efsane rusttemova

“Məsciddə ehsan etmək haramdır” – “NATAMAM”

Baxış sayı: 1. 581

– Gələcəyinizi təxmin etmişdim.

– Başqa gedəcək yerim yoxdur…

– Çarəsizliyin yaratdığı seçim olmaq da bir ümiddir.

– Keşkə mən də bu qədər ümidli ola bilsəm….

– Ən çox hansı mövzuda ehtiyacın var buna?

– Giriş üçün yaxşı cümlə idi.

– Onda heç vaxt itirməyək.

– Yeni bir ifadə eşitmişəm, özümü tam olaraq bu ifadə ilə izah edə bilərəm. “Evdə əskik olan şeydən məsciddə ehsan etmək haramdır.”

– Maraqlı ifadədir. Daha maraqlı olansa, sənin bunu anlama şəklindir. Sən bunu necə anlamısan ki, təsirlənmisən.

– Yoldaşım əsl “çöl adamıdır”. Əgər kənardakılardan soruşsanız, onun necə müdrik, alicənab, toleranslı olduğunu eşidə bilərsiniz. Di gəl ki, evdə qızımdan soruşsan, atasının ona nə vaxtsa mərhəmətlə baxdığını, xoşgörülü danışdığını xatırlamaz. Elə mən də… Bu adam ancaq çöldəkilər onun haqqında yaxşı düşünsün deyə çabalayıb. Əvvəl düşünürdüm ki, görəsən bir adam mənfəəti, gözləntisi olmayan adamlara nəyin müqabilində belə xoşgörülü davrana bilər? Buna cavab tapa bilmədim… Deyək ki, lap “Allah rızasına” belə edir. Axı onda da anlamaq lazımdır ki, evdə əskik olan şeylərdən məsciddə ehsan etmək haramdır… Bu “Allah rızası” niyə ancaq çöldə aktiv olur? Biz onun ailəsiyiksə, bizə qarşı da diqqətli və mərhəmətli olmaq onun üçün ilkin öhdəlikdir. Əlbəttə, bir qadın, ana olaraq xoş olur mənə insanların ərim, atamız haqqında belə danışmağı. Amma neynirəm o qızıl teşti ki, ona qan qusum?! İndi deyəcəksiniz ki, niyə ayrılmırsan? Baxın, məsələ budur ki, mənim istədiyim hər şey bu adamda var. Lakin başqalarına qarşı. Mənə qarşı yox… İndi gəlmişəm ki, sizdən öyrənim, necə edim ki, çöldəkilər dəyərində olum? Nə qədər qəribə görünsə də belədir, dr… Dünyadakı hamı bizdən daha dəyərlidir.

– Öhdəlik gərginləşdirir… Uzun-uzun danışa bilərik. Amma yenə gəlib bura çıxacağıq… Və əksər ailələrdə bu problem var, təəssüflər olsun ki.

– Nə edim indi?!

– Onu sıxan, narahat edən, gərginləşdirən bütün öhdəlikləri paylaş. Ya da ən azından bu öhdəliklərin fərqində olduğunu hiss etdir.

-Siz danışdıqca düşünürəm, doğurdan da, o da bundan bəhs edir bəzən… Sadəcə mən onu anlamırmışam… Bu pəncərədən baxmağa çalışacam. Təşəkkür edirəm. Rahatladım bir az… Amma bir dəfəlik getmirəm. Pəncərəm tozlananda yenidən döyəcəm qapınızı…

– Köhnə tanışlarla söhbətləşmək mənə də xoşdur.

– Mənə də. Çox dəyərlisiniz.

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir