usaq

Körpələrdə tər suluqları və bişməcələrin qarşısını necə almalı?

Baxış sayı: 1. 390

Tər suluqları kiçik şəffaf suluqlar şəklində olur. Bişməcələrdən fərqli olaraq tər suluqları təkcə qurşaqdan aşağı deyil, həm də qulaq arxalarında, qoltuq altlarında, bir sözlə, tər vəziləri yerləşdiyi nahiyələrdə rast gəlinir.

Tər suluqlarının əmələgəlmə səbəbi uşağı həddən-ziyadə bürümək və ya yüksək qızdırma nəticəsində onun tərləməsidi. Sonradan irinciklərin əmələ gəlməməsi üçün tər suluqlarının müalicəsinə mümkün qədər tez başlamaq lazımdır. Tər suluqlarını başlanğıc dövrdə müalicə etmək çox asan başa gəlir. Bunun üçün uşaq kalium-permanqanat məhlulu (“marqantsovka”) ilə bir neçə dəfə vanna qəbul etdikdən sonra onun dərisini uşaq tozu (“prisıpka”) ilə sürtmək lazımdır.

Körpələrin dərisi hələ çox qurudu, çünki tər vəziləri kifayət qədər inkişaf etmiş olmur. Buna görə də onların dərisində büküş yerlərində tez-tez bişməcələr əmələ gəlir – dəri çatlayır, qızarır və qıcıqlanır. Əksər hallarda onlar xüsusilə qasıq və sağrılararası büküşlərdə, bəzən isə bədənin digər hissələrində də əmələ gəlirlər. Pis qulluq və eləcə də körpənin alt paltarı və geyimi üçün istifadə olunan yuyucu maddələrə yaranan allergiya – bişməcələrin əsas səbəblərindəndir. Vaxtında müalicə tədbirləri görülməsə, bunlar açıq yaralara (xoralara) keçə bilər.

Bişməcələrin qarşısını almaq, sonradan onu müalicə etməkdən daha yaxşıdı. Bişməcələrin profilaktikası üçün uşağı tez-tez yuyundurmaq; uşaq bezini hər 3-4 saatdan bir dəyişdirmək; əsgilərini, paltarlarını hər zaman təmiz saxlamaq; uşaqların paltar və əsgilərini xüsusi uşaq yuyucu tozları ilə yumaq və axar suyun altında yaxşıca yaxalamaq; uşaq paltarlarını qaynar ütü ilə ütüləmək; hava vannalarının müddətini artırmaq lazımdı. Xüsusi uşaq kremlərdən və yağlardan istifadə edilməsi də çox yaxşı effekt verir. Ancaq nəzərə almaq lazımdır ki, uşaq kremləri və yağları ilə uşağın bütün dəri örtüyünü sürtmək olmaz. Bu, uşağın sağlamlığı üçün çox vacib hesab olunan dərinin tənəffüs funksiyasını pozaraq hətta hipoksiyanın (qanda oksigenin miqdarının çatışmazlığı) əmələ gəlməsinə səbəb ola bilər.

Qida allergiyasından əziyyət çəkən uşaqlarda bişməcələrə daha tez-tez rast gəlinir. Uşağın və ya süd verən ananın rasionundakı allergen məhsullar uşağın nəcisinə və sidiyinə kəskin yeyici xüsusiyyət verir ki, nəticədə uşağın dərisi qıcıqlanaraq iltihablaşır.

Uşağın dərisində bişməcələr əmələ gəlibsə, onunla mübarizədə ən yaxşı üsul – hava vannalarıdı. Dərinin zədələnən hissələrinə tərkibində sink olan uşaq kremləri (o, dərini bir gədər qurudur) sürtmək lazımdır. Uşağı çimizdirərkən onun vannasındakı suya kalium permanqanat (“marqantsovka”) və ya ot dəmləmələri (çobanyastığı, adaçayı, pişikdili və s.) əlavə etmək də yaxşı nəticə verir. Bu zaman uşaq tozundan isə imtina etmək tövsiyə olunur. Bu tozlar büküşlərdə yığılaraq, uşağın vəziyyətinə pis təsir edir.

Bişməcə mikrob iltihabı ilə qarışarsa, körpədə bələk dermatiti əmələ gəlir. Uşağın dərisi hətdən artıq quru olur, qızarır və şişir. Bu halda mütləq pediatra müraciət etmək lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir