dogum

Kişi ginekoloqlardan çəkinən ərlər: qısqanclıq, yoxsa cahillik?

Baxış sayı: 1. 503

Bu yaxınlarda Səudiyyə Ərəbistanında ərin arvadının doğuşunu həyata keçirən kişi ginekoloqu güllələməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. İstifadəçilər bu kimi halların müsəlman ölkələrində tez-tez baş verdiyini, kişilərin doğuşda yalnız qadın həkimlərin iştirak etməsinə icazə verdiklərini qeyd etmişdilər.

Bəs müsəlman ölkəsi olan Azərbaycanda vəziyyət necədir?

Kiçik bir araşdırma nəticəsində məlum oldu ki, Azərbaycanda kişi ginekoloqların sayı heç də az deyil. Hətta xəstəxanalarda ən çətin doğuşları kişi ginekoloqlara etibar edirlər. Ancaq yenə də kişi ginekoloqlara münasibət birmənalı deyil.

Ginekoloq, cərrah Rəşad İsmayılzadə Türkiyəyə nisbətən Azərbaycanda kişi ginekoloqlara münasibətin daha yaxşı olduğunu deyir:

“Xəstəxanalarda mütləq qadın və kişi ginekoloqlarımız var. Ailə kişi həkim istəmirsə, müayinələri qadın həkimlər edirlər. Mentalitetə görə, bəzi xəstələr kişi həkimlərin doğuşda iştirak etməsini istəmir. Ona görə də müayinələri kişi ginekoloq etsə də, doğuşu qadın həkim həyata keçirir. Elə xəstələrimiz çox olub. Nəsə problemləri olur, müalicə edirik, ancaq doğuşlara biz girmirik. Bunu anlayışla qarşılayırıq. Bu kimi problemlər Azərbaycanda Avropa ölkələrinə görə daha çox, digər Şərq və müsəlman ölkələrinə nisbətən daha azdır. Məsələn, vəziyyət yaxın Türkiyədən daha yaxşıdır. Nəticə yaxşı olduqdan sonra bütün xəstələrimin ərləri birbaşa təşəkkür edirlər. Bu da normal haldır. Konsultasiyalarımızda iştirak edən hamilələrin həyat yoldaşları söhbətlərimizi müşahidə edirlər. Həkim həkimdir və söhbət sağlamlıqdan gedirsə, bu kimi ayrı-seçkiliklər və sonradan peşman olunacaq hallar yaşanmamalıdır”.

Türkiyədə fəaliyyət göstərən ginekoloq, cərrah Emin Haqverdiyev kişi həkimlərə qarşı belə münasibətin cahillikdən gəldiyini bildirir:

“Bakıdakı vəziyətdən çox da xəbərdar deyiləm. Ankarada belə problemlərlə tez-tez rastlaşmırıq. Ancaq Türkiyənin şərq vilayətlərində vəziyyət elə də yaxşı deyil.

Necə ki biz xəstələrimizi bizə tibbi cəhətdən möhtac olan insanlar olaraq görürük, onlar da bizi həkimi və ən əsası cərrahı olaraq görməlidirlər. Bu kimi problemlər geridəqalmış toplumların ortaq problemidir. Həllini də ancaq cahillikdən uzaqlaşmaqda və təhsildə görürəm”.

Psixoloq Elnur Rüstəmov isə bu kimi insanların psixoloji cəhətdən müəyyən problemləri olduğunu qeyd edir:

“Səudiyyə Ərəbistanında baş verən hadisəni mən də mediadan oxumuşam. Bu halı hamıya şamil etmək doğru olmaz. Ola bilər ki, həmin insanın psixoloji problemləri var. Onlara paranoid və yaxud qısqanclıq obsesiyasından əziyyət çəkən insanlar deyirlər. Bu gün Azərbaycanda da belə fərdlərə rast gəlmək mümkündür. Onlar xanımını doğmaca qardaşına, dayısı və ya əmisi oğluna qısqanırlar. Bu da zaman-zaman ailədə müəyyən problemlərə səbəb olur. Digər bir tərəfdən ölkəmizdə milli mənəvi dəyərlər, insanların etnopsixologiyası var. Həkimin cinsiyyəti olmur. O, işini peşəkar yerinə yetirməsi üçün bu kimi əngəllər törədilməməlidir. Düşünürəm ki, müəyyən zaman sonra ölkəmizdə həkimlərə belə bir yanaşma arxada qalacaq. Çünki keçmişə nəzər saldıqda vəziyyətin xeyli dəyişdiyinin şahidi oluruq. Söhbət sağlamlıqdan və insan faktorundan getdiyi üçün bu baryer aradan qaldırılmalıdır”.

Psixoloq onu da deyir ki, sadəcə həkim yox, saç ustası, dərzi və başqa peşələrdə də bu kimi halları müşahidə edə bilərik:

“Azərbaycanda gözəllik salonları yaranan ərəfələrdə, elə indinin özündə də kişi saç ustaları daha çox xaricdən, xüsusilə də Türkiyədən dəvət olunurlar. Onların da bir qisminin oriyentasiyayla bağlı problemləri var. Bu, bilərəkdən belə edilir, ya belədir – demək olmaz. Ancaq dolayı yolla güvəndən qaynaqlanan bir şeydir. Onlar hesab edir ki, belə olan zaman kişilər daha rahatlıqla xanımlarını onlara etibar edəcəklər və bu istiqamətdə problem yaşanmayacaq. Bunun nəticəsidir ki, həm ölkəmizdə, həm də dünyada kişi saç ustaları yumuşaq davranışı, yanaşmaları həmin tendensiyanın davam etdirirlər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir