ders

Məktəb, yoxsa hazırlıq kursu: Şagirdlər seçim qarşısında

Baxış sayı: 613

Azərbaycanda 11 illik orta təhsil proqramı var və universitetlərə qəbul imtahanları bu təhsil proqramına uyğun keçirilir. Lakin şagirdlərin məktəblərdə aldığı təhsil onların universitetə qəbulu üçün yetərli olmur və şagirdlər repetitorlara, hazırlıq kurslarına üz tuturlar.

Belə olan halda, ölkədə fəaliyyət göstərən abituriyent hazırlığı və xarici dil kurslarının keyfiyyətli təhsil məsələsi də növbəti problemi doğurur. Getdikcə artmaqda olan müxtəlif səpkili kursların təhsil keyfiyyəti necə tənzimlənir? Kurslarda işləyən müəllimlərin bilik səviyyəsinə, tədris metoduna, fəaliyyət prinsiplərinə necə nəzarət olunur?

Fizik, elektrik mühəndisi Sadiq Şamilov mövzu ilə bağlı suallarına cavabında bildirir ki, abituriyent hazırlığı kursları insanlara maddi baxımdan sərf edir, amma bütün kurslar keyfiyyətli təhsil verə bilmir: “Abituriyent hazırlıq kurslarının, əlbəttə, hamısı keyfiyyətli təhsil verə bilmir. Burada önəmli olan bir çox faktor var. Savadlı və öyrətmə qabiliyyəti olan müəllim, kursların texniki və maddi bazası və digər səbəblər. Ancaq bu işi yetəri qədər yaxşı görən kurslar var. Kurslar abituriyentlər üçün sərf edir. Bir fəndən, şərti desək, 100 AZN vermək yerinə, kursda 5 fənndən 200 AZN verərək hazırlaşırlar”.

“Daha yaxşı oxumaq üçün hazırlıq kursuna üz tutaraq uğur əldə edənlər də var, etməyənlər də. Burada önəmli olan şagirdin öyrənmə həvəsi, potensialı və kursda müəllimlərin səviyyəsidir. Elə abituriyentlər var ki, heç bir hazırlıq kursuna getmədən 600-dən yuxarı bal toplayıblar. Bu, tamamilə şagirdin həvəsinə, istəyinə və məqsədinə bağlıdır”, -deyə ekspert bildirir.

S.Şamilovun sözlərinə görə, kursların keyfiyyətli təhsil məsələsinə nəzarət edən qurumlar var: “Çünki kursların müəllimləri hər il imtahan verirlər. Müəllimlər bu imtahanlar nəticəsində işə götürülür və bu cür imtahanlar ildə bir dəfə olur. Hətta bəzi kurslar artıq özləri öz müəllimlərini attestasiyadan keçirir. İstər ixtisas fənnindən, istər kurikulumdan”.

Abituriyent hazırlığı ilə yanaşı, xarici dil kurslarının da sayı hər gün çoxalmaqdadır. Lakin dil öyrənməyin məktəb və kurslarda nəzəri biliklərə yiyələnməklə mümkün olmadığı hamıya məlumdur. Bəs sadəcə nəzəri biliklərlə müxtəlif xarici dil imtahanlarından şagird və tələbələrin uğurlu nəticələr əldə etməsi mümkündürmü? Dil kursları bu məsələdə hansı avantajlar vəd edir?

Məktəb, yoxsa hazırlıq kursu: Şagirdlər seçim qarşısında

 “Aken Group” və “CNK Colleges” şirkətlərinin təsisçisi və rəhbəri Kamal Aken cavablandırır: “Dil öyrənmək insanın özündən asılıdır, yəni hər kəs kurslar olmadan da dil öyrənə bilər. Kurs sadəcə həmin şəxsin işini asanlaşdırır, ona yön verir. Kursların xüsusi bir sistemi yoxdur, hazırda kurs açmaq o qədər asanlaşıb ki, əlinə 2 min manat keçən istənilən şəxs 3 otaqlı ev götürüb kurs kimi işlədə bilər. Onların da xüsusi bir sistemi olmur. Amma peşəkar dil öyrətimində xüsusi metodikalar var ki, onlara əməl etmək lazımdır, hər yerindən duran müəllimin özündən tərtib etdiyi proqramla dil öyrənmək mümkün deyil”.

“Kursların keyfiyyət məsələsinə, təəssüf ki, dövlət nəzarəti yoxdur. Məsələn, biz dərsin keyfiyyətinə nəzarət etmək üçün hər ay tələbələrlə xüsusi sorğular keçirir, təkliflərini dəyərləndiririk, xaricdən dəvət etdiyimiz mütəxəssislərlə isə keyfiyyəti daha da artırmağa çalışırıq. Amma istərdik ki, kursların fəaliyyəti üçün xüsusi lisenziyalar tərtib olunsun, hazırda bu qədər qeyri-peşəkar kurs arasında tələbələr də çıxılmaz durumda qalmasın”, – K.Aken vurğulayır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir