Ev heyvani

Mənzildə heyvan saxlamağın qaydaları varmı?

Baxış sayı: 1. 302

Türkiyədə bir kişi cins it saxladığına görə cərimə edilib. Türkiyə mətbuatı xəbər verir ki, Mersində yaşayan bir kişi pitbull cinsindən itləri qanunsuz olaraq əhilləşdirdiyi və evdə saxladığı üçün cərimə edilib.

Xüsusi komanda itləri kişidən alıb və Tarsus zooparkına təhvil verib. İtlərin sahibi təhlükəli heyvanları saxladığı üçün 7 802 lirə (2494 manat) cərimə olunub.

 

Azərbaycanda da son illər evdə heyvan saxlayanların sayı artmaqdadı. Bunun bir səbəbi də sosial şəbəkələrdə ev heyvanları, ümumiyyətlə, heyvanlara qarşı qəddar münasibəti əks etdirən videoların yayılmasıdır.

İstər-istəməz insan hansısa bir canlıya qarşı qəddarlığı qəbul edə bilmir. Bu da heyvanlara qarşı xeyirxahlığı şərtləndirir.

Amma bu da faktdır ki, mənzildə heyvan bəslənməsinə bəzən qonşular mənfi münasibət bəsləyir, hətta heyvanın mənzildən çıxarılmasını da tələb edirlər. Bu isə adətən mənzildə saxlanan heyvan ətrafda natəmizlik yaratdıqda, yaxud yerli-yersiz səs çıxarıb qonşuları narahat etdikdə baş verir.

Ümumiyyətlə, mənzildə heyvan saxlamağın qaydaları varmı? Və bu, necə tələb edilə bilər?

Məsələyə münasibət bildirən Evsiz Heyvanların Müdafiəsi Birliyinin sədri Leyla Əlizadə mənzilində hər hansı heyvan saxlayan vətəndaşın böyük məsuliyyət daşıdığını bildirdi:

– Sənədi, xüsusi pasportu olan heyvanlar var. Amma çox zaman onlar sahibsiz heyvanlar olur. Kimsə hardasa görür, qarşısına çıxır və evinə gətirir. Belə olduqda heyvanı mütləq veterinar həkimə aparmaq, həkim müayinəsindən keçirmək lazımdır. Çünki küçədə bəslənən heyvanlarda müxtəlif xəstəliklərin ola biləcəyi realdır. Evdə heyvan saxlayırsınızsa, xüsusilə onun təmizliyinə ciddi nəzarət etməlisiniz. Bu, ilk növbədə sağlıq məsələsidir. Heyvanlar vaxtlı-vaxtında peyvənd edilməli, ona qulluq edənin pal-paltarı, üst-başı təmiz olmalıdır, çünki natəmizlik halları və heyvanların tükü allergiyaya səbəb ola bilir. Evdə körpə varsa, xüsusilə diqqətli olmaq lazımdır.

Картинки по запросу EV HEYVANI SAXLAMAQ

Uşaqların heyvanla təmasına müəyyən qaydalara əməl edilməklə ən tezi 2 yaşından sonra icazə verilir, əks halda müəyyən fəsadların yaranması mümkündür. Onların gözündə qaşınma, qızarma, sulanma, selikli qişada ifrazatın gəlməsi halları, qaşınma hissiyyatı, bəzi hallarda öskürməyə və boğulmaya qədər əlamətlər baş verə bilər. Evdə heyvan bəsləməyin üstünlükləri var əlbəttə. Evdə heyvan, sanki uşaqdır. Ev heyvanları özlərini uşaq kimi aparır. Dəcəllik edir, atlanıb-düşür, sahibi ilə ünsiyyət yaradır. Bəzən nədənsə küsürlər, inciyirlər. Pişiyə və ya itə acıqlananda başını aşağı salır, quyruğunu qısır. Qaçıb gizlənir. İnsanın səs tonundan heyvan hiss edir ki, nəsə yaxşı iş görməyib. Evdə pişik, ya da it saxlayanlar heyvanlarının necə sevindiyini müşahidə edir.

Amma həmçinin evdə heyvan bəsləmək həm də böyük məsuliyyətdir. Gərək daim diqqətli olasan, heyvanı nəzarətsiz qoymayasan. Əgər evdə bəslənən heyvan itdirsə və siz onu gəzintiyə çıxarırsınızsa, mütləq zəncirlə, kəmərlə bağlı halda gəzdirməlisiniz, ağzına da ağızlıq taxmalısınız. Allah eləməsin, bir də gördün, əldən dartınıb çıxdı, bu halda gərək onu əsəbiləşdirməyəsiniz, ətrafdakılara qarşı aqressiv olmasına imkan verməyəsiniz.

Bəzən sakinlər ev heyvanı saxlayan qonşularından narazı qalırlar. Bu da əsasən o zaman olur ki, heyvan ətrafı çirkləndirir, idrar edir, ya da yerli-yersiz hürür. Bəzən insanlar yaxınlıqlarında hər hansı heyvanın olmasını arzulamırlar, istəmirlər, bundan qıcıqlanırlar. Onları da başa düşmək lazımdır. Əgər qonşular narazıdırsa, yaxşısı budur, ev heyvanını saxlamaq istəyindən əl çəksinlər. Biz ilk növbədə ətrafımızdakı insanlarla ünsiyyətimizin mehriban olmasına çalışmalıyıq. Bəlkə bu mehribanlıq sayəsində ev heyvanına qarşı barışmaz olan insan da yumşalacaq və sizin istəyinizlə barışacaq.

L.Əlizadə bildirdi ki, adı «Qırmızı kitab»a düşmüş, nəsli kəsilməkdə olan, nadir heyvan cinslərini ovlamağa görə cərimələr bizdə də var. Lakin evdə, mənzildə hansısa heyvan növü saxlamağa görə cərimələr barədə eşitməyib:

– İnsan gərək özü anlayışlı olsun. Tutalım, mənzildə biton, yaxud timsah, hətta tısbağa saxlamağın nə mənası?! Hər bir heyvanın öz təbii mühiti var, bunu onlara Allah verib. Necə ki, insan dənizin dibində, yaxud Sahara səhrasında yaşaya bilməz, eləcə də hər bir heyvan öz təbii mühitində yaşamalıdır. Ev heyvanları dedikdə adətən pişiklər nəzərdə tutulur. Həyətdə it saxlaya bilərsiniz, toyuq-cücə və sairə. Təəssüf ki, bizim insanlarımız bəzən öz istəklərini, şıltaqlıqlarını heyvanların üzərində sınaqdan keçirirlər. Bu, heç arzuolunan hal deyil.

L.Əlizadə qeyd etdi ki, son zamanlar sosial şəbəkələrdə pişik və ya it əldə etmək istəyənlərin müraciətləri çoxalıb:

– Buna əsasən deyə bilərəm ki, bəli, son zamanlar ev heyvanlarına maraq və istək artıb. Amma bəzi şəxslər, təəssüf ki, ev heyvanını dəb xatirinə istəyir. Yazırlar ki, pişik və ya it əldə etmək istəyirlər, amma gərək cins heyvan olsun. Belədə artıq başa düşürük ki, bu adam dəb xatirinə, kiməsə nümayiş etdirmək üçün, kiminsə şıltaqlığını aradan qaldırmaq üçün heyvan əldə etmək istəyir. Heyvanlar canlıdır. Onlarla canlı kimi, həyatımızın bir parçası bilib davranmalıyıq. Dəb xatirinə əldə edib, bəzək əşyası, oyuncaq kimi baxmamalıyıq.

Bəzən belə də olur ki, biz sahibsiz heyvanlara «ailə» tapırıq. Atılmış pişik balalarını, küçükləri sığınacaqlara yerləşdiririk. Bəzən belə də olur ki, atılmış pişik balasını, küçüyü kimsə əldə etmək, saxlamaq istəyir və bizimlə əlaqə yaradırlar. Belə hallarda mən özümü çox xoşbəxt hiss edirəm, sanki kimsəsiz, atılmış bir uşağa ev, ailə tapmış oluram. Amma kor-koranə də heyvanları adamlara təslim etmirik. Çünki bir-iki dəfə fırıldaqçılarla qarşılaşmışıq. Çalışırıq, heyvanı təslim edəcəyimiz adamı tanıyaq, kimliyini öyrənək. Kiminsə heyvanla pis davrandığını öyrənəndə, əlindən alırıq.

Heyvan da canlıdır, onun da həkimə, dərmana ehtiyacı yarana bilər. Ev heyvanı saxlayan adam gərək bunu fikirləşsin və veterinar həkimlə mütəmadi əlaqə saxlasın. Ev heyvanının təmizliyinə, gigiyenasına əməl edilməlidir. Özümüz yuyunub, darandığımız kimi, heyvanları da yuyundurub, tüklərini daramalıyıq. Təmizliyə, sanitar normalara riayət edilsə, heyvanın insanlara heç bir zərəri olmaz. Sadəcə, bu bir faktdır ki, evdə pişik və ya it saxlayanlar digərlərinə nisbətən daha səbirli, daha sakit, gərginlikdən uzaq olur. Ev heyvanı olan ailələrdə mehribanlıq hökm sürür, insanların üzü gülür.

 

Məlahət Rzayeva

 

Картинки по запросу EV HEYVANI SAXLAMAQ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir