2

Litvada təhsil alan həmyerlimiz: “Hər gün öz yeməklərimizdən bişirib yeyirəm” – “TƏLƏBƏ BİLETİ”

Baxış sayı: 2. 075

“Gencaile.az” saytının “Tələbə bileti” rubrikasının bu dəfəki qonağı Litvada Kaunas Texnologiya Universitetində magistratura təhsili alan Emin Vəlixanovdur.

 

– Necə oldu ki, magistratura təhsilini xaricdə almaq qərarına gəldiniz və nə üçün Litvanı seçdiniz?

–  Azərbaycanda təhsil alarkən, ixtisasların bəzilərində çatışmamazlıqlar var idi və magistratura səviyyəsində olan ixtisaslarda isə mən istədiyim ixtisas yox idi. 2016-cı ildən bu yana bir çox yeni ixtisaslar açılıb və yeni tədris ilindən də bu qaydada davam ediləcəyi gözlənir. Təəssüf ki, mən universiteti bitirdikdən sonra ixtisasımın arxasınca gedib iş təcrübəsi qazanmağa çalışırdım. Həmin vaxtlar isə bu elə də asan olmamışdı. Universiteti bitirdikdən sonra, bir çox şirkətlər iş təcrübəsi olmadığına görə işə qəbul etməkdə tərəddüd edirdilər, bəziləri isə təcrübəçi kimi başlamağımda da bunun mümkün olmadığını qeyd edirdi. Mən də bu vaxt ərzində sakit oturmağı sevmədiyimdən qeyri-ixtisas sahəsində işə başladım ki, həm həmin vaxt üçün lazım olan xərclərimi, həm də gələcəkdə xarici ölkəyə təhsil almaq üçün getdikdə lazım olan xərcləri qarşılaya bilmək üçün. Çünki, nə olursa olsun, fikrimdə xarici ölkəyə gedib ixtisasımı davam etdirib biliklərimi artıracağımı özümə məqsəd qoymuşdum. Həmin ildə mən Litvada yaşayan bir həmyerlimiz ilə sosial şəbəkə vasitəsilə əlaqə yaratdım və bu ölkədə təhsil imkanları barədə məlumat aldım. Həmin tələbə isə köməklik göstərəcəyini bildirsə də sonra əlaqəni itirdi və elə o andan özüm başladım araşdırmağa və bu ölkədə texniki sahədə olan universitetlərdən ən yaxşısı olan Kaunas Texnologiya Universitetini tapdım və müraciət etdim. Universitetin qəbul şöbəsində olan işçilər o qədər səmimi və yardımsevər oldular ki, mənə qəbul olunma şansımı necə artıra biləcəyimlə bağlı məlumatlar verdilər. Eləcə də təqaüdə qəbulla bağlı məsələləri günlərlə danışıb müzakirə etdikdən sonra müraciət etdik. İlk il universitetdən qəbul almağıma baxmayaraq, təqaüdə düşə bilmədiyim üçün gedə bilmədim. Növbəti il yenidən müraciət etdim və əvvəlcə universitetdən, daha sonra isə təqaüddən qəbul gəldi. Beləliklə, gələcək təhsil həyatım üçün bu ölkənin Kaunas şəhərinə yollandım.

 

– Bir tələbə xaricdə təhsil almaq istəyirsə, əsas nələrə diqqət etməlidir?

İlk olaraq onu nəzərə almalıdır ki, bizim üçün ailə dəyərləri digər millətlərdən fərqli olaraq daha yüksək olduğu üçün, fikirləşməlidir ki, xaricdə bu vaxt ərzində yaşaya biləcəkmi, ailəsindən doğmalarından uzaqda ona nə dərəcədə çətin və ya asan olacaq. Daha sonra isə məsələnin sırf elmi tərəfini düşünməlidir. Təhsil almaq istədiyi ölkə hansıdır, ixtisasına uyğun olaraq hansı ölkə bu sahədə daha çox inkişaf edib, yaşayış mühitinin həmin insanın istəklərinə uyğunluğu, təqaüdlə oxumaq istəyirsə, bizim ölkə üçün təqaüd şansları və s. Digər tərəfdən isə ölkənin təklif elədiyi yüksək təhsil səviyyəsində təhsil almağa həqiqətən bu insan qadirdirmi ya yox. Çünki hər ölkənin təhsil səviyyəsi və sistemi fərqlidir. Gözlədiyi təhsillə qarşılaşdığı təhsil üst-üstə düşmədikdə böyük bir məyusluq və ya planlarının alt-üst olması faktı qaçılmazdır. Məsləhətdir ki, ilk olaraq ölkəni, şəhəri ətraflı araşdırsın, lap imkan varsa, qısa müddətlik həmin yerə səfər etsin və tam reallıqda necə olduğu ilə bağlı məlumat toplasın. Daha sonra isə təhsil sistemini araşdırsın. Təhsil sistemi güclü olduğu halda özündə də götür-qoy etsin ki, bu yüksək təhsil səviyyəsinə uyğundurmu və ya gələcəkdə uyğunlaşa biləcəkmi, eləcə də ingilisdilli ölkədə və ya mühitdə böyümədiyinə görə getdiyi ölkədə bütün günü dərslərin ingilis dilində olmasından, həm də gündəlik istifadə dili ingilis dili olduğu halda buna hazır olacaqmı? Bu kimi sualları öncə özündə cavablandırsın daha sonra isə bu məsələ bir qədər asanlaşacaq. Qaldı ki, sənədlərin yığılmasına, bunu mənimlə də məsləhətləşə bilərlər. Artıq neçə müddətdir ki, mən Instagramda @eduguidea səhifəsi üzərindən bizim tələbələrə köməklik göstərirəm. Qalan məsələlər isə gedib gördükcə öyrəşə bilinən məslələrdir.

 

– Fərqli ölkə və təhsil mühitini gördükdən sonra Azərbaycan təhsil sistemində nəyin dəyişməsini arzulayırsınız?

Azərbaycanda mən təhsil aldığım müddətdə slayd təqdimatlarla, qrup işləri ilə, araşdırma yönlü təhsil sistemi ilə qarşılaşmamışdım. Həm də müəllimləri axtarıb tapmaq üçün və ya hər hansı sənədi imzalatmaq üçün bir neçə gün əvvəl axtarıb tapmaq, sənədi təqdim etmək, eləcə də imzalanmasını gözləyib geri almaq lazım gəlirdi, burada isə onu tam olaraq onlayn şəkildə etmək olur və heç bir vaxt itkisi olmadan. Eləcə də, yaş etibarilə müəllimlər bizimlə daha yaxın dost kimi ola bilmirdilər. 90 dəqiqə mühazirə dinləmək insanı sıxdığını nəzərə alaraq bunu daha məlumatverici və maraqlı şəkildə etmək mümkün olduğu halda təəssüf  ki, yeniliklərə keçid edilmirdi. Mənim hazırda oxuduğum universitetdə isə professorlarla dərs vaxtı müzakirə edib hər hansı yeniliklərin ola biləcəyini nəzərə alıb axtarış edir və bu istiqamətdə mümkün olan hər bir vəsaitlərdən yararlanırıq. Buradakı professorlar isə yeganə düşüncəyə sahibdirlər: “Biz tələbələrlə birgə öyrənirik”. Belə olduqda isə daha effektiv və rahat şəkildə dərsi mənimsəmək olur. Tələbə heç vaxt mövzudan sıxılmır, əksinə özü də bir növ professorlarla yarış edir ki, kim daha çox məlumat əldə edəcək. Düzdür, Azərbaycanda da bu sistemlə tədris aparılan təhsil müəssisələri var və bir neçə il əvvəl də var idi. Amma bu hər təhsil ocağına şamil edilə bilməzdi. Bundan savayı, biz təhsil aldığımız müddətdə ancaq yerli müəllimlərdən mühazirə dinləyib onların metodu ilə ixtisasa istiqamət alırdıq. Lakin təhsil bitdikdə, sonra karyeraya başladıqda, əksər hallarda xarici mütəxəssislərlə çalışmaq halları ilə üzləşirdik. Belə olduqda isə həmin əcnəbi mütəxəssisin təhsilindən irəli gələrək işçiyə qarşı göstərdiyi münasibət və işçidən gözlədiyi bilik-bacarıqlar üst-üstə düşmədikdə böyük boşluğun olduğunu hiss edirik. Yaxşı olardı ki, təhsil müddətində də həm yerli, cavan və bilikli müəllimlərimizlə çalışaq, həm də xarici mütəxəssislərlə. Biz xarici mütəxəssisləri sadəcə iş yerlərində deyil, həm də universitetlərdə mühazirə dedikdə və ya hər hansı mövzu ilə əlaqədar tələbələrə məlumatverici çıxışlarda görməyimiz bizlərə daha effektiv təhsil almağımıza kömək olar deyə düşünürəm. Azərbaycan inkişaf etdikcə, əcnəbi mütəxəssislərin də bu ölkəyə gəlib işlədiyini nəzərə alaraq, bizim gələcək iş həyatında bu insanlarla iş yoldaşı olacağımızı nəzərə alsaq, bu istiqamətdə də işlərin görülməsini zəruri hal kimi dəyərləndirə bilərik.

1

 

– Aylıq xərclər təxminən nə qədərdir? Bunu niyə soruşuram: xaricdə təhsil almaq istəyən hər bir gənc üçün, övladını xaricdə oxutmaq istəyən valideynlər üçün bu rəqəm maraqlıdır şübhəsiz ki.

Ümumilikdə götürdükə Litva özü digər avropa ölkələri ilə nisbətdə ucuz ölkədir. Paytaxt Vilniusla nisbətdə mənim yaşadığım ikinci paytaxt şəhəri kimi olan Kaunas isə daha ucuzdur. Universitetin yataqxanalarından asılı olaraq aylıq 50-150 euro aralığında dəyişir. Qida və digər gündəlik xərclər isə ortalama bir ay üçün 100-150 euro kimidir. Əgər spirtli içki və tütün məmulatlarından istifadə edirsinizsə, bu xərclər əlavə olaraq 100-150 euro olacaqdır. Nəqliyyat xərcləri isə tələbələr üçün aylıq istifadə kartına 80%, ölkədaxili səyahətlərdə 50%, ölkəxarici isə 20% endirim edilir. Bu ölkədə tələbələr üçün hər bir şərait yaradılır və onların inkişaf etməsi üçün dövlət ciddi tədbirlər görür. Hər hansı elmi konfranslarda iştirak edərkən və ya elmi məqalələrin beynəlxalq jurnallarda dərc olunması üçünsə bütün xərcləri universitet və ya müxtəlif qurumlar öz üzərinə götürür. Bir sözlə tələbələr üçün ən ideal ölkədir deyə bilərik.

 

– Litvada həyat şəraiti necədir?

Litva baltikyanı ölkə olduğundan havası çox təmiz həm də şəhərləri oksigen mənbəyi olan şam ağacı meşələri ilə zəngindir. Vilniusda bir qədər avtomobil sıxlığı olsa da, digər şəhərlərdə isə əksinə insan və maşın sayı nisbətən azdır. Əhali velosipedlərə və elektrikli skuterlərə üstünlük verir. Əsasən ətraf mühitin çirklənməsinin qarşısını almaqdan ötrü, elektrikli və hibrid avtomobillər istifadə edir, plastik içki şüşələrinin üzərinə depozit qoyaraq əhalidə öz pullarına qənaət etməsini öyrəşdirərək həm də ətrafa tullanmasını tənzimləyirlər. İnsanlar çox sağlam həm də xoşbəxtdirlər. İstənilən yaşda insanı siz gün ərzində istənilən yerdə idman geyimində qaçaraq və ya müxtəlif idman hərəkətləri etdiyini görə bilərsiniz. Hava şəraiti isə bizim alışmadığımız sərt iqlimə sahibdir. Günəşli havanı az hallarda görmək olar. Qış aylarında isə havanın temperaturu -25 dərəcəyə qədər də düşə bilir. Bunu da tələbələr gəlmədən əvvəl nəzərə almalıdırlar. Amma rütubət və külək olmadığından siz bu soyuğu o qədər də hiss etməyəcəksiniz.

 

– Maraqlıdır, Litvaaya  yollanmazdan öncə hansı təəssüratlarınız var idi və orda olduğunuz müddətdə bu ölkə sizdə hansı fikirləri formalaşdırdı?

–  Düşünürdüm ki, bizim ölkə barədə məlumatsızdırlar və mən ora getdikdən sonra bəzi hallarda diskriminasiya olunacağam. Amma bu tam əksi oldu. Professorlardan, beynəlxalq əlaqələr şöbəsinin işçilərindən demək olar hər kəsdən isti münasibət gördüm və hər hansı bir problemimizin olub olmadığını tez tez bizdən soruşulur, hətta təhsil ili ərzində ən azı iki dəfə rektorla görüş keçirilir. Əcnəbi tələbələrə isə təhsilini bitirdikdən sonra karyera başlamaq, yoxsa təhsilini bir sonrakı pillə ilə davam etdirmək barədə qərar vermək üçün də ən azı 1 il vaxt verilir. Bu müddət tələbə ətraflı düşünüb qərar verə bilməsi üçün çox yaxşı şansdır.

 

– Azərbaycanlılara məxsus hansı xüsusiyyətlər Litvada təəccüblə qarşılanır?

Bu ölkə də keçmiş Sovetlər Birliyi tərkibində olduğundan bizim ölkə barəsində kifayət qədər məlumata malikdirlər və bəzi hallarda ortaq xüsusiyyətlərimiz var. Buna görə də təəccüblə qarşılanan elə bir hal rastıma çıxmayıb, əksinə daim bizim ölkə barədə xoş sözlər və ətraflı məlumat eşidirəm.

3

– Ümumiyyətlə, litvalılarla hansı dəyərləriniz ortaqdır, hansıları isə hələ ki, qəbul edə bilmirsiniz?

–  İlk dəfə bu ölkəyə gəldikdə yerli millətin adət-ənənələri və mədəniyyəti ilə maraqlandıqda məlum oldu ki, onların da səməni saxlaması və bizim Novruz Bayramına bənzər “užgavėnės” adlı bayramları var. Düzdür səmənini adi günlərdə də satışda görə bilərsiniz. Əsasən dekor və yeyilə bilən göyərti məhsulu kimi istifadə edirlər. Bayrama qaldıqda isə eynilə bizim kimi tonqal qalayırlar və ətrafında yığışıb festival kimi qeyd edirlər. Bu isə torpağın oyanmasından yeddi həftə əvvəl, Mart ayının əvvəlinə təsadüf edir. Təbii ki, hər ölkənin özünəməxsus dəyərləri və adət-ənənələri var  və bu bəzən bizə yad gələ bilər, amma nəticə olaraq təbii ki, tolerant yanaşıb bunu hörmətlə qəbul etmək lazımdır. Ona görə demək olar ki, qəbul edə bilmədiyim və ya mənə yad gələn elə bir dəyərləri yoxdur. Əksinə, fərqli mədəniyyətlərin içində olub onlar haqqında məlumat almaq dünya görüşün zəngiləşməsinə faydası var deyə düşünürəm.

 

– Yerli mətbəxlə aranız necədir?

Açığı, yerli mətbəxdən bir-iki dəfə yedim, ağız dadıma uyğun olmadığı üçün daha yemədim. Amma bu mətbəxi bəyənənlər də var. İçində yumurta olan soyuq sup onların əsas yeməklərindən sayılır. “Cepelinai” adlanan yerli yeməkləri var ki içində ət olan kartof püresi, çox tutumludur, amma karbohidrat çox olduğundan mən bəyənmədim. Ümumiyyətlə uşaq vaxtından bizim evdə daim ev yeməkləri bişirildiyindən və alınma və ya hazır qidalardan istifadə olunmadığından ona görə də ev yeməklərinə üstünlük verirəm və hər gün öz yeməklərimizdən bişirib yeyirəm. Burada xarici tələbələr çoxdur, yığışıb hər kəs öz milli yeməklərindən bişirir. Bir gün mən onları qonaq edirəm, növbəti gün onlar məni.

 

– Yeri gəlmişkən, bazarlıq, alış-veriş, yemək hazırlamaq, paltarları yumaq, ütüləmək – bu məsələləri necə yoluna qoyursunuz?

–  Litvada da bir neçə supermarket şəbəkələri var və bunlar elə tənzimlənir ki, hər həftə bir mağazada endirimli məhsullar olur. Ona görə, məsləhətdir ki, bazarlığı həftəlik edəsən. Mağazalardan savayı, yerli bazarlar da mövcuddur. Həm də alış-verişi həftəlik etmək büdcə tənzimləməsinə də kömək olduğu üçün mən də belə edirəm və beləcə xərclərə nəzarət etmiş oluram. Yemək hazırlamaq üçünsə, mən qaldığım yataqxanada hər bir şərait olduğundan elə də çətinlik olmur. Paltar yumaq və qurutmaq da problem olmur. Çünki, yataqxanada paltar yuyan və qurulayan maşınlar sayəsində vaxta qənaət edə bilirik. Eləcə də yataqxanada paltar ütüləmək üçün ütü və ya otaqları yığışdırmaq üçün tozsoran kimi kiçik məişət avadanlıqları ilə təchiz olunduğundan çətinliyimiz olmur. Əsas odur bütün bunları etmək üçün özünüzdə həvəs və enerjiniz olsun.

5

 – Ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılmasında, şübhəsiz ki, xaricdə təhsil alan tələbələrimizin də rolu əhəmiyyətlidir. Təbii ki, ən əsas məsələ Qarabağ problemidir. Bu istiqamətdə hansısa işlər görə bilmisinizmi?

Bəli bu məsələ düşünürəm ki, hər bir xaricdə yaşayan həmyerlimiz kimi mənim də vətənimizi olduğum ölkədə tanıtmaq bir vətəndaş borcumdur. Onu da qeyd etmək istəyirəm ki, təhsil aldığım müddətdə dərslərdə yüksək nəticə göstərdiyim üçün həm də öz səhifəm vasitəsilə xaricə inteqrasiya etmək istəyən dostlarımıza göstərdiyim köməklikləri nəzərə alaraq mənə Azərbaycan və öz fakültəm üzrə səfir olmaq təklifi gəlmişdi. Bu təklifi isə böyük məmnuniyyətlə qəbul etdim və bununla həm ölkəmizin tanınması, həm də buraya gəlmək istəyən yoldaşlarımıza kömək məqsədilə bir çox işlər görməyə davam edirəm. Şübhəsiz ki, bu yolda bizim mənfur qonşularımızdan olan tələbələr də olduğu halda bu məsuliyyət ikiqat artır. Hər tədris ilində iki dəfə olmaqla “Beynəlxalq nahar” günü keçirilir və orada bizim yemək və şirniyyatlarımız digər tələbələrə təqdim olunur. Həmin mənfur qonşularımız bizə məxsus mətbəxin özününkiləşdirməyə cəhd göstərdikdə, mən əcnəbi tələbələrə bunun heç də göründüyü kimi olmadığını və həmin yeməklərin tarixçəsini onlara göstərərək onların bu təşəbbüsünü alt-üst edirəm. Eləcə də fürsət düşdükcə tələbələrlə yığışdığımızda “Xocalı soyqırım”ı barədə də onlara məlumat verirəm.

 

 

Söhbətləşdi: Aydan Kərimli

 

4




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir