Elnur Rustemov

Mariannanın corabları – PSİXOLOQ YAZIR

Baxış sayı: 1. 956

“Gencaile.az” Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, tanınmış psixoloq Elnur Rüstəmovun məqaləsini təqdim edir:

Sənin ad gününə gül dərmək üçün,

 

Sinəmə çəkdiyin dağa çıxıram.

Salam Sarvan

 

Mövzu yenə eyni mövzudu. Ancaq çevir tatı, vur tatı deyil. Çünki bu problem son dövrlərin aktual problemi olduğundan müxtəlif istiqamətdə yanaşma tələb edir. Söhbət boşanmalar və onu yaradan faktorlardan gedir. Məqalədə əsasən bir məqama toxunacağam – valideyn-övlad arasında emosional bağlılığın artması, nəticədə bunun qurulan ailələrə mənfi təsiri. Əslində mövzu tədqiqat mövzusudu. Bir məqaləyə sığmayacaq mövzudu. İnşallah qismət olarsa, bunu davam etdirərik. Ona görə də izahatı burada saxlayıb keçirik mətləbə.

Heç kimə sirr deyil ki, dünənə qədər Azərbaycan ailələrində 3 və ondan çox uşaq olurdu. Hətta elə bölgələrimiz vardı ki, orada 7 uşağı olana sonsuz belə deyirdilər. Keçid dövründə, konkret olaraq sovetlər dağılan ərəfədə və dağılandan sonra ailələrdə uşaqların sayı getdikcə azalmağa başladı. (Bunu birbaşa Sovetlər İttifaqının dağılması ilə əlaqələndirmək olmaz. O vaxta qədər ümumən dünyada insanların komforta meylliliyi, texnikanın inkişafı və s. faktorlar buna təsirini göstərirdi. Sadəcə Sovet ideologiyası problemi inzibati rıçaqlarla olsa belə, tənzimləyə çalışırdı – E.R.) 90-cı illərdən başlayaraq ailədə uşaqların sayı 3, yaxud da 4 nəfərə düşdü. 2000-ci ildən sonra isə 2, maksimum 3 uşaq həddinə çatdı. (Müstəsna təbii ki, var. Sadəcə biz daha geniş spektri hədəf götürürük – E.R.) Nəticədə ailələrdə valideyn övlad münasibətində problemlər yaranmağa başladı. Əslində, problem ilkin dövrdə tərəflər arasında konkret olaraq ər-arvad arasında yaranmağa başladı. Bu da öz təsirini ailədə uşaq sayının azalması, uşaqların özlərinin psixologiyasında mənfi təsirə səbəb oldu.

Ailədaxili konflikt ailə yaranandan mövcuddu. Sadəcə həll yolları, konfliktə yanaşma formaları əvvəlki illərdə daha fərqli idi. Uşaq sayının çox olması tərəflər arasında konflikti nisbətən arxa planda saxlayırdı. Ailə daha çox kompromisə gəlməyə üstünlük verirdi. Bu gün uşaq sayının az olması, tərəflər arasında boşanma prosesində onların bir yerə gəlməsinə mənfi təsir göstərir. Digər tərəfdən, ailədə uşaq sayı azaldıqca valideynlə övlad arasında emosional bağlılıq da artır, valideyn uşağına daha çox bağlanır, ona daha yaxın olmaq istəyir. Bu gün yeniyetmə ailə tərəfindən daha çox kontrol edildiyini deyir və bunu mənfi hal kimi dəyərləndirir. Şübhəsiz, yeniyetmə məsələyə öz prizmasından yanaşır və özünü haqlı bilir. Valideyn prizmasından məsələyə yanaşdıqda ayrı bir mənzərənin şahidi oluruq. Valideyn uşağına çox bağlıdı, hər addımını nəzarət etmək istəyir. Çox yaxşı edir, öz övladıdı, özü bilər. Amma yox, özü bilmir. Bilsəydi, problemlər yaranmazdı. Valideyn övladı ilə davranmaqda çətinlik çəkir. Belə bir deyim var: “Uşaqlar ata-analarından daha çox zəmanəyə oxşayarlar.” Bu fikir indi və hər zaman aktual olub. Bəli, uşaqlar zəmanə uşaqlarıdı. Bu gün zəmanə və valideyn savaşı gedir. Dünənin uşağı, bu günün valideyni olan bizlər də bu gündən şikayət edib, o dünəninimizdən misallar gətiririk. Əmin olun, uşaqlarımız da sabah bizim nəvələrimizə bu günümüzü misal gətirərlər. Görünən odur ki, bu xəmir hələ çox su aparar. Özü də qarşısıalınmaz bir proses kimi. Qalır bununla davranmağı bacarmaq. Əks təqdirdə, toplum olaraq bir çox dəyərləri, ailə modelini tamamilə itirmiş olarıq. Ona görə də böyük prosesə Azərbaycan ailəsini hazırlamaq lazımdı. Biz kiməsə “sənin niyə 5 uşağın yoxdu?”, – deyə irad bildirə bilmərik. Buna heç bir haqqımız yoxdu. Ancaq bir uşağı beş uşaq kimi böyütməyə çalışmalıyıq. Tərkibinə güvən, ona inanmaq, çox şey gözləməmək və s. “ədviyyatlar” qatmalıyıq. O zaman övlad özü olacaq. İki uşaq ailədə 4 uşağa çevrilməlidi.

Ata-ananı bura əlavə etmək istərdik. Münasibət sağlam olmalıdı. Lazım olanda uşağa BÖYÜK bacı, yaxud qardaş olmağı bacarmalıyıq. Bizdə dədə-babadan belə bir söz vardı. “Məni uşaq basmayıb ki”. Fikir verin, kimlər bunu deyirdi? 2, yaxud 3 uşağı olanlar. Baxın, bu gün onların dövrüdü. Həmin basılmayan uşaqlar qurduqları ailənin ilk bir ilində problem yaşayırlar. Yeni mühitə adaptasiya ola bilmirlər. Səbəb hər iki tərəfin ailələrinin prosesə müdaxilə etməsidi. Niyə müdaxilə yazdıq. Çünki dəstək olmaq ayrı şeydi. Burada hər iki tərəfin maraqları nəzərə alınır. Müdafiə etmək isə bir tərəfin mövqeyini nəzərə almaqdı. Nəticədə ana-ata “məni uşaq basmayıb”, – deyib qızını evinə gətirir, yaxud da oğlunu qızdan ayırır. Bunu edən ana-ata ailə quranda hər şeyləri normal idimi? Həyat yoldaşı gündə neçə dəfə onunla telefon əlaqəsi yaradırdı? Neçə saat internetdə, sosial şəbəkədə zaman keçirirdi. Qabaqlar belə şeylər yox idi. Kişi işə gedəndə xanım əmin idi ki, əri İŞƏ gedir. O zaman xanımlar indiki qədər gündəlik həyatda aktivlik nümayiş etdirmirdilər.

 

Gender bərabərliyi günümüzdə dağılan ailələrdə bir vəsilə olub.

Necə oldu ki, ailələrimiz dayanıqsız oldu? Nə təsir göstərdi? Azərbaycan ailə modeli, ailə dəyərləri hər zaman möhkəm olub. Nə təsir göstərdi ki, dəyərlər aşınmağa başladı? Əslində, ciddi bir problemin astanasındayıq. Boşanmalarla bağlı son zamanlar rəsmi qurumlar tərəfindən belə həyəcanlı xəbərlər eşidirik. Sual olunur. Rəsmi qurum həyəcan təbili çalırsa, niyə problem düzəlmir, əksinə, daha da dərinləşir. Mahiyyətə baxanda problem qlobal bir problemdi. Bir güllə bahar olmaz deyiblər. Bütün hallarda bir gül belə, böyük bir problemin qabağında seçilə, örnək ola bilər.

Məsələ burasındadır ki, bu gün ümumən planetdə ailə böhranı yaşanır. İnsanlarda ailədən daha çox övlad düşüncəsi daha qabarıq özünü büruzə verir. Tərəflər bəzən uşağa görə bir yerdə olduqlarını ifadə edirlər. Öncələrdə uşağa görə ailə yolu birgə yaşamağa qərar verirdisə, bu gün artıq bu stiqmanın da aradan qalxdığının şahidi oluruq. Ailələrin bir qismi bu “baryeri” aşdılar. Dolayısı ilə ayrılmaq adiləşdi. Az qala normaya çevrilməyə başladı. Nəzərə alaq ki, biz böyük bir problemin vintciyiyik. Bu gün dünya özgürlük savaşına çıxıb. Kişi, qadın, övlad, valideyn və s. Hər kəs sərbəst, azad olmaq istəyir. Dünənə qədər azadlığa qarşı məsuliyyət anlayışı qoyulmuşdu. Spinoza bunu “Azadlıq dərk edilmiş məsuliyyətdir” formasında xarakterizə etmişdi. Bu gün isə biz məsuliyyətdən çox azadlıq sevdasındayıq. Nəticədə çox dəyərlərimizi itirdik, insanlıq itirir. Psixoloji problemlər hər gün artır. Öncə olan problemlər artıq normaya çevrilir. Homoseksuallıq dünənə qədər beynəlxalq təsnifatda xəstəlik kimi xarakterizə edilirdisə, bu gün xəstəlik siyahısından çıxarıldığının şahidi oluruq. Çünki dünən bundan əziyyət çəkən az idi. Bu gün bu problem o dərəcədə artdı ki, artıq bunu norma kimi qəbul etdilər. Eləcə də bir çox psixi xəstəliklər var ki, onların da yaxın 10 illikdə xəstəlik siyahısından çıxarılacağının şahidi olarıq. Texnika, texnologiya inkişaf etdikcə insanın deqradasiyaya uğrayacağının şahidi oluruq. Bəşəriyyət qazansa da, insanlıq itirir. Hələ çox itirəcək. Müstəqilliyin ilkin mərhələsində efir məkanımızdakı boşluğu Braziliya və Meksika filmləri doldurmağa başladı. O zamana qədər insanlarımızın böyük bir qismi əcnəbi ailələr haqqında kitablardan, romanlardan məlumat alırdılar. Nəzərə almaq lazımdır ki, o romanlar da senzuradan keçəndən sonra tərcümə olunurdu. İdeologiya imkan vermirdi ki, ailə dəyərlərinə xələl gətirən informasiyalar cəmiyyətə ötürülsün. 90-cı illərin əvvələlrində artıq seriallar bizim qarşımızda fərqli bir mənzərəni açdı. Xatırlayıram, o zaman elektrik enerjisinin verilməsində problemlər olurdu. Bu səbəbdən də rayon və kəndlərdə serial olan axşamlar ailələr bir evə toplaşıb işıq generatorunun köməyi ilə həvəslə bu seriallara baxırdılar. Özü də elliklə baxırdılar. Nəzərə almaq lazımdır ki, o seriallar həftədə bir dəfə verildiyindən bir həftə də onların müzakirəsi gedirdi. (Zatən indinin özündə də seriallar həftədə bir dəfə verilir.) Sözüm onda deyil. Bəlkə də biz o zamanlar seriallarda qoyulan problemə ötəri, bizə aid olmayacaq bir hadisə kimi yanaşırdıq. Əslində, yanlışlıq da o zamandan başladı. Tarix üçün 100 illər elə də böyük zaman deyil. Aradan 20-25 il keçib. Bəzən biz elə hadisələrlə rastlaşırıq ki, Meksika filmləri onun yanında toya getməli olur. Diqqət etsək görürik ki, sağlam ailə münasibətlərinə mənfi təsir ailədaxili konflikt fonunda özünü büruzə verdi. Ailədaxili konfliktlər qabardıldıqca tərəflər arasında emosional bağ da zəifləməyə başladı. Fərq etməz bu konflikt hansı səviyyədə çözülürdü. Ağsaqqal səviyyəsində, yaxud da hüquqi müstəvidə. Hər iki halda bunlar 2 nəfərin münasibətinə mənfi təsir göstərir. Hüququ qabardıqca problemlərimiz də artmağa başladı. Deyə bilərsiniz ki, psixoloqa da müraciət artdı. Razıyam. Ancaq bunu biz etmədik. Bu gün Avropa ilə müqayisədə çox geridə qalırıq. Qabaqlar, elə indinin özündə də nə isə olanda Avropanı misal gətirirlər. Avropada uşaqlar 17 yaşdan sonra evdən uzaqlaşırlar. Müstəqil həyatlarını qururlar. Sual olunur; bu gedişlə yaxın 5 ildə bizdə bu mənzərənin şahidi olmayacağıqmı? Olarıq. Bu gün valideynlər zatən övladları ilə canlı təmasda az olurlar. Valideynlə övlad arasında emosional bağ nə qədər sıx olsa da, uşaq yenə də evdən uzaqlaşmağa, ayrı yaşamağa cəhd edir. Qəribə bir paradoksla rastlaşırıq. Valideyn uşağa tərəf nə qədər addım atırsa, uşaq da bir o qədər valideyndən uzaqlaşır. Valideyn bunu sevgi, uşaq isə basqı kimi dəyərləndirir. Problem burdadı. Dəyər lokal ailə dəyəri kimi formalaşır. Övladım üçün rahat olsun. Ailəsi olmasa da olar. Bu qorxunun nəticəsidir ki, valideynlərin bir qismi övladlarının ailə qurmalarına o qədər də həvəs göstərmirlər. Ailə qurduğu təqdirdə belə, övladlarına maksimal komfort istəyirlər. Ailədə xırda bir konflikt az qala boşanma ilə nəticələnir. Zatən insan bu gün informasiyanın əsirinə çevrilir. İnformasiya aclığı yaşayır. Fərqi etmir, nə xəbər olur-olsun oxumaq, eşitmək istəyir. Xəbər olmayanda sanki boğulur. Fikir verin, səhər yuxudan ayılan kimi informasiya qəbul edirik. Bu, yatana qədər davam edir. Nəticədə insan az qala robota çevrilir. Səbəbsiz yerə aqressiv olur, əsəbiləşir, özünə qapanır, ətrafdan təcrid olunmaq istəyir. Tək qalır darıxır, cəmiyyətə qarışır yenə də darıxır. Bütün bunların baş verməsində ifrat informasiya almaq böyük rol oynayır. Bəli, bu gün Avropa buna qarşı savaşır. Bu gün avropalı informasiyadan özünü qoruyur, özünü bacardığı qədər yüklənmədən saxlayır. İnformasiyanın girovuna çevrilmir. Hər günün öz xəbəri yaranır. Olmasa belə, boşluqdan xəbər düzəldirik. Yetər ki, o xəbəri bəhanə edib ürəyimizi boşaldaq. Sanki bu olmasa havamız çatmır. Erik Fromm qeyd edirdi ki, müasir şəraitdə insan maddi sferada çox şey əldə etmiş, lakin özünü unutmuşdur. Əslində, insan fərqində belə olmadan yaratdıqlarının içində özü də həll olub. İstehsal və mübadilə psixikanın korlanmasına, nevrozların artmasına,  intellektual enerjinin qeyri-rasional istiqamətdə xərclənməsinə, şüurun siyasi manipulyasiyaya məruz qalmasına, zövqlərin korlanmasına, dünyagörüşdə humanist meyllərin azalmasına gətirib çıxarıb.

Həyat düşünərkən dərindi. Onu yaşayanda dayaz olduğunu görürük. Paradoks hər addımda insanın gözünə batır. Ən yaxşısı həyatın nəbzini tutmaqdı. Burada insan faktoru aparıcı rol oynayır. Dərin düşünənlərin dayaz hərəkətlərini görürük. Seçim imkanı çoxaldıqca daxili narahatlıqlar da artır. Nəticədə psixoloji problemlərə yol açılır. Böyük mütəfəkkirlər daha çox düşünməyə, məkanı az dəyişməyə çalışmışlar. Dolayısı ilə məqsəddən yayınmamağa üstünlük veriblər. Məkanı az dəyişmək, hədəfdən yayınmamaq ruhi sakitliyin əsasını təşkil edir. İfrat yüklənmə ifrat rahatsızlıq yaradır. Qabaq bir müəssisədə insan 20 il çalışırdı. Düzdü, şikayəti belə olsa işini vicdanla yerinə yetirməyə səy göstərirdi. Çünki narazı olmaq insana xas bir xüsusiyyətdi. Bu gün isə alternativlər çoxdu. Nəhayətdə yaşam müddətində insanın zaman-zaman işini dəyişdiyinin şahidi oluruq. Nəzərə almaq lazımdı ki, hər iş mühitinin, orada çalışan kollektivin özünün də fərqli psixoloji xüsusiyyətləri olur. Bu fərqli psixoloji xüsusiyyətlər isə öz növbəsində insanın ailə, ətraf, cəmiyyətlə münasibətinə öz təsirini göstərir. Ona görə də seçim özlüyündə seçimsizliyə bərabərdi. İnsan məqsədyönlü olmalıdı. Bunun üçün istəyini bəlli etməli, bu istiqamətdə çalışmalıdır. İnsanın nə istədiyini bəlli etmək isə özünüdərklə bağlı bir problemdi. Hardan haraya gəlib çıxdıq, özünüdərkə. Bəli, özünü dərk edən insan ətrafı da dərk edəcək.

Yaponlar “kimi insan adlandırmaq olar?” sualına cavab olaraq bildirirdilər ki, sözlərə, hərəkətlərə, xariciliyə və ehtiraslara ciddi münasibət bəsləyən insanı insan hesab etmək olar. Bütün hallarda “Günəş Şərqdə doğur, Qərbdə batır”.

P.S. Marianna corabları keçən əsrin 90-cı illərində dəbdə idi. Filmin süjet xəttini sevməsək də, corablar satılırdı.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir