qrip

Koronovirus və digər mövsümi xəstəliklər: Əlamətlərə görə əsas fərqlər

Baxış sayı: 866

Artıq avqust ayı bitərək öz növbəsini sentyabr ayına verdi. Yəni, addım-addım payız fəslinə doğru irəliləyirik.

Həkim-infeksionist Azər Nağıyevin sözlərinə görə, payız mövsümünün xarakterik xüsusiyyətlərindən biri də havaların soyuması və bununla əlaqədar insanların daha kompakt yaşayışı səbəbindən qrip və bu kimi xəstəliklərin artmağa başlamasıdır. Hazırda dünya üzrə kifayət qədər yayılaraq pandemiyaya səbəb olmuş koronovirus infeksiyasının bu xəstəliklərlə oxşar əlamətlərinin olması qarşımızdakı günlərdə daha bir aktual məsələnin – bu xəstəliklər arasında differensasiya aparılması vacibiyyətini doğurur.

Koronavirus (COVID-19) ilə qrip, zökəm və allergiya arasında bir sıra oxşar və fərqli cəhətlər var. Dünya Səhiyyə Təşkilatının (DST) mütəxəssisləri bildirirlər ki, koronovirus infeksiyasının əsas simptomları hərarət, halsızlıq və quru öskürəkdir. Bəzi xəstələrdə burun tutulması, burun axması, boğazda ağrı, səpgi və ishal da ola bilər. Bu əlamətlər nadir hallarda müşahidə olunur. Bədən hərarətinin yüksəlməsi, alergiyadan başqa zökəm, qrip və COVID-19-da rast gəlinə bilir. Öskürək qrip və allergiyalarda, baş və boğaz ağrısı isə zökəm və qripdə daha tez-tez müşahidə olunur.

Allergik rinit qəflətən başlamaz, əlamətləri adətən uzun müddət davam edər. Allergiyada asqırma, gözlərdə qızarma və qaşınma müşahidə edilir. Oxşar əlamətlər zökəmdə də rast gəlinir. Zökəmin ən önəmli əlaməti şiddətli burun axıntısıdır. Bu əlamət digər xəstəliklərdə rast gəlinmir. Qrip zamanı qızdırma və öskürək xəstəliyə xarakterik ən önəmli simptomlardır. COVID-19 ilə qripin kliniki əlamətlərini bir-birindən çətinliklə ayırmaq mümkündür. Hər ikisində də kəskin şəkildə başlayan qızdırma, quru öskürək və halsızlıq qeydə alınır. Ən önəmli fərq isə təngənəfəslik və boğulmadır. Bu əlamətlərdən biri və ya hər ikisinin olması qripə deyil, COVID-19 xəstəliyinə xasdır. Buna görə də xüsusi olaraq qeyd etmək lazımdır ki, qrip ilə ən çox qarışdırılan əlamətlərin olmasına baxmayaraq COVID-19 qrip deyildir.

Beləliklə, koronovirus infeksiyasının qrip, zökəm və allergiya ilə müqayisəli xarakterik simptomlarını aşağıdakılar hesab edilir: Zökəm- şiddətli burun axıntısı, asqırma, gözdə qızarma, qaşıntı, baş, boğaz və oynaq ağrısı.

Allergiya – quru öskürək, asqırma, gözdə qızarma, qaşınma, səpgi. Qrip – qəfləti qızdırma, quru öskürək, baş, boğaz və oynaq ağrısı, halsızlıq.

COVID-19 – qəfləti qızdırma, quru össürək, halsızlıq, təngənəfəslik. Hər bir halda xəstəliyin düzgün differensasiyasının aparılması üçün həkimə müraciət edilməsi ən doğru addımdır. Həkimlər bunu ya kliniki əlamətlərə görə, ya da hər hansı bir testlərin aparılması ilə təyin edə bilərlər. Ən əsas məqamlardan biri də payız mövsümünün başlanmasına qədər olan vaxtdan səmərəli şəkildə istifadə edərək orqanizmimizin möhkəmləndirilməsi üçün son zamanlar tez-tez verilən tövsiyyələrdən yararlanmaq və bununla da xəstəliklərə qarşı müqavimətimizi artırmaqdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir