıq hiss etdim. “Mənə heç nə olmaz” prinsipi ilə özünün “fövqəladə” immun sisteminə güvənib elementar profilaktik tədbirlərə məhəl qoymayan da oldu. Hətta “qlobal sui-qəsd” cəfəngiyyatına inanıb “virus-filan yoxdur”, deyənlər də tapıldı. “Bizdə ölənlər azdır” faktına sevinmək əvəzinə, Azərbaycanın bu bəladan daha az itkilərlə qurtulacağına ümid etmək, şükür etmək əvəzinə bunu karantin qaydalarından yayınmağa əsas sayan da oldu. İndi sizcə, aramızda bu ab-havada olan insana dövlətin ingilissayağı “tövsiyəsi və ya ricası” nə dərəcədə təsir edə bilərdi?

– Haqlısınız, psixologiyalar çox fərqlidir. Bir göz həkimi kimi koronovirusun gözdən də keçə bilməsi ilə bağlı fikriniz nədir?

– Bəli, artıq təsdiq olunub ki, koronovirus gözlə də keçə bilər. COVID-19 xəstəsi öskürərkən və ya asqırarkən ətraf havaya virus damcıları yayır və bu hissəciklər əsasən ağız, burun və az ehtimalla olsa belə gözün konyunktiv qişası vasitəsilə də orqanizmimizə daxil olub, bizi yoluxdura bilər. Həmçinin müxtəlif səthlərdə virus damlaları bir neçə saatdan bir neçə günədək qala bilir, biz belə səthlərə toxunduqdan sonra çirkli əllərimizlə gözümüzə təmas edərək fərqinə belə varmadan koronovirusa yoluxa bilərik. Bunun üçün də əllərimizi dönə-dönə yumaq, bayırda olarkən üzümüzə toxunmamaq bu qədər əhəmiyyətlidir. Bir nüansa da toxunmaq istərdim. Son araşdırmalar göstərib ki, COVID-19 xəstələrində follikulyar konyunktivit aşkarlanır. İnsanlar bu məlumatları internetdən oxuyub təşvişə düşməsinlər, hər gördüyünüz “qırmızı göz” koronovirus xəstəsi deyil. Konyunktivit koronovirus xəstələrində çox nadir əlamətdir, cəmi 1-3% hallarda rast gəlinir.

– Bir həkim bu gün pasiyentlərinə, ümumiyyətlə insanlara hansı tövsiyəni verməlidir?

– Dünya çətin sınaqla üz-üzədir. Heç kəs istisna deyil, heç kəs infeksiyaya yoluxmaqdan sığortalanmayıb. Dünyanın yarısı evdədir. Gəlin hamımız dünyanın “evdə qal” çağırışına əməl edək, infeksiyanın yayılmasına şərait yaratmayaq, özümüzü və yaxınlarımızı qoruyaq! İngilissayağı təmkin və praktiki yanaşma, amma sırf Azərbaycansayağı optimizmlə.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir