misli

Məktəbliləri və qadınları da qumarbaza çeviriblər: “Ailələr dağıdılır”

Baxış sayı: 669

Son zamanlar telekanallarımızda şans oyunlarının – digər adı ilə lotoreya şirkətlərinin aqressiv şəkildə reklam edilmələri sosial mühitdə bu oyunlara olan maraq və həvəsi artırır. Yaxşı, bəs insanların neçə faizi bu oyunların sürətlə yayılmasından, reklamlarından razıdır? Digər adı ilə “qanuni qumar” adlandıra biləcəyimiz şans oyunları vətəndaşlarımıza həqiqətən qazandıra bilirmi? Təməli əvvəllər metro çıxışlarında qoyulan, daha sonra isə məktəb və universitet kimi təhsil mərkəzlərinin yanında göbələk kimi bitən, getdikcə yayılan səyyar lotoreya dükanları şagird və tələbələri, eyni zamanda qadınları da bu oyunlara cəlb etməyi bacarıb.

Lotoreya bileti satan bir çox şirkətlərin fəaliyyəti “qanuni” hesab olunsa da, onların cəmiyyətə, eləcə də günlük qazanca çalışan vətəndaşlara vurduqları ziyan həm maddi, həm də mənəvi olaraq çox böyükdür. Məsələn, gün ərzində fəhləliklə qazandığı 20-30 manat əməkhaqqını həvəslə gətirib oyunlara xərcləyənlər, qarşılığında isə məyusluqdan başqa heç bir şey dadmayan kifayət qədər insanlar var ki, onlar dadandıqları bu psixoloji xəstəlikdən ciddi əziyyət çəkirlər və bu vərdişlərini tərgidə bilmirlər.

Mövzu ilə əlaqədar psixoloq Zeynəb Əyyubova bu növ vərdişlərin fərdə və onun ailə üzvlərinə vurduğu maddi və mənəvi ziyandan, eyni zamanda bu aludəçilikdən uzaqlaşmağın yolları haqqında danışdı.

Psixoloq Zeynəb Əyyubova

Psixoloq qeyd edir ki, şəxslərin aludəçilik problemi ilk öncə ciddi maarifləndirilmə yolu ilə aradan qaldırılmalıdır: “Ümumiyyətlə insanlarda bu yöndə maarifləndirmə aparılmalıdır ki, hər bir ata-ana övlad böyüdərkən, şüuraltı olaraq uşağa bunu öyrətməli, təlqin etməlidir: “Oğlum, yaxud qızım, həyatda heç bir şeyi zəhmətsiz əldə edə bilmirsən. Bütün həyatını mərkəzlənərək ziyanlı davranışlar üzərində qurma, hansısa şans, loto, “poz-qazan” oyununa görə xoşbəxt olacağam, milyoner olacağam deyə düşünmə, çünki bunlar boş xülyalardır”.

Ola bilər ki, kimsə desin ki, “mən nə vaxtsa  bu oyunlardan nəsə əldə etmişəm”, amma gəlin, ilk öncə bunun nisbətinə nəzər yetirək: gün ərzində neçə nəfər bu oyunlardan ziyan çəkib və neçə nəfər xeyir görüb. Ümumiyyətlə, növündən asılı olmayaraq, bir oyun insanda aludəçilik yaradırsa – lap spirtli içkilərdən tutmuş istənilən məhsul, ya da oyun olsun – psixoloji vərdiş yaradırsa, o, artıq həm psixoloji, həm də ruhən insana ziyandır. Əgər bu gün bir kişi övladının boğazından kəsib, qazancını aparıb “poz-qazan”a verirsə ki, “mən bu dəfə qazanacağam”, tərəzinin bir gözünə oğlunun ruzisini, digər tərəfinə də lotoreya mənfəətini qoyursa, deməli, bu insanın psixoloji problemi var və zəhmətsiz irəli getmək, qazanc əldə etmək istəyir – ancaq belə bir dünya yoxdur.

Ona görə də öncəliklə, maarifləndirmə işləri aparılmalıdır. Kimsə əyləncə xarakterli oyunun aludəçisinə çevrilirsə, buna görə öz evini, maşınını, mülkünü satırsa və həmin səbəbdən ailələr dağılırsa, demək ki, bu davranış ağıla və məntiqə zidd xüsusiyyətdir. Dövlətimiz belə bu cür problemlərin baş verməsinə razı olmaz. Çünki burada problem artıq ailələrin dağılmasıdır. Bizim bu gün istəyimiz, ölkəmizdəki reallıq onun üzərində qurulub ki, Azərbaycanda ailə sistemi yaransın. Əgər bir oyun ailə sisteminə ziyandırsa, artıq bu yöndə fikirləşmək, tədbirlər görmək lazımdır. Buna görə də həmin insanlar psixoloji yardım almalı, maarifləndirilməlidir. Bir psixoloq kimi qeyd etməliyəm ki, eynilə narkotik və spirttli içki kimi bu oyunlar da bağımlılıq yaradır və bu bağımlılıqdan ilk öncə ciddi maarifləndirilmə və psixoloji müalicə ilə qurtulmaq mümkündür”.

 

Mətin Şükürlü




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir