Medekiçiltme

Mədəkiçiltmə, yoxsa mədəkəsmə?

Baxış sayı: 398

Tibb sahəsində son illər ən çox tələbat olan əməliyyatlardan biri də mədəkiçiltmə əməliyyatlarıdır. Bu, pəhriz və idman ilə çəki azalda bilməyənlərin və yaxud idmana, pəhrizə iradəsi olmayanların seçdiyi yoldur. Mədə əməliyyatı ümumilikdə mədə həcmini azaltmaqla xəstənin daha az qida ilə toxluq hiss etməsinə imkan verən bir üsuldur. Bu əməliyyatda mədənin müəyyən hissəsi, daha dəqiq desək, ən çox uzanan və genişlənən, dolayısı ilə iştahı idarə edən hissə cərrahi yolla kəsilərək çıxarılır və boru şəkilli kiçik bir mədə qalır. Saxlanan mədə ölçüsünü təxminən banan böyüklüyündə təsəvvür edə bilərsiniz.

Piylənmə, müasir dövrdə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin ən vacib sağlamlıq problemləri arasında liderlik edir. Köklük bəşəriyyətin probleminə çevrilib desək, daha doğru olar. Piylənmə bədənin yağ kütləsinin yağsız kütləyə nisbətdə həddindən artıq artması və nəticədə boy uzunluğuna görə bədən ağırlığının normadan artıq olmasıdır.

İndi dünyada 1 milyarddan çox insan artıq çəkidən və ya piylənmədən əziyyət çəkir. Bu insanların 650 milyonu böyüklər, 340 milyonu gənclər, 39 milyonu isə uşaqlardır. Hər 7 kişidən 1-i və hər 5 qadından biri piylənmə ilə mübarizə aparır. Dünya Piylənmə Federasiyasının açıqladığı məlumatlara görə 2035-ci ildə piylənmə ilə mübarizə aparan insanların sayının 4 milyardı keçəcəyi gözlənilir. 2020-ci ilə nisbətən 2035-ci ilə qədər artıq çəki problemində uşaq və gənclərin nisbətinin iki dəfə artacağı, bu göstəricinin 18 yaşa qədər oğlanlar üçün 100 faiz, qızlar üçün isə 125 faiz artacağı gözlənilir.

Qeyri-düzgün qidalanma, oturaq həyat kimi faktorlardan qaynaqlanan piylənmə problemi öz arealını böyütdükcə mədəkiçiltmə əməliyyatına müraciət edənlərin sayı da artır. Azərbaycanda qadınların təxminən üçdə birində artıq çəki və piylənmə müşahidə olunur. İndiyədək aparılan tədqiqatların nəticələrinə görə, artıq çəki və piylənmə Azərbaycan əhalisi arasında rast gəlinən ən böyük problemdir. Piylənmə həm kişilər, həm qadınlar arasında olsa da, bu faktor qadınlar arasında daha çox yayılıb. Piylənməyə əsas səbəb kimi hərəkətsizlik göstərilir. Kişilər arasında daim idmanla məşğul olanların göstəriciləri 8 faiz təşkil edirsə, qadınlar arasında bu göstərici cəmi 4 faizdir. Bu isə çox aşağı göstəricidir.

Tanınmış pediatr Aytən İsmayılzadə bu problemlə əlaqədar bu günlərdə öz facebook səhifəsində çağırış etdi. Həkim yazır ki, bu problem insanların zehni ilə əlaqəlidir: “Xanımlar, dəyərinizi bilin. Yeyib-içib, kökəlib, sonra da bıçağı verirsiz cərraha ki, “al, mənim mədəmi kəs tulla, al, bu da üstündə neçə min pul”. Pulu veririk ki, mədəmizi kəsdirib özümüzü yarımcan edək. İndi kimlərsə fikir bildirə bilər ki, “mən yarımcan filan deyiləm, əlləri qızıl doktorum məni fit qız eləyib”. Elə deyil. Bu, cahillikdən başqa şey deyil”.

Həkim bildirir ki, mədəkiçiltmə əməliyyatı etdirmək intihara bərabərdir: “Öz kefimizdən sağlamlığa cavabdeh olan bir yerimizi kəsdirib tullamaq… Siz elə başa düşürsüz ki, problem mədənin böyük olmasındadır ki, bədən kökəlib? Xeyr. Problem bizim zehnimizdədir. Hər nədən ötrü, əsəbdən, zövqdən və s ötrü yemək… O zehinlə ki, özümüzü kiçik görürük. Heç bircə hüceyrə yarada bilmədiyimiz halda o boyda vacib orqanı tikə-para edib atırıq zibilə? Niyə? Az yeyək deyəmi? Bəs dəyərmi? Az yeyək deyə, sadəcə az yeyib arıqlayaq deyə bu cür nizamlı balansı pozmaq olarmı? Günah deyilmi? Əbəttə günahdır! Bunu edənə də, etdirənə də günahdır. Mən sizinlə tam səmimiyəm, xanımlar, dəyərinizi bilin. Fiziki bədəniniz ruhunuz evidir. Onu düzgün bəsləyin. Onu istədiyiniz kimi zədə verərək düzəltməyə ixtiyarınız yoxdur. Biz bizə məxsus deyilik. Biz özümüzü yaratmadıq. Necə ki, bir ana uşağının barmağına iynə batsın istəməz, o cür də özünüzə yanaşın. Qoruyucu və sevərək!”

Aytən İsmayılzadə yazır ki, mədə bir orqan olaraq, sadəcə, yemək kisəsi deyil ki, dibi kəsilib tikilsin: “Mədənin hissələri bir-birini təkrar etmir və hər tərəfi müəyyən hormon maddələr buraxır. Mədənin cismi, dibi, girişi, çıxışı, əyrilikləri fərqlidir. Bağırsaq təkrarlana bilir, onun kəsilib tikilməsi ilə mədə bir deyil. Əməliyyatın adı isə “mədəkiçiltmə” yox, “mədəkəsilmə” olmalıdır. Çünki sadəcə, mədə kiçilmir, mədə kəsilərək dəyişir və bu dəyişən orqan artıq mədə olmur. Biz mədəmizi ancaq onu və özümüzü qorumaq məqsədilə kəsdirə bilərik. Məsələn, mədə xərçəngi zamanı. Öz görünüşümüzə görə deyil. Deyək ki, bəzi insanları başa düşdük, xanımdır, başa düşmür bu hissəsini, ancaq görüntü axtarır. Bəs öz xalqıma xas toppuş qızların da mədəsini kəsməyə əlini bulaşdıran həkimlərə nə deməli? Bu ki faciədir! Buna aid instaqramda çoxsayda reklam şəkilləri var. Öncə və sonrası çox da fərqlənməyən şəkillər. Sadəcə, dəhşətdir”.

Həkim bu problemlə bağlı əlaqədar nazirliyin susqun qalmasına etiraz edir: “Heç bir səhiyyə sistemindən insan isə çıxıb “dur” demir. Belə işlərə görə o cür həkimlərə, ümumiyyətlə, əməliyyat etməyi qadağan etməlidirlər. Lakin bu bugünkü dunyada mumkun deyil. Bu əməliyyatı icra edənlər deyə bilər ki, artıq çəki, dizlər, ürək, təzyiq, şəkər və s. Yəni bu problemlərə gətirir. Tamam. Artıq çəki özü bir problemdir. Ancaq pozulmuş sistemin nəticəsi olaraq bir problemdir. Məgər mədə kəsiləndə pozulmuş sistem qaydaya düşür? Lap da pisləşmirmi? Mədə kəsilibsə, bir çox minerallar sorula bilmir, zülal yaxşı həzm olmur, kimdəsə öyümə-qusma olur, insan normal həcmdə qidalana bilmir. Bu günə qədər olan orqanizm isə əvvəlki kimi tələb edir. Balans pozulması dərinləşir. Ruhun qocalması sürətlənir. Bu gedişlə hər cür xəstəliyin sürətlənməsi gözlənilir. Bədən iflas edir.”

Həkimin sözlərinə görə, insanların bir-birinin eynisi olmağa məcbur hiss etməsi, mədəkiçiltmə ilə bağlı problem yaşayanların bunu ictimailəşdirməməsi bu əməliyyat bazarını çiçəkləndirir: “Hər kəsin ki vicdanı varsa, toppuş xanımları şikəst etməsin. Hər kəs ki bu işdə peşman olubsa, ətrafına bunu bildirsin. Video çəkib paylaşsın. Heç kim heç kimin eynisi olmalı deyil. Həyatımızın hər dövründə də eyni olmalı deyilik. Buna məcbur deyilik. Bizi buna məcbur edən yenə zehnimizdir. Sosial şəbəkələrdən, ətrafdan hərənin bir daş atdığı zehnimiz. Peşman olan xanımlar bunu bir xəstəlik üçün etdiyinə özünü inandırsın. Özümüzü buna inandıraq ki, ruhumuz bizdən əvəz çıxmasın. Ola bilər bu dediklərim kimlərisə demotivə edər, həyat davam edir, özünüzdən üzr istəyin və ola biləcək ən gözəl şəkildə bədəninizi qorumağa, sağlam tutmağa davam edin. Bunları ona görə deyirəm ki, bu yola getmək istəyən xanımlar bir daha düşünsün, doğru yol seçsinlər. Yeyəndə də, yeməyəndə də özümüzə zərər vurmamalıyıq”.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir