masin bazari

Maşın bazarında vəziyyət nə yerdədir?

Baxış sayı: 797

Son dövrlər dünyada baş verən iqtisadi böhran bir çox sahədən yan keçməyib. Koronavirus pandemiyasının fəsadlarından biri kimi dəyərləndirilən bu vəziyyət əvvəlcədən proqnozlaşdırılan idi. 

Bəs, maşın bazarında vəziyyət nə yerdədir? Böhran bu sahəyə də təsir edibmi? Vəziyyəti yerindəcə öyrənmək üçün Badamdarda yerləşən maşın bazarına üz tutduq.

Bazarda demək olar ki, alıcı gözə dəymirdi. Yəni, bazarda alan yox, satan çox prinsipi hökm sürürdü. Daha çox “Hyundai”, “Kia”, “Toyota” markalı maşınlar satışa çıxarılmışdı. 

Beləliklə, “Gencaile.az” saytı “Publika.az”-a istinadən maşın bazarından hazırlanmış reportajı təqdim edir.

Söhbət etdiyimiz alıcılar bildirdilər ki, bazardakı vəziyyət ürəkaçan deyil.

İlkin Zülfüqarov qeyd etdi ki, avtomobilini dəyərindən aşağı qiymətə satışa çıxarsa da, alıcı tapa bilmir. Bunun səbəbini bazarda həddən çox maşının olması, alıcılıq qabiliyyətinin isə aşağı olması ilə əlaqələndirdi.

Bazarda üstünlük qiymətinə görə nibətən daha münasib “Nissan Tiida”, “Mercedes-Benz B-Class”, “Opel Astra” markalı maşınlara verilir. Bu avtomobillər 10-15 min manata təklif oıunur. Qiyməti təxminən 7-8 min manat civarında dəyişən Rusiya istehsallı maşınlara da rəğbət dəyişməz olaraq qalır. Ancaq bazarda hibrid maşınlara rast gəlmədik. Satıcılar bunun səbəbini xaricdə də bu tip avtomobillərin baha qiymətə satılmasında görürlər.

Satıcıların sözlərinə görə, insanlar daha çox saytlardan maşın almağa üstünlük verirlər. Lakin burada da bir sıra problemlər gözə dəyir. Belə ki, fotoda əla vəziyyətdə görünən maşının əslində realda göstərildiyi kimi olmadığını görən müştərinin gözü qorxur və yenidən bazara üz tutur.

Bazarda diqqətimizi çəkən əsas məqamlardan biri də burada Amerikadan gətirilən maşınların çoxluq təşkil etməsi idi. Hətta deyərdim ki, 90 faiz təşkil edir.

Doğrusu, həmin avtomobillərlə əlaqədar bir çox şayiələr mövcuddur. Belə ki, maşınların ölkəyə gətirilən zamankı vəziyyəti, xaricdə onların hansı məqsədlər üçün istifadə olunması və s. kimi məsələlərdə xoşagəlməz hallar mövcuddur. Məlum oldu ki, bu cür avtomobilləri daha çox taksi şirkətləri alır.

Digər tərəfdən, daha bir narahatedici məsələni də yerindəcə öyrəndik. Belə ki, alıcılar sırf qiyməti ucuz olduğu üçün sükanı dəyişdirilmiş maşınları almaqda problem görmürlər. Xatırladaq ki, bu tip avtomobillərin hərəkət zamanı anidən qapıları bağlana, yanğın baş verə bilər. Mütəxəssislər də hər zaman bu məsələdə alıcıları diqqətli olmağa çağırırlar.

Maşın bazarındakı vəziyyəti ekspert Elməddin Muradlı ilə də müzakirə etdik. Ekspert bildirdi ki, yanvarın 1-dən etibarən bəzi avtomobillər üzrə, eyni zamanda mühərrikinin həcmi böyük olan avtomobillərdə aksiz vergisi 50 faizədək artırılıb: “Bu, bir növ dünya təcrübəsinə əsasən atılan addımdır, çünki artıq inkişaf etmiş bir çox ölkələr iri mühərrikli avtomobillərdən imtina edir, kiçik mühərrikli avtomobillərə üstünlük verirlər. Bunda məqsəd ətraf mühitin qorunması, ekoloji problemlərin azaldılması istiqamətində addımlar atmaqdır. Bu, BMT, Ümumdünya Səhiyyə Təşkilatı kimi beynəlxalq təşkilatların bütün dünya ölkələrinə çağırışıdır. Azərbaycan da artıq avtomobillərin ətraf mühiti çirkləndirməsi ilə bağlı araşdırmalar aparır və nəticədə müəyyən addımlar atır. Bu addımların fonunda avtomobillərin qiymətlərində artım baş verir. Təbii ki, yerli avtomobil ticarəti ilə məşğul olan şəxslər də vəziyyəti başa düşür və təhlil edirlər ki, qiymət artımı həm də fərdi qaydada maşın alıb-satanlara da təsir göstərir. O baxımdan ki, qiymətlərin necə tənzimlənəcəyini müəyyənləşdirmək üçün öz maşınını satmaq istəyənlər belə bu gün bazara çıxmırlar.  Gözləyirlər ki, bazarda aydınlıq, şəffaflıq yaransın. Məsələn, 2 ay öncə 30 min manata satılan maşını bu gün 35 min manata satmaq belə tərəddüdlü məsələdir. Ona görə də hər kəs gözləyir”.

Ekspertin fikrincə, bu proses mart, aprel ayına qədər davam edə bilər: “Çünki tərəddüd içində olan insanlar çoxdur. Bu zaman da dizel mühərrikli avtomobillərdə qiymət artımı kəskin şəkildə hiss olunacaq. Çünki bu tip avtomobillərin ölkəyə gətirilməsinə görə aksiz vergisi demək olar ki, 50 faizədək artırılıb. Hazırda avtomobil bazarında keçən il mütəmadi şəkildə Azərbaycana daşınan maşınlardır. Onları ölkəyə gətirən sahibkar artıq bilir ki, bu avtomobilin üzərinə ikiqat qiymət qoyaraq satır. Doğrusu, istənilən sahədə durğunluq yaşanır. İnsanlar əlindəki pulu xərcləyib sonra pis vəziyyətə düşmək və aldanmaq istəmirlər. Mən alıcılara tövsiyə edərdim ki, mümkün qədər çalışıb hibrid avtomobillər alsınlar. Çünki gələcək həmin avtomobillərin üzərində qurulur. Fikrimcə, bazardakı bu durğunluğun səbəbi həm də hibrid avtomobillərlə bağlıdır. Son 3 ilin istehsalı olan hibrid avtomobillərin qiymətində ən azı 10 min manat ucuzlaşma olacaq. Bu da təbii ki, böyük məbləğdir və gözləməyə dəyər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir