Samil Pasayev

MTK-lar bizi necə aldadır? – HÜQUQŞÜNAS YAZIR

Baxış sayı: 874

Ev və ya mənzilə sahib olmaq məsələsinə şərq cəmiyyətlərində xüsusi önəm verilir. Təsadüfi deyil ki, bizim də daxil, əksər şərq xalqları ailə qurmağa “evlənmək” deyir. Hətta hüquqi sənədlərdə belə şəxsin ailə qurduqdan sonrakı statusu “evli” kimi təsbit olunur. Məsələn, Ailə Məcəlləsində “ailəli” yox evli adlandırılır, eləcə də şəxsiyyət vəsiqəsində də ailə vəziyyəti “evli” qeyd edilir.

Sirr deyil ki, hətta iki şəxsin arasında sevgi olsa da, qohum-əqrəba oğlanın evinin olub-olmaması və ya qızın atasının oğlanı evlə təmin edib-etməməsi kimi “mühüm detalları” aydınlaşdırmağa çalışır. Amma tutaq ki, dünyanın inkişaf etmiş cəmiyyətlərində ailə qurmaq üçün iki şəxsin sevgisi və bir yerdə yaşaya bilmələri üstün tutulur.

Ev və mənzilə sahib olmaq o dərəcədə önəm daşıyır ki, evinin böyüklüyünə görə fəxr edən insanlar da tapılır.

Təsadüfi deyil ki, pulu qazanmağı və ən yaxşı xərcləməyi bacaran yəhudilərin məsəlində də “bacardığın qədər geniş evin, ucuz maşının olsun” deyilir…

Hə, ev məsələsi bax, bu qədər vacibdir bizim üçün. Amma bu qədər maraqlı olduğumuza baxmayaraq, bəzən ev məsələsində “işbazlar” bizi aldatmağa müvəffəq olurlar.

Azərbaycanda köhnə mənzillər otaq sayına görə satılsa da, yeni tikililərdəki (göydələn) mənzillər sahəsinə görə – kv.metr ilə satılır.

Yeni tikililər ən çox Mənzil Tikinti Kooperativləri (MTK) tərəfindən inşa edilir. Belə tikililərdəki mənzillərin “sahəsinin böyük olması”, “qaraj və mühafizə xidməti”, “uşaq meydançaları” və s. infrastruktur elementləri ilə təmin olunması barədə cazibədar reklamlar insanları bu mənzilləri almağa stimullaşdırır.

Amma… bax bu sahə məsələsində işbazlar vətəndaşları rahatca aldada bilirlər. Necə?

Məsələn, vətəndaş 120 kv.metr olaraq aldığı mənzilin əslində 100 kvadratmetr olduğunu yalnız sənədləşdirilmə aparılanda, yəni “kupça” (çıxarış) alanda başa düşür.

 

Bəs MTK-lar bunu necə edir?

Qanunvericiliyin tələbinə əsasən, mənzilin sahəsi divarların içəri sərhədindən hesablanmalıdır. Ancaq MTK-ların bir çoxu sahəni evin çöl hissəsindən – divarın çölündən hesablayır və bunu özlərinin “daxili qərarı ilə etdiklərini” bildirirlər.

Qanunda göstərilir ki, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanmalıdı. Yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir.

Binanın isidilmə sisteminə daxil olan sobanın (buxarının) və havalandırma üçün nəzərdə tutulmuş şaquli boşluqların yerləşdiyi sahə otağın və digər yerləşgələrin sahələrinə daxil edilmir.

MTK-lar vətəndaşdan evin bütün sahəsi üzrə kv.metr üzrə pul alır, amma qanunvericiliyin tələbinə əsasən mənzillərin ümumi sahəsi hesablanarkən eyvan və terrasların sahələri – 0,3; şüşəbənd və lociyalar – 0,5; eyvanlar (verandalar)- 1,0 azaltma əmsallarına vurulmaqla hesablanmalı, yəni vətəndaşlar ödəniş edərkən balkon və terrasların sahəsinin 30%-nə görə, şüşəbənd və lociyaların isə 50%-nə görə ödəniş etməlidir.

Mənzildaxili pilləkənin altındakı sahə, hündürlüyü döşəmədən konstruksiyanın altına qədər 1,6 metr və daha az olduqda pilləkən olan yerləşmənin sahəsinə daxil edilmir və buna görə vətəndaş əlavə ödəniş etməməlidir.

Əgər mənzil mansardda yerləşirsə nəzərə almaq lazımdır ki, mənzilin sahəsi təyin edilərkən tavanın hündürlüyü 2,7 metrdən az olan hissənin sahəsi 0,7 azaltma əmsalına vurulmaqla hesablanır. Eyni zamanda, mansardda yerləşən mənzilin hündürlüyü 2,7 metrdən az olan hissənin sahəsi, həmin mənzilin ümumi sahəsinin 50%-dən çox olmamalıdır.

Ziyan bununla da yekunlaşmır, bəzi binalarda kommunal ödənişlər mənzilin sahəsinə görə ödənilir ki, bu da vətəndaşların yenə artıq pul ödəməsinə gətirib çıxarır.

Heç kimə sirr deyil ki, göydələndə alınan mənzillərin çıxarışının (kupça) verilməsi xeyli zaman tələb edir. Vətəndaş mənzilinin real sahəsini yalnız çıxarış alanda bilir və xeyli artıq pul ödədiyi məlum olur. Bu cür hallarda MTK-lar vətəndaşlara sahənin bilərəkdən az göstərildiyini deyərək, yenə aldadırlar.

Qanunla, mənzilin sahəsinə görə artıq pul ödəyən vətəndaş, çıxarış alarkən müqavilə və çıxarış arasındakı ziddiyyətlə bağlı MTK-ya müraciət edib, artıq ödənilmiş pulu geri tələb edə bilər. MTK-a ödənişi qaytarmaqdan imtina etdikdə müvafiq sənədləri əlavə etməklə məhkəmə müraciət edərək, dəymiş ziyanı geri almaq hüququ var.

 

Şamil Paşayev




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir