allergia

Mövsüm dəyişikliyi ilə əlaqədar yaranan sağlamlıq problemləri

Baxış sayı: 533

Yaz fəslinin gəlişi ilə orqanizmdə vitamin çatışmazlığı, yuxusuzluq, halsızlıq, oynaq və əzələ ağrıları kimi problemlər yaranmağa başlayır. Mütəxəssislər bildirirlər ki, həmin xəstəliklər əsasən mövsüm dəyişikliyi zamanı orqanizmdə baş verən proseslərlə əlaqədardır. Həmin sağlamlıq problemlərinin yaranması isə saç və dırnaqların kövrəkləşməsinə səbəb olur. Vaxtında müdaxilə edilmədikdə mədə-bağırsaq traktının və ürək-damar sisteminin pozulması ilə nəticələnə bilər. Eyni zamanda boyun fəqərələrindəki ağrılar tədricən osteoxondroza çevrilməyə başlayır.

Bakıdakı 6 nömrəli poliklinikanın terapiya şöbəsinin müdiri Gülsarə Sadıqova məsələyə aşağıdakı kimi münasibət bildirdi: “Yaz mövsümü insan immunitetinin zəifləyən dövrüdür. Ona görə də xəstəliklərin bir növ oyanması, açıq havada az olmaq, müəyyən psixi gərginliklər və digər xəstəliklər keçirilməsi, orqanizmdə kalsiumun, minerallar, xüsusilə D vitaminin miqdarının azalması ilə əlaqədar həmin dövrdə hər hansı sağlamlıq problemi olanlarda həm nevropatik, həm də oynaq ağrıları baş qaldıra bilər”.

Müsahibimiz həmçinin qeyd edir ki, gündəlik rasionda gec həzm olmayan, karbohidrat və zülallarla zəngin qidalara üstünlük verilməlidir, çünki sağlam qidalandıqda qan dövranı fəaliyyətini tənzimləyir, qanda şəkər balansı normaya düşür: “Maksimal dərəcədə qidalanmaq və qida maddələrində bütün növ mineral, vitamin, zülal və keyfiyyətli karbohidratların olması vacibdir. Açıq havada çox gəzmək də faydalıdır”.

Bütün bunlarla yanaşı mütəmadi olaraq idmanla məşğul olmaq lazımdır, həmçinin bol maye qəbul etmək vacibdir. Təəssüf ki, bəzən yorğunluğu aradan qaldırmaq üçün həddindən çox kofein qəbul edilməsi ürək döyüntülərinin artmasına və qan təzyiqinin yüksəlməsinə səbəb olur. Ona görə də gün ərzində iki fincandan artıq qəhvə qəbul etmək məsləhət görülmür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir