bina

MTK-lar vətəndaşları belə aldadır – EKSPERT YANAŞMASI

Baxış sayı: 413

Bir neçə gündür ki, çıxarışsız mənzillər, onları alan şəxslərin aldadılması ilə bağlı məsələ gündəmə gəlib.

Belə ki, əsasən Bakı və Abşeronda inşa edilən yeni, çoxmərtəbəli binaların əksəriyyəti təhvil verildikdən uzun müddət sonra oradakı mənzillər çıxarışla təmin edilir. Həmin çıxarışsız mənzilləri alanlar isə digər şəxsə satanda mənzil-tikinti kooperativləri (MTK) onlardan alqı-satqı müqaviləsinin dəyişdirilməsinə görə ödəniş tələb edir. Bu ödənişlərin məbləği MTK-lara görə dəyişir və 1000 manatdan 4-5 min manata qədər çata bilir.

Belə ödənişlərin alınması qanunidirmi?

nusret.jpg (35 KB)

Məsələ ilə bağlı açıqlama verən daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov bildirir ki, mənzil alan şəxslərlə mənzil-tikinti kooperativləri arasında müqavilə bağlanır:

“O müqaviləyə əsasən kooperativdən pay əldə edirlər. O payları ora satmaqda müstəqildirlər. Amma bir ay öncədən kooperativin üzvlərini xəbərdar etməlidir ki, bunu bir ay sonra satacaq. Bir ay ərzində əgər kooperativ üzvlərindən heç kim onu almırsa, bu payı özü müstəqil sata bilər. Amma kooperativə hər hansı ödəniş qeyri-qanunidir. Qanunda nəzərdə tutulub ki, yalnız bir ay ərzində kooperativ üzvlərini xəbərdar etməlidir”.

Ekspert qeyd edir ki, burada yeganə yol vətəndaşların evi müqavilə ilə yox, çıxarışla almasıdır:

“Tikinti şirkəti tikintiyə başlamadan əvvəl o torpağı özəlləşdirir və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində onu qeydiyyata salır. Ondan sonra əvvəlcədən ilkin çıxarış ala bilir. Həmin çıxarışla vətəndaşlarla alqı-satqı edir. Alqı-satqını da əlində olan çıxarışla vətəndaş başqasına satanda yenə notarial qaydada alqı-satqı edə bilir. Qanun buna yol verir. Ona görə də vətəndaşlar çıxarış olan binalardan mənzil alsınlar. Bu, həm riski azaldır, həm də satanda əlavə xərcə ehtiyac qalmır”.

 

Afaq Mirayiq




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir