MASIN

Maşın bazarında ucuzlaşma

Baxış sayı: 378

Azərbaycanın avtomobil bazarında son illərdə ilk dəfə olaraq ucuzlaşma müşahidə edilir. İstehsal tarixi 15 ildən artıq olan avtomobillər dəyər-dəyməzinə satılır. Avomobil satışı və alışı ilə məşğul olan şəxslər də son zamanlar bazarda qiymətlərin aşağı düşdüyünü bildirirlər. Bu məlumatı keçirdiyi monitorinqə əsasən İqtisadi və Sosial İnkişaf Mərkəzi də təsdiqləyib. Mərkəz tərəfindən keçirilən monitorinqə əsasən, ucuzlaşma əvvəlki dövrdə taksi kimi istifadə edilən bir sıra avtomobillərin kütləvi satışa çıxarılması ilə bağlıdır. Belə ki, 10 min manatadək olan avtomobillərin qiyməti 8.2 faiz azalıb. Aİ-95 markalı benzindən istifadə edən və daha bahalı avtomobillərə tələbin azalması müşahidə olunsa da, həmin avtomobillərin qiyməti dəyişməyib.

 

Nəqliyyat eksperti Aslan Əsədovun sözlərinə görə, bu gün nəqliyyat vasitələrinin qiymətləri bir neçə amil üzrə tənzimlənir. Əsas amil ondan ibarətdir ki, nəqliyyat vasitələrinin ili nəzərə alınır: “Məlum olduğu kimi, müəyyən qaydalar çərçivəsində taksi fəaliyyətinə kifayət qədər nəqliyyat vasitələri cəlb olunub, hətta bu kütləvidir. Yaş senzuru daxil edildikdən sonra müəyyən yeni texniki parametrlərə cavab verən nəqliyyat vasitələrinin istifadəsinə icazəsi verildi, lakin digər nəqliyyat vasitələri üçün bu, keçərli olmayacaq. Eyni zamanda, Rusiya istehsalı olan nəqliyyat vasitələrinin də ikinci əl bazarında xüsusi bir çəkisi, payı var. Nəqliyyat vasitələrinin, xüsusən Asiya istehsalı, yəni Yaponiya, Cənubi Koreya, Çin və digər ölkələrin istehsalı olan avtomobillərin satışı hazırkı vəziyyətdə əlçatan olmasa belə, bazara daxil ola, yetərincə satışı olan avtomobillərdəndir. Yəni müxtəlif qaydaların tətbiq edilməsi, xarici avtomobillərin gətirilməsi və s. bu kimi amillər hamısı sonda qiymətə təsir edən faktorlar sırasına daxil olur. Nəticədə avtomobillər ucuzlaşır”.

Aslan Əsədov qeyd edib ki, bazarda avtomobillərin ucuzlaşması yaxın gələcəkdə utilizasiya prosesinə qədər davam edəcək. Bu prosesin başlanması ilə qiymətlərdə durğunluq yaranacaq.

İqtisadçı ekspert Elşad Məmmədov deyir ki, hazırda bir çox seqmentlər üzrə avtomobil bazarında qiymətlərin enməsi müşahidə olunur. Bu ucuzlaşma taksilərə qoyulan tələblərlə bağlıdır. Qaydaların sərtləşdirilməsi ona gətirib çıxardı ki, bir çox taksi sahibləri avtomobillərini satmağa üstünlük verirlər. İstehsal tarixi 15 ildən artıq olan avtomobillər dəyər-dəyməzinə satılır. Bu da bazarda avtomobil həcmin artmasına, avtomatik olaraq qiymətlərin ucuzlaşmasına səbəb olur.

Elşad Məmmədov qeyd edib ki, elektromobillərin sayının artması, bu avtomobillər üçün tətbiq olunan güzəştlər də bazarda qiymətlərin düşməsi ilə nəticələnir. Hibrid avtomobillər və elektromobillər bazara daxil olduqca, köhnə maşınların qiyməti daha da ucuzlaşacaq: “Bu gün avtomobil bazarında benzin və dizellə işləyən, iri mühərrikli bütün avtomobillərdə qiymət azalmasını görmək mümkündür. Çünki alıcılar daha çox hibrid və elektrikli avtomobillərə üstünlük verirlər. Hətta 10 min manatlıq maşını da satmaq mümkün deyil. Satıcılar qiymətləri müəyyən etsə də, alıcılıq qüvvəsi çox aşağıdır. İndi maşın alanların əksəriyyəti xanımlardır. Onların da seçimləri hibrid və elektromobil maşınlar olur”.

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayevin sözlərinə görə, avtomobil bazarımızda ucuzlaşmaya son vaxtlar qəbul edilən qərarlar səbəb olub: “Hazırda bütün dünyada elektrikli və hibrid avtomobillərə maraq artır. Yeni avtomobil almaq istəyən, yaxud avtomobilini yeniləyən şəxslər əvvəlcədən kiçik də olsa bazar araşdırması aparırlar. Eyni zamanda, taksi fəaliyyəti ilə bağlı qoyulan tələblər də avtomobil bazarımıza təsir edib. Yeni qaydalara görə, köhnə avtomobillər artıq taksi xidməti göstərə bilməyəcək. Ona görə də sahibkarlar avtomobillərini satmağı üstün tuturlar. Satış artdığı zaman tələb və təklif qanunlarına görə qiymətin ucuzlaşması baş verir”.

Y.Mustafayevin fikrincə, artıq köhnə avtomobillərin erası bitir: “Avtomobil alanlar hibrid və elektromobilləri seçdiyinə görə, digər nəqliyyat vasitələrinin satışı hazırda çox azdır. Köhnə avtomobil satan şəxslər daha da ucuz qiymət qoyurlar ki, tez satılsın. Beləliklə, bu məsələlər ümumi avtomobil qiymətlərinə də ciddi təsir göstərir. Müşahidə olunan ucuzlaşma prosesi davam edəcək. Həmçinin irihəcmli mühərriki olan avtomobillərin də qiymətlərində enmə gözlənilir. Bu avtomobillərə də tələbat azalacağı üçün onların da qiyməti ucuzlaşacaq. Artıq tanınmış maşın istehsalçıları da öz seçimlərini hibrid və elektromobillər üzərindən edirlər. Çünki bazarın tələbi bu istiqamətdədir”.

masin bazari

İqtisadçı ekspert Xalid Kərimli bildirir ki, hazırda sahibkarlara yeni avtomobilləri gətirmək daha çox sərf edir: “Hibrid və elektromobil avtomobillərə maraq ötən ildən başlayaraq sürətlə artıb. Bu avtomobillər gömrük rüsumundan da azad edilib. Xüsusən də yeni buraxılış olan bu avtomobillər ölkəmizə gətirilərkən heç bir rüsum ödənilmədiyi üçün onların qiyməti daha əlverişli olacaq. Həmin avtomobillər insanların büdcələrinə daha uyğun olduğu üçün bazarda da payları artır”.

X.Kərimlinin dediyinə görə, qiymətlərin ucuzlaşması qısamüddətlidir, bazarda yeni avtomobillər çoxaldıqca, zamanla qiymətlər də stabilləşəcək: “Qiyməti ucuzlaşan avtomobillər köhnə maşınlardır. Hansı ki, onlar yeni qanuna qədər taksi parkında istifadə olunurdu. Artıq onlar təyinatı üzrə fəaliyyət göstərə bilməyəcəyinə görə kütləvi şəkildə bazara çıxarılırlar. Kütləvi təqdimat da istər-istəməz qiymətlərə öz təsirini göstərir. Bu tendensiya qısamüddətlidir. Sonra bazar yenidən stabilləşəcək. Çünki Azərbaycan bu avtomobilləri xaricdən idxal edir. Avtomobil bazarımızda qiymətləri alıcılar və satıcılar yox, əsasən gələn avtomobillərin dəyəri müəyyənləşdirir. Avtomobili gətirən sahibkar maşını sata biləcəyi halda gətirir. Görsələr ki, sata bilmirlər, bu avtomobilləri gətirməyəcəklər. Bu zaman artıq daha bahalı avtomobillər idxal ediləcək. Beləliklə, bazar stabilləşəcək. Gətirilən avtomobillərin dəyəri artacaq”.

İqtisadçı ekspert Akif Nəsirli hesab edir ki, taksi fəaliyyəti ilə bağlı hökumətin yeni qərarı  avtomobil bazarına əsaslı şəkildə təsir etdi. Çünki istehsal müddəti 15 ildən artıq olan avtomobillərlə taksi xidməti göstərmək artıq qadağan edilir. Halbuki ölkədəki taksi parkının 80-85 faizi məhz 15 ildən artıq istismarda olunan avtomobillərdir. Nəzərə alaq ki, təkcə Bakıda 70 minə yaxın taksi var. Bu taksilərin də böyük əksəriyyəti köhnə avtomobillərdir. Hökumət də deyir ki, Bakıda 20 min avtomobilin taksi xidməti göstərməsi kafidir: “Deməli, 50 min taksi dövriyyədən çıxarılır. Bundan əlavə, rayonlarda və şəhərlərarası taksi xidməti göstərən avtomobillərində 90-95 faizi köhnə maşınlardır. Bu qədər taksi fəaliyyəti ilə məşğul olan avtomobilin dövriyyədən çıxması təbii ki, köhnə avtomobillərə marağı kəskin azaldıb. Bundan başqa, bu ildən etibarən avtomobillər DYP tərəfindən texniki baxışdan keçirilən zaman həm də utilizasiya xərci ödəməlidirlər. Bu da avtomobilə olan marağı azaldır. Üstəlik, hibrid və ekomobillərin ölkəyə gətirilməsinə yandırılan “yaşıl işıq”da köhnə avtomobil bazarına öz təsirini göstərib”.

Akif Nəsirli hökumətin avtoparkın yenilənməsini bir tələb kimi qarşıya qoyduğunu da qeyd edib: “Məhz bu və digər səbəbdən ikinci əl avtomobillərin ucuzlaşması, ən əsası isə təklifin tələbi üstələməsi prosesi gedir. Amma bu o demək deyil ki, köhnə avtomobillər dövriyyədən çıxarılır. Xeyr. Sadəcə olaraq, bəzi adamlar taksi kimi istifadə etdiyi avtomobildən bir növ qurtulmaq istəyir. Təklif tələbi üstələdiyi üçün də bazarda sürətli ucuzlaşma gedir. Yaxşı olar ki, dünya təcrübəsini nəzərə alaraq, Azərbaycan hökuməti də vətəndaşların yeni avtomobillərə əlçatanlığını artırmaq üçün tədbirlər görsün”.

 

Sevinc QARAYEVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir