endirim

Mağazalardakı yalançı endirim kompaniyaları

Baxış sayı: 540

Belə qiymət kağızları indi bir çox mağazalarda müştərilərini gözləyir. Məqsədi müştəri cəlb etmək olsa da alıcılar bu kimi halları normal qarşılamır. İstehlakçılar belə endirimləri aldadıcı kompaniyalar hesab edirlər.

Marketoloq Bəylər Əlizadənin fikrincə isə bu addım qətiyyən belə qiymətləndirilməməlidir, çünki  bu kimi halların heç birində qanun pozuntusu yoxdur. O, bu barədə açıqlamasında bildirir. Mütəxəssis həmçinin qeyd edir ki, marketinqdə belə üsulllar müştəri cəlb etmək üçün ən effekli vasitədir.

“Burada əsasən real rəqəmlərə üstünlük verilir. Bu müştəri aldatması deyil. Çünki qiymət açıq şəkildə bəllidir, istər 50 manat olsun, istər 49,99 AZN. Buna görə də burada hər hansısa aldatmadan söz gedə bilməz. Əlbəttə ki, psixoloji olaraq qiymətin azalması müştəriyə təsir edir, ona görə də marketinqdə bu üsulu effektli saymaq olar. Bu addımı biznesdə satışa təsirindən, nəticənin nə olmasından asılı olaraq doğru hesab edə bilərik. Ancaq müştəri tərəfindən yanaşsaq bu tip kampaniyalar alıcılar tərəfindən sıxıcı gəlir. Yerli camaat hazırda belə endirimlərə aldanmır”.

Bəs, bir qəpik endirim etməkdə şirkətlərin marağı nədir? Ümumiyyətlə, böyük şirkətlər nə üçün belə bir qəpik endirim edirlər? Gözləntiləri nələrdir?

Marketoloq Bəylər Əlizadə bu suallara da cavab verdi. O, bildirdi ki, psixoloji cəhətdən qəpiklər müştəriyə çox kiçik bir məbləğ kimi gəlir. Bu səbəbdən də onlar  belə endirimlərə aldanırlar.

“Satış həyata keçirən şirkətin marağı 50 manatdan qalan 1 qəpik deyil. Bu məbləğ böyük marketlərdə xırda xərci həll etmək üçün istifadə edilə bilər. Ancaq balaca şirkətlərdə gözlənti başqadır. Onlar yalnız bu yolla müştəri cəlb edirlər. Bu bir növ psixologya ilə bağlıdır. Çünki müştəri markanın üzərində yazılan 50 manatı görməsə də,  49,99 manata mütləq nəzər salacaq. Çünki burada əlavə edilən iki rəqəm sizə qiyməti daha qabarıq şəkildə görməsinə səbəb olur. Bu bir növ malı almağa sövq edir. Kiçik bir misalla izah edim: Cibimizdə bir manat qəpik şəklində olanda elə bilirik ki, pul yoxdur. Amma bir manat kağız əskinazı pul sayırıq. İnsanlar da bilir ki, bir qəpiyin mahiyyəti yoxdur, amma şüuraltı onu endirim kimi qəbul edirlər.

Məsələ barədə danışan digər müsahimiz deputat Razi Nurullayev də Bəylər Əlizadənin fikirləri ilə razılaşır. Dünyanın bir çox yerlərində olduğunu bildirən parlament nümayəndəsi deyir ki, hər yerdə qiymət endirimləri bu formadadır.

“Hər bir yerdə qiymətlər bu formada verilir. 50 yox, 49,99 lirə, 49,99 dollar, 49,99 avro, rubl və s. Bu marketinqin tələbədir. İnsan burada 49 manatı görür qəpikləri hesablamır. Bu marketoloqların  insanları qiymətə cəlb edib, alış- veriş etmək üçün hazırladıqları üsuldur. Ona görə də satıcıları günahlandıra bilmərik. Bu bir marketinq hiyləsidir. İnsanların buna inanmasının səbəbi də bahalaşmanın həddindən artıq olmasıdır. İnsanlar  həriqətən də əziyyət çəkirlər. Qiymətləri də aşağı sala bilmirik, bu bizdən asılı səbəblər deyil. İnsanların aylıq məvacibləri artırılmalıdır ki, belə şirnikləndirici kampaniyalar onlar üçün qeyri adi gəlməsin”.

 

Ləman Abbaslı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir