big

Kişinin bığı olar? – ARAŞDIRMA

Baxış sayı: 556

Əslində, zövqlər kimi bığ-saqqal da mübahisə edilməyəcək bir mövzu olmalıdır. Necə ki, geyinirik, saçımızı darayırıq, imic yaradırıq, bığ saxlayıb-saxlamamaq da eləcə bir növ zövq və ya istək məsələsidir. Təbii ki, saqqal istisnadır. Kişilər tarix boyu iqlim şəraiti, adət-ənənə, dini inanc və şəxsi istək kimi amillərdən asılı olaraq saqqal və bığ saxlayıblar. Qədimdə saqqal və bığ bir yerdə saxlanırdı, saqqalsız bığın ilk dəfə e.ə. 2650-ci ildə Qədim Misir mənbələrində tapıldığı iddia edilir.

Amma maraqlıdır ki, gənc nəsil əvvəllər bığın-saqqalın nə qədər əleyhinə idisə, indi bığ-saqqal saxlayanlar artıb. Təbii ki, onların arasında bunu imic üçün edən də var, ibadət etdiyi və ya qoşulduğu bir təriqətin qoyduğu qaydalara görə saqqal uzadan da. Ümumiyyətlə, kiçik bir analiz etsək, gənc oğlanların əksəriyyətinin xəfif bığ-saqqal saxladıqlarını görərik. Bığ və saqqal anlaşıyının dünəni, bu günü və sabahı barədə bu yazıda…

kisi saqqal

Millətçisiniz, ya solçu?

Maraqlıdır ki, tarix boyunca hər cür dünyagörüşə, ideologiyaya və dini baxışa uyğun bığ tərzləri də formalaşıb. Onlardan bir neçəsini araşdırdıq.

Millətçi bığı – Onlar bığı bir növ cazibə, istisna və diqqətçəkən olmaq üçün saxlayırlar.

Solçu bığı – Onlar ideyalarında, təsəvvürlərində və ifadə etdikləri cümlələrdəki bir cəmiyyətin nümayəndəsinin məhz onlar kimi olacağını ifadə etmək üçün çox sadə bığ saxlayırlar. Demək istəyirlər ki, inqilab, dəyişiklik yalnız xülya deyil. Eyni zamanda, solçuların maddi həzlərə (öpüşmək) bir o qədər marağı olmur deyə bığları da onlara mane olmur.

Sünni bığı – siyasi mənada təsirsiz element anlayışı verir. Yəni nə sağ, nə də sol bir məna ifadə etmir. Qəribə burasıdır ki, bu bığı saxlayanlar yaponlardan sonra ən çox bir-birinə bənzəyən insanlardır.

Şiə bığı – Onlar arasında ən “hörmətli” bığ siqaret tüstüsündən saralmış olanıdır. Böyüklük, özünü olduğundan daha sanballı göstərmək üçün bığ saxlayanlar onlar arasında daha çoxdur.

saqqal

Heç bığın da kateqoriyası olar?

Bunlardan əlavə, ümumilikdə bığların bir neçə kateqoriyası var ki, yuxarıda sadaladığımız bığ növləri də bu kateqoriyalar içərisindədir. Heç qaytan, pala, burma, duqlas, badam, çin, pos, kiprik və s. kimi adlar verilən bığ növləri ilə qarşılaşmısınızmı?

Bir az açıqlasaq yəqin ki, ətrafınızda bu cür bığı olan adamların olduğunun fərqinə varacaqsınız. Məsələn, qaytan bığlar alt hissəsi az kəsilmiş, üstdən çox alınmış və ağız kənarlarından aşağı doğru bir az sallanan bığlara deyirlər. Pala bığ alt dodaqların kənarlarından azacıq təmizlənən, üstü uzun qalan və ucları burulan bığlardır. Burma bığ isə nisbətən incə, uzunluğu çox olan və baş və şəhadət barmağın köməyi ilə burulan bığ növüdür. Pos bığlı kişi dedikdə isə, gözünüzün önünə bığı topa olan kişi gətirin, onların bığı burulmur. Məsələn, Stalinin bığı pos bığ idi.

O ki qaldı badam bığlılara, onlar adətən, kənarları təraş edilən, sadəcə, üst dodağın ortasındakı dəlikdə bığ saxlayanlardır. Hitlerin bığını xatırlayın, o bığ növü badam bığı sayılır. Maraqlıdır, duqlas bığı nədir? Bu bığlar üçbucaq şəklində olur, dodaqüstü tüklər qısaldılaraq bu cür forma verilir. Çarli Çaplinin bığlarını xatırlayırsınızmı? Onlar duqlas bığlardır.

Yanağa doğru uzadılan nazik bığlı insanları adətən filmlərdə görürük, onların bığı isə çin bığı adlanır. Son olaraq kirpik bığlı insanları misal çəkə bilərik ki, bu cür kişilərin bığı dodaq üstündə xəfifcə cizgi kimi olur. Eynilə mərhum müğənni Məmmədbağır Bağırzadənin bığları kimi.

vaqif m

Vaqif Mustafayevi efirdən uzaqlaşdıran bığları

Sovet hakimiyyəti illərində teleməkanda bığlarla bağlı yazılmamış qaydalar vardı. Aparıclar və qonaqlar böyük ölçülü bığda efirə çıxa bilməzdilər. Görkəmli bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin də bu səbəbən efirdən uzaqlaşdırıldığı da söylənilirdi. Sənətkar fərqli xarici görünüşü, qıvırcıq saçları, böyük bığları ilə həmişə diqqət çəkirdi və sovet senzurasının hədəfinə düşürdü. Efirə çıxmaq üçün ona bığını qırxdırmalı olduğunu deyiblər. Böyük cazmen buna görə ağır stress keçirib.

Nasist Almaniyasının lideri Adolf Hitleri tarixə və yaddaşlara həkk edən xüsusiyyətlərindən biri də bığları idi. Lakin Hitler bu bığ formasının ixtiraçısı deyil. XX əsrin birinci yarısında, xüsusilə də, hərbçilər arasında bu cür bığ çox dəbdə idi. Sovet İttifaqında bu cür bığ Hitler və Almaniya ilə düşmənçilikdən çox-çox əvvəl yayılmışdı.

Aydındır ki, özü də cəlbedici bığa sahib olan Stalin başqalarının bığ üslubuna da qarışa bilmirdi. Hətta bir əfsanə var ki, maraqlı bığları olan Sovet İttifaqı Qəhrəmanı marşal Semyon Budyonnı təsadüfən bığının bir kənarını yandırır, buna görə bütövlükdə bığlarını qırxmaq istəyəndə Stalin ona deyir: “Onlara toxunmayın. Bu, indi sizin yox, xalqın bığıdır”.

Lakin Stalin ətrafında saqqallı adam görmək istəmirdi, o bundan narahat olurdu. Onun məşhur sovet funksioneri və yaxın yoldaşı Lazar Kaqanoviçin saqqal uzatmağa başladığını görüb, onu öz əlləri ilə qırxacağı ilə hədələməsi barədə danışanlar da vardı.

stalin

Ümumiyyətlə, saqqal və bığ uzatmaq tarix boyu çox müzakirələrə səbəb olub. Təraş vərdişi yarandıqdan sonra müxtəlif ölkələrdə kəsilməsinə etiraz edənlərin saqqal və bığları qanunun gücü ilə tez-tez kəsilirdi. Məsələn, 1447-ci ildə İngiltərə qanunu kişilərdən yuxarı dodaq tüklərini kəsməyi tələb etdi. Ancaq təxminən 400 il sonra, bu dəfə ingilis əsgərlərinə bığlarını kəsmək qadağan edildi. 1838-ci ildə Bavariya kralı öz ordusundakı kişilərə bığ saxlamağı qadağan etdi.

Tarixin müxtəlif dövrlərində bığ- saqqalı bir növ tərzinə və imzasına çevrilən məşhurlar da olub. Albert Eynşteyn, Mark Tven, Çarli Çaplin, Hitler, Stalin, Maksim Qorki, Salvador Dali tarixin ən məşhur bığlı simalarındandır.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir