Mircelal Kazimi

Mircəlal Kazımi: “Qohum evlilikləri uşaqlarda anadangəlmə qaraciyər xəstəliklərinə zəmin yaradır”

Baxış sayı: 1. 338

Transplantasiya xəstənin həyatını xilas etmək üçün ən son çıxış yolu da hesab edilə bilər. Bir insandan digərinə orqanın köçürülməsi təcrübəsi ilk dəfə 1933-cü ildə Ukraynada gerçəkləşib. Bu əməliyyat zamanı xəstəyə ilk dəfə olaraq böyrək köçürülüb. Azərbaycanda da hələ sovet dövründə xəstələr üzərində böyrəkköçürmə əməliyyatları aparılsa da, bu iş sonradan dayandırılıb.

Müstəqillik dövründə isə Azərbaycanda böyrəkköçürmə əməliyyatları bərpa edilməklə yanaşı, qaraciyərin köçürülməsinə (2008-ci ildən) də başlanılıb.

“Gencaile.az” xəbər verir ki, “Trend”in orqan transplantasiyası ilə bağlı suallarını Səhiyyə Nazirliyinin Transplantologiya İşinin Təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi cavablandırıb.

 

– Bu il Azərbaycanda ilk qaraciyər transplantasiyası əməliyyatının aparılmasından 10 il keçir. Ötən bu dövrdə neçə xəstəyə orqan köçürülüb?

– Bu il dekabrın 12-də Azərbaycanda qaraciyər transplantasiyasına başlanılmasının 10 ili tamam olur. Əslində, Azəbaycanda ilk orqan köçürülməsi əməliyyatı 1971-72-ci illərdə akademik M.Cavadzadə tərəfindən həm canlıdan, həm də meyitdən böyrək transplantasiyası əməliyyatları ilə başlayıb. Həmin zaman bizim bu gün icra edə bilmədiyimiz əməliyyat – meyitdən orqan transplantasiyası da aparılıb. SSRİ dövründə M.Cavadzadə və komandası tərəfindən bu, böyük nailiyyət idi. Qürurverici hal odur ki, Azərbaycanda bu əməliyyatlara yaxın qonşularımız olan İran və Türkiyədən də əvvəl başlanıb. Lakin bu iş davam etdirilmədi və orqan köçürülməsi əməliyyatları dayandırıldı. Açığı, bu işin nəyə görə dayandırılmasının səbəbini dəqiq deyə bilmirəm. Ondan sonra 2000-ci ilin əvvəllərində professor Kamal Abdullayevin rəhbərliyi, xarici mütəxəssislərin iştirakı ilə təxminən 20-yə yaxın böyrək köçürülməsi əməliyyatı icra olundu. Lakin bu proqram da uğur qazana bilmədi, yəni davamlı olmadı. 2008-ci ilin dekabrın 12-dən bizim tərəfimizdən yalnız Azərbaycanda deyil, eyni zamanda Orta Asiya, Qafqaz regionunda canlıdan canlıya ilk qaraciyər transplantasiyası uğurla icra edildi. İlk dəfə olaraq, sırf Azərbaycan həkimlərinin iştirakı ilə aparılan bu əməliyyatdan sonra ölkəmizdə orqan köçürülmələrinə start verildi. Onu da qeyd edim ki, qaraciyər transplantasiyası edilmiş ilk xəstəmiz ictimai xadimdir, o, hazırda sağlam şəkildə əmək fəaliyyətini davam etdirir. İndiyədək 600-dən çox orqan transplantasiyası əməliyyatı icra edilib. Onların 450-ə yaxını böyrək, qalanı isə qaraciyər köçürülməsidir.

 

– Azərbaycanda orqan köçürülənlərin əksər hallarda böyrək çatışmazlığından əziyyət çəkən şəxslər olması belə xəstələrin daha çox olması anlamına gəlirmi?

– Əslində, digər orqan çatışmazlığından əziyyət çəkən insanların sayı kifayət qədərdir. Böyrək transplantasiyası edilmiş xəstələrin sayının qaraciyər köçürülən xəstələrin sayından çox olmasının bir neçə səbəbi var. Birinci səbəb donor problemidir. Təəssüf hiss ilə qeyd edim ki, biz hazırda yalnız canlı donordan xəstəyə orqan transplantasiyası əməliyyatı icra edirik. Beyin ölümü keçirmiş insanın, meyitlərin orqanlarından hələ ki, istifadə edə bilmirik. Amma mən inanıram ki, bu məsələ də öz həllini tapacaq. Digər problem donorların psixologiyası ilə bağlıdır. Qaraciyər çatışmazlığı olan xəstə üçün donorun qaraciyərinin bir hissəsi götürülür. Donor ola biləcək insanlar bu əməliyyatı etdirməkdən bir qədər çəkinirlər. Böyrək transplantasiyasında isə donor xəstəyə iki böyrəyindən birini verir. Ona görə də donorlar bunu daha rahat əməliyyat sayır.

 

– Azərbaycanda orqan transplantasiyasına ehtiyacı olan xəstələrin sayı dəqiqləşib?

– İndi bizdə belə xəstələrin dəqiq sayı yoxdur. Lakin onu bilirəm ki, transplantasiyaya ehtiyacı olan xəstələrin sayı bütün dünyada artmaqdadır. Çünki tibbi müayinələrin inkişafı, ətraf mühitin çirklənməsi əməliyyata ehtiyacı olan xəstələrin sayını artırır. Yeni başlayanda Azərbaycanda əməliyyatların sayı az idi, çünki insanların buna tələbatı olduğu halda inam və etibarı zəif idi. Xəstələrin əksəriyyəti orqan köçürülməsi üçün xarici ölkələrə gedirdilər. Lakin illər keçdikcə Azərbaycandan, eyni zamanda qonşu ölkələrdən bizə əməliyyat üçün müraciət etməyə başladılar və orqan köçürülməsi əməliyyatları üçün xaricə gedənlərin sayı kəskin şəkildə azalmağa başladı. İlk dövrlərdə əməliyyat etdiyimiz şəxslərin 60 -70 faizi xaricdə əməliyyat qərarı verilmiş, lakin bizim haqqımızda eşidərək geri qayıdan xəstələr idi. Bütün dünyada orqan köçürülməsi sırasında ən çətin əməliyyatlar pediatrik, yəni uşaqlar arasında keçirilən əməliyyatlardır. Çünki uşaq orqanizmi böyüməkdə olan orqanizmdir.

 

– Uşaqlar arasında qaraciyər xəstəliklərinin yayılması halları hansı səviyyədədir və bunun yaranma səbəbləri nələrdir?

– Uşaqlar arasında da qaraciyər çatışmazlığı olan xəstələr var. Uşaqlarda qaraciyər çatışmazlığının yaranmasının ən əsas səbəbləri “Wilson” xəstəliyi (qaraciyərdə misin toplanması), daha sonra anadangəlmə metobolik xəstəliklər, anadangəlmə öd yollarının olmaması, yaxud qüsurlu olmasıdır. Metobolik xəstəliklərə daha çox qohum evliliklərindən dünyaya gələn uşaqlarda rast gəlinir. Qohum evlilikləri uşaqlarda anadangəlmə qaraciyər xəstəliklərinin yaranmasına zəmin yaradır.

Image result for Mircəlal Kazımi

Əsasən hansı səviyyədə olan qohum evliliklərində belə xəstəliklərin yaranması ehtimalı çoxdur?

– Qohum evlilikləri gələcəkdə uşaqların belə xəstəlik ilə doğulması üçün sadəcə risk faktorudur. Amma o qədər qohumluq əlaqələri ilə qurulan ailələr var ki, onlarda sağlam uşaq doğulur. Olduqca çox yaxın, genetik qohumluq əlaqələri ilə qurulan evliliklərdə belə hallara daha çox rast gəlinir. Azərbaycanda qohum evliliklərinə görə bir ailədə bir və ya bir necə uşağın qaraciyər xəstəlikləri ilə üzləşməsi halları var. Məsələn, qanlarında yağların miqdarının yüksək olduğu hipolipidemik xəstələrdə ailənin bir neçə üzvündə qaraciyər çatışmazlığı olur. Qaraciyərində mis yığılan “Wilson” xəstələrində də bu problem ailənin bir neçə üzvündə müşahidə edilir.

 

– Transplantasiya edilən xəstələrin əməliyyatdan sonra yaşama şansı nə qədərdir?

– Dünyanın heç bir yerində xəstələrdə köçürülmüş orqanların və ya toxumaların yaşama şansı 100 faiz olmur. Orqan transplantasiyası elə növ əməliyyatdır ki, burada əməliyyatdan əvvəlki müddətdə hər şey “normal” olduğu halda, 20 faiz xəstələrdə fəsadlaşma ehtimalı da olur. Bu 20 faizə xəstənin ölümü, damarların tutulması, ürək-damar çatışmazlığı və s. aid ola bilər. Bunları nəzərə alsaq, bizim nəticələrimiz dünya transplantasiya əməliyyatlarının nəticələri ilə yaxındır. Buna görə də Azərbaycan beynəlxalq mütəxəssislər tərəfindən aparılmış araşdırmalardan sonra uğurlu işlərinə görə Avropa Qaraciyər Transplantasiyası Reyestrinə üzv kimi daxil edilib.

 

– Hansı fəsadlaşmış hallar insanlarda qaraciyərin transplantasiyası zərurətini yaradır?

– Ümumiyyətlə, qaraciyərin transplantasiyasına olan göstərişlərin əksəriyyəti qaraciyər sirrozu, az qismi isə kəskin qaraciyər çatışmazlığı və kriteriya daxilində olan qaraciyər törəmələridir. Qaraciyər sirrozu olduğu üçün transplantasiyaya ehtiyac duyan xəstələrimizin siyahısında ilk yeri hepatit B və C virisu olan xəstələr tutur. Bizim xəstələrin təxminən 50 faizində hepatit B və C virisu nəticəsində əmələ gəlmiş qaraciyər sirrozu olur. Bundan sonrakı sıralamada alkoqol qəbulu nəticəsində yaranan qaraciyər sirrozlarıdır. Mən inanmazdım ki, Azərbaycanda alkoqol qəbulu nəticəsində qaraciyər sirrozu olan bu qədər xəstə var. Şəkərli diabet, qaraciyərin yağlanması ilə bağlı qaraciyər sirrozu olan xəstələrimizin də sayı az deyil.

 

– Hepatit B və C virusu olan xəstələrin vəziyyətinin transplantasiyaya ehtiyac duyulan mərhələyədək kəskinləşməsinin səbəbi nə ilə əlaqədardır?

– Hepatit B virusuna qarşı peyvənd var. Biz illərdir ki, bunu insanlara deyirik, ancaq istədiyimiz nəticəni görmürük. Səhiyyə Nazirliyi tərəfindən həmin peyvəndlər ölkəyə gətiriliərək doğum evlərinə və poliklinikalara paylanılır. Virusa qarşı peyvəndin ilk dozası doğum evlərində vurulur, amma valideynlər onun 2, 3, 4-cü dozasını uşaqlara vurdurmurlar. Peyvənd vurulmadığından bu virusun ailə daxilində yayılması da asan olur. Nəzərə almaq lazımdır ki, hepatit B virusu çox rahat yayıla bilən virusdur. İnsanlarımız arasında belə bir düşüncə var ki, hepatit B virusu yalnız qan və cinsi yolla insandan insana keçir. Amma belə deyil. Bu virus ağız suyu ilə, tərlə, eyni qablardan istifadə yolu ilə insandan insana keçir. Hepatit B xəstələrinin təxminən 15 faizinin qaraciyərində xərcəng əmələ gəlir. Əgər insanlar zamanında hepatit B-yə görə peyvənd olunsalar, özlərini həm xroniki hepatit B xəstəliyindən, həm qaraciyər sirrozundan, həm də qaraciyər xərcəngindən qorumalı olarlar. Hepatit C virusuna gəldikdə, təəssüf ki, buna qarşı peyvənd yoxdur. O, əsasən qanla yayılır. Tibb müəssisələrində, kosmetoloji salonlarda gigiyenik qaydalara riayət olunarsa, onun yayılmasının qarşısı alınar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir