Vaxtından əvvəl doğulan körpələr üçün nəzərdə tutulan küvəz XIX əsrin sonlarında ixtira olunub. Küvəz icad olunmamışdan əvvəl erkən dünyaya gələn yenidoğulmuşların həyati funksiyalarını tənzimləmək məqsədilə cücələr üçün nəzərdə tutulan, 1881-ci ildə Stephane Tarnier tərəfindən ixtira olunan inkubatorlara üstünlük verilirdi. Cücələrin yumurtadan çıxması üçün istilik, rütubət və havalandırma tarazlığını tənzimləyən bu cihazlarda vaxtından əvvəl doğulan körpələr üçün ana bətnindəki optimal şərait qorunmağa çalışılırdı. Hər 3 saatdan bir tibb bacısı tərəfindən dəyişdirilən isti su şüşələri ilə qızdırılan bu sistemdə birdən çox körpə müşahidə altında saxlanıla bilirdi.
Yaranan ehtiyaclar və inkişaf edən texnologiya ilə ilk tibbi küvəz 1891-ci ildə Fransanın Nitsa şəhərində Alexandre Lion tərəfindən hazırlanır. Bu küvəzin havası iri metal gövdəyə qoşulmuş müstəqil ventilyatorun köməyi ilə daim təmizləndiyi halda, istilik balansı termostat tərəfindən təmin edilirdi. Vaxtından əvvəl doğulan körpəni ana bətnindəki mühitə uyğunlaşdırmaq məqsədi daşıyan küvəz uğurlu nəticələr verir.
Alexandre Lion küvəzlərin necə işlədiyinə dair ödənişli tədbirlər təşkil edir və qazandığı məbləği işlərində istifadə edir. Küvəzdə müalicə alan körpələrlə birgə çəkilən qrup şəkillərindəki sağlam körpələr ictimaiyyətin diqqətini çəkərək ianə toplamağa başlayır. A.Lion kəşfinin ilk üç ilində 185 vaxtından əvvəl doğulan körpədən 137-ni xilas etmiş və böyük uğura imza atır.
Keysəriyyə küvəz üçün bəhanədir
Yaradan qadınlara anadangəlmə doğuş bacarığı verib, hər qadın dünyaya təbii yolla övlad gətirə bilmək qabiliyyətinə malikdir, bu bizim təbii strukturumuzda var. “Bu qadın doğa bilmir” iddiası kökündən gülüncdür yəni. Qadınları keysəriyyə əməliyyatına yönəltmək üçün bir çox hallarda belə əsassız iddialarla çıxış edən həkimlər iddialarına tutarlı əsas da gətirə bilmirlər. Bəzi hallarda gözlərin zəifliyi, bəzi hallarda çanağın darlığı, bəzi hallarda ananın orqanizminin zəif olması kimi iddialar irəli sürülür.
Azərbaycanda vaxtından əvvəl keysəriyyə əməliyyatlarının böyük qismi özəl klinikalarda aparılır. Normal doğuş hamiləliyin 38-ci həftəsindən sonra baş tutan doğuşlar hesab edilir, keysəriyyə əməliyyatları isə çox zaman 38-39 həftədə yox, müxtəlif risklər nəzərə alınaraq 33-35-ci həftədə həyata keçirilir. Həkimlərin qorxusu uşağın doğuş kanalına düşməsidir ki, bu halda keysəriyyə etmək olmaz.
Keysəriyyə əməliyyatında həkimlərin israrının başqa bir səbəbi də işlədikləri klinikanın tələbi ilə süni küvəz ehtiyacı yaratmaqdır. Hamilə qadına müxtəlif səbəbləri bəhanə gətirərək, keysəriyyə təklif edən ginekoloq-cərrahlar uşağı bətndən 33-35 həftədə çıxararaq, küvəzə yerləşdirirlər. Maraqlısı odur ki, uşağın doğuşdan sonra küvəzə qoyulacağı barədə öncədən valideynlərə bir məlumat verilmir, çünki hamilə qadının başqa bir həkimə gedə biləcəyi ehtimalından çəkinirlər. Zorakı halda hamiləliyi sonlandıran bu həkimlər nəfəsalma funksiyası bərpa olunmamış yarımçıq körpələrin hesabına klinikanın bazarını çiçəkləndirirlər.
Dövrün ginekoloqlarının əksəriyyəti həm də cərrah kimi fəaliyyət göstərir, onlıar hamiləliyi ilk həftələrindən etibarən təqib edir, hamiləlik boyunca dərman firmaları ilə əməkdaşlıq edir, gərəkdi-gərəkmədi dərman təyinatı verirlər. Hamiləliyin sonunda qadına qeyd etdiyimiz müxtəlif səbəblərdən birini bəhanə gətirərək, keysəriyyə təklif edən ginekoloq-cərrahlar uşağı ana bətnindən 3-4 həftə tez çıxararaq, küvəzə yerləşdirirlər.
Küvəz üçün təyinatı necə uydurmalı?
Proses belə aparılır: Özəl klinikalarda işləyən, reklamlarla hamilə ovuna çıxan ginekoloq-cərrahlar əvvəlcə hamiləni nəzarətə götürür, 9-cu ayadək uydurulmuş analizlər və saxta xəstəlik diaqnozları ilə xeyli pulunu alır, doğuş vaxtı yetişəndə isə yeni diaqnoz qoyurlar: “uşaqda ürək zəifləyir”, “dölyanı maye azdır”, “uşaq təbii doğuşa hazır deyil”, “sən təbii doğuş edə bilməzsən, çanağın dardır”, “keysəriyyə olmasa uşağın həyatı təhlükədədir” deyərək onsuz da tikan üstə olan ananı qorxudurlar. Ömrünün ən həssas dövründə olan hamilə qadın da övladını xilas etmək üçün o anda nə desələr razılaşır, axı söhbət balasından gedir.
Bu ginekoloqlar hətta bəzən lap irəli gedərək uşaqları ana bətnindən keysəriyyə yolu ilə 33-35 həftədə ayırırlar. Bu həftələrdə uşaq yarımçıq doğulmuş sayılır. Anaya, ataya -bütün ailəyə öncədən bu barədə məlumat vermirlər, çünki alternativ həkim və kilinika təhlükəsi var. Neonatal şöbəyə ehtiyac olmayacaqmış kimi davranırlar, hətta hamilə qadına uşağın ana bətnində ciyərlərinin açılmasını təmin edən bahalı iynə də vururlar. Ailə həkimə inanır, güvənir. Elə bu inam və güvən də onların ən böyük səhvi olur.
Bura qədər oxuduqlarınız hələ jurnaldır. Kino bundan sonra başlayır. Uşaq doğulandan sonra bütün insani hisslərini pula dəyişmiş o ginekoloq-cərrahlar deyirlər ki, körpənin həyati təhlükəsi var və yaşasın deyə küvəzə qoyulmalıdır. 9 ay soğan kimi soyulmuş valideyn nə edə bilər? Övladı üçün əlbəttə ən son qəpiyinə kimi xərcləməyi gözə alır. Axı bu körpəyə görə 9 ay almadığı dərman, vermədiyi analiz qalmayıb bu qadının, indi bir küvəzə görə bu boyda əziyyət heç olsun? Razılaşırlar və körpə gedir neanotologiyaya, küvəzin içinə. Burada klinikanın sayğacı da işə düşür, hər gün üçün ən az 300 manatdan hesablayın, ən az 1 ay küvəz macərası bu ailəyə neçə min manata başa gəlir sizcə? 9-10 min manata!
Bu pulu ödəmək qabiliyyəti, imkanı olan neçə ailə var ölkədə? Əlacı kəsilən valideynlər maşını, qızılı satır, ev sata bilmir, çünki kirayədə yaşayır. Belə olan halda yada xalq düşür, bir bank kartı, yalvarış dolu bir mətn, gözü yaşlı ana və küvəzdəki yarımcan körpənin fotoları. Bizim insanlar mərhəmətlidir, rəhmlidir, bu günədək belə vəziyyətlərdə hamının yardımına qaçıb insanlar. Əllərindən gələni edirlər, mərhəmətli insanların son qəpikləri klinikanın kassasını doldurduqca körpənin küvəzdə qalma şansı da artır. Əks halda körpə yaşama şansını itirəcək. Çünki ən az 2000 depozit qoyulmayan, hər gün üçün minimum 300 manat ödənilməyən vəziyyətdə o küvəz o uşağa dar ediləcək.
Pulun yoxdursa, marş!
Xatırlayıram, bir neçə il öncə Respublika Perinatal Mərkəzin direktoru, həkim ginekoloq Sevinc Məmmədovanın bir müsahibəsini oxumuşdum mətbuatda, dediyi bir söz iliklərimə qədər işləmişdi: “O qədər qışın soyuğunda, gecəyarı, qucağında nəfəsi kəsilmiş, göyərmiş körpəsini gətirən analar olur ki. Ya Pediatriya İnstitutuna, ya da Perinatal Mərkəzə gəlirlər. Özəl klinika daşınmaq üçün heç xüsusi təcili yardım maşını da vermir. O da pulludur – 300 manat. Pul yoxdursa, uşağı verir valideynin qucağına. İş orasındadır ki, vətəndaşlar dövlət xəstəxanasında belə bir münasibət olsa, həkimi az qala öldürərlər. Amma özəldə baş verəndə şikayət də etmirlər. Çünki pulun yoxdursa, sənə xidmət yoxdur, bununla da barışırlar. Amma belə olmaz. Körpəni aparatdan ayırıb, sterillik pozularaq, taksi ilə göndərmək olmaz”.
Bir neçə klinika ilə küvəz qiymətlərini dəqiqləşdirdim. Leyla Medical Centerdə 1 bir gün üçün küvəz qiyməti 180 azn təşkil edir və 1000-2000 AZN aralığında depozit qoyulmalıdır. Bu qiymətə ehtiyac yaranacaq dərmanların qiyməti daxil deyil, onun üçün əlavə pul tələb olunacaq. Oksigen Klinikada küvəz qiyməti 1 gün üçün ən az 500 manat hesablanır.
İnternational Medical Centerdə küvəz ehtimalı olan körpə üçün ilkin 1500 manat depozit tələb olunur. Uşağın doğulma (zorla doğuzdurulma) prosesindən sonra neçənci həftədə olması küvəz qiymətlərinə təsir edir. Klinika israrla günlük ödənişi demədi, lakin analizlərimizə görə bu qiymət günlük 500 manatdan az deyil.
Vital Klinikada depozit olaraq 1000 manat tələb edilir, öncə küvəzin bir günü 50 və 80 manat aralığında deyirlər, lakin edilən hər avadanlıq və dəman müdaxiləsi üçün məbləğ yüksəlir. Belə ki, bu klinikada küvəzdə uşaq saxlamaq üçün günlük minimum 350 manat təlıb edildiyi deyildi.
Küvəzə düşməmək üçün nə etməli?
Bəzən vaxtında – 39-40 həftədə doğum edən anaları da qorxudurlar, “körpənin çəkisi azdır, zəifdir, küvəzə ehtiyacı var” deyə. Küvəzə girmək heç bir halda uşağın çəkisi ilə bağlı deyil. Bu hamiləlik həftəsi ilə əlaqəli bir vəziyyətdir. Başqa sözlə, daha az həftədə doğulan bir körpənin küvəzəgirmə ehtimalı daha böyük bir hamiləlik həftəsində doğulan və çəkisi az olan bir körpə ilə müqayisədə daha yüksəkdir. Misal üçün, 34 həftəliyində 2.800 çəki ilə doğulan körpənin küvəzə qoyulma ehtimalı daha çoxdur, nəinki 38-39 həftəliyində 2.400 və ya 2. 500 ilə doğulan körpə.
Özəl klinikaların küvəz fırıldağına düşməmək üçün əsas məsuliyyət valideynlərin üzərinə düşür. Hamiləliyin gedişatı zamanı sizə təyin edilən hər dərman üçün araşdırma edin, hər analiz üçün əsas tələb edin. Klinikanın kassası dolacaq deyə sizi hər ay əsaslı analizə göndərən, dəxlisiz dərmanlar yazan həkimlərdən uzaq durun. Hamilə qadın xəstə deyil, sadəcə hamilədir və bu tamamilə normal fiziolji prosesdir. Sizə xəstə kimi yanaşan həkim faydalı ola bilməz. Keysəriyyə ən son anda ana və körpənin həyatını qurtarmaq üçün icra edilən əməliyyat növüdür, bu bir seçim deyil, könüllülük əsasında həyata keçirilmir. Bəzi klinikalar, vicdanını itirmiş bəzi həkimlər sizin sağlamlığınız, övladınızın can təhlükəsi bahasına sizi bu yola sürükləyə bilər, amma etiraz etmək, həkim dəyişmək seçiminiz də var və bu seçim həm övladınızı küvəzdən qoruyacaq, həm də ailə büdcənizə qarşı edilən hücumun qarşısını alacaq.
Unutmayın, vicdanlı həkimlər, xəstə sağlamlığını biznes maraqlarından üstün tutan xəstəxanalar da var və onları araşdırıb tapmaq sizin öhdənizə düşür. Erkən doğuşa məcbur edilənlərdən, zorla keysər edilən analardan olmamaq üçün bir az gözüaçıq və məlumatlı olmaq kifayətdir.
Lalə Mehralı