Nermine Abbasova

Nərminə Abbasova: “Saçların tökülməsi hər hansı daxili orqanın xəstəliyinin xəbərçisi ola bilər”

Baxış sayı: 410

Müasir dövrdə həm qadınları, həm də kişiləri ən çox narahat edən problemlərdən biri də saç tökülməsidir. Getdikcə daha çox insan keçəlləşmə, seyrək saçlar, kəpək, yağlı, ya da əksinə, quru baş dərisi və digər problemlərlə üzləşir.

 

Bu mövzunu daimi tibbi məsləhətçimiz  Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova ilə müzakirə etdik.

Nərminə xanım deyir ki, saç tökülməsinin yaranması özünü 2-3 ay sonra büruzə verir. Belə ki yazda və payızda tökülən saçlar yay və qış aylarında yaranan problemlərin təzahürü sayılır:

“Yaz aylarında saç tökülməsi qışda soyuğun, orqanizmin vitaminlərlə təchizatının azalmasının təsirindən baş verir. Yaz gələndə qan dövranında baş verən dəyişikliklər, qeyri-sabit hava şəraiti və digər amillər saçın inkişafına bilavasitə təsir edir. Yayda vitamin qəbulu çox olsa da, saçların hər gün yuyulması, günəşin mənfi şüalarına, o cümlədən dənizin duzlu suyuna məruz qalması özünü payız aylarında göstərir və saçlar tökülməyə başlayır”.

Həkim-terapevt deyir ki, isti suyun təsiri, eyni zamanda şampunların yumşaldıcı təsiri saç diblərinin boşalmasına səbəb olur. Yəni sutka ərzində 50-70 tük tökülürsə, yuduqda bu rəqəmi ikiyə vurmaq lazımdır. Həkimin sözlərinə görə, nəmli saçlarla yatmaq da saçların daha çox tökülməsi ilə nəticələnir. Ona görə də saçları yuduqdan sonra qurudulmasına diqqət edilməlidir:

“Ümumiyyətlə, başın dərisində olan hər telin orta hesabla 3-4 il ömrü olur. Odur ki, saçın mütəmadi olaraq tökülməsi normal sayılmalıdır. O şərtlə ki, bir o qədər də yeni tük əmələ gəlmiş olsun. Əgər siz öz saçlarınızla kifayət qədər ehtiyatla davranırsınızsa, saçlar daha az töküləcək. Düşən tel, əsasən, qocalan, ölən, yəni tökülməsi labüd olanlardır. Elə ki, tüklərin tökülməsi çoxaldı, sürətləndi, intensivləşdi, deməli, narahat olmaq lazımdır. Çünki saçların tökülməsi hər hansı daxili orqanın xəstəliyinin xəbərçisi ola bilər. Bu halda sizə digər mütəxəssislərin də məsləhəti lazım ola bilər”.

Nərminə xanım vurğuladı ki, saç ürəkdən qidalanır. İnsan daxilən sağlamdırsa, saçları da sağlam olacaq:

“Saç tökülməsi iki faktordan yaranır. Burda xarici və daxili faktorlar var. Xarici faktorlara saçların yuyulması, daranması, mexaniki zədələr, şampunlardan istifadə, nəmli yatmaq və digər xarici amillər daxildir. Yəni saça ehtiyacı olan düzgün qulluq göstərilmədikdə bilavasitə saç tökülməsi ilə nəticələnir. Stress faktoru, o cümlədən ətraf mühit və ekologiya, qida, sosial həyat da saç tökülməsinə səbəb olur.

Xəstəlik – daxili faktordur. Hər hansı xəstəlik ilk növbədə özünü saçda göstərir. Ağır, xüsusən də, infeksion xəstəliklərdən zəhərlənmələrdən, psixi travmalardan, ağır həyəcanlardan, uzunmüddətli yorğunluqlardan sonra da saçların tökülməsi sürətlənə bilər. Qan dövranının pozulması, hormonal problemlər, qan azlığı, xərçəng xəstəlikləri və bir sıra daxili orqanlardan qaynaqlanan xəstəliklərin hamısı saç tökülməsinə gətirib çıxarır”.

N.Abbasova onu da vurğuladı ki, bir çox hallarda saçların tökülməsi klimaks zamanı, yeniyetmə dövründə, hamiləlik, uşaqsalma vaxtı, hətta normal doğuşlardan sonra, bir sözlə, hormonal dəyişikliklər səbəbindən də baş verə bilər.

Həkim qeyd etdi ki, saç tökülməsinin digər bir səbəbi irsi faktorlardır:

“Tük molekulları bizə irsi ötürülür. Saç tökülməsinin bir səbəbi də sürətli arıqlamadır. Başqa sözlə desək, düzgün təyin edilməyən diyeta və arıqlama proqramları nəticəsində bədəndə dəmir və protein çatışmazlığı əmələ gəlir ki, bu da saçın tökülməsinə səbəb olur. Bu versiyalardan biri də testesteron, yəni kişi hormonunun təsiri nəticəsində başın tüklü hissəsində yağ ifrazının artmasıdır. Yağlanma nəticəsində folekullarda sebium deyilən maddə toplanır və yatmış fazada olan tüklərin inkişafına əngəl törədir. Nəticədə alın və təpə nahiyəsində saçların seyrəlməsi və keçəlləşmə müşahidə olunur”.

Həki-terapevt Androgenetik saç tökülməsinə kişilərdə qadınlara nisbətən daha çox rast gəlindiyini vurğulayıb. Onun sözlərinə görə, kişilərin təxminən 25 faizində 30 yaşdan sonra andogenetik saç tökülməsi müşahidə olunur:

“Ancaq son zamanlar bu yaş həddi daha da azalmağa başlayıb. Saç tökülməsi kişi tipli androgen alosepiyadırsa, müalicə ilə saçların 100 faizini qaytarmaq mümkün olmur.

Saç tökülməsinə qarşı müalicə üsullarına gəlincə, müasir texnologiyaların inkişafı artıq saçla bağlı problemlərin müalicəsində müsbət effekt əldə etməyə böyük təkan verir. Əvvəlcə tük tökülməsinin əsas səbəbini araşdırmaq, yəni müayinə aparmaq lazımdır. Saç tökülməsinin müalicəsi hamıda eyni cür aparılmır. Bunun üçün xəstənin orqanizmi ilə bağlı ətraflı və dolğun məlumat toplamaq, sonra tükün folekulyar hissəsinin mikroskopiyası, dəri və tük milinin diaqnostik kompüter aparatı vasitəsilə müayinəsi aparılır. Lazım gəldikdə, alopesiyanın formasından asılı olaraq, xəstə endokrinoloqun, ginekoloqun, nervopotoloqun qəbuluna göndərilir. Toplanılan məlumatlara əsasən, diaqnoz qoyulur və buna müvafiq müalicə kompleksi tətbiq edilir. Tük avtonom deyil, bütün orqanizm ilə sıx əlaqədədir. Buna görə də alopesiyaların müalicəsində bu, mütləq nəzərə alınmalıdır”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir