Müasir dövrdə insan sağlamlığı yalnız fərdi məsələ deyil, həm də ictimai rifahın əsas göstəricilərindən biridir. Cəmiyyətin sağlam olması üçün hər bir fərdin sağlamlığına diqqət yetirməsi vacibdir. Bu baxımdan terapevt həkimlərin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı danışan ailə həkimi, terapevt Nərminə Abbasova bildirdi ki, terapiya tibb elminin ən geniş və fundamental sahələrindən biri olmaqla yanaşı, insan sağlamlığının qorunması və xəstəliklərin erkən mərhələdə aşkarlanmasında mühüm rol oynayır.
Ailə həkimi vurğulayıb ki, terapevt həkim, əslində, tibbin ön cəbhəsində çalışan mütəxəssisdir:
“İnsanlar ilk olaraq məhz biz terapevtərə müraciət edir, sağlamlıqları ilə bağlı ilkin məsləhət və diaqnostik istiqamətləri bizdən alırlar. Biz yalnız xəstəliyi müalicə edən deyil, eyni zamanda onun yaranma səbəblərini araşdıran, profilaktik tədbirləri izah edən və xəstəni düzgün müalicə istiqamətinə yönləndirən həkimlərik.
Təcrübə göstərir ki, bir çox xəstəliklərin vaxtında aşkar olunmaması həmin xəstəliklərin daha ağır formaya keçməsinə səbəb olur. Halbuki müntəzəm tibbi müayinələr və terapevt həkimlə vaxtında məsləhətləşmə bir çox ciddi xəstəliklərin qarşısını almağa imkan verir. Ürək-damar xəstəlikləri, şəkərli diabet, arterial təzyiq problemləri, tənəffüs sistemi xəstəlikləri və digər xroniki patologiyalar erkən mərhələdə aşkar edilərsə, müalicəsi daha effektiv olur”.
Nərminə xanım təəssüflə qeyd edib ki, bəzi insanlar yalnız ciddi narahatlıq hiss etdikdə həkimə müraciət etməyi düşünürlər. Bu isə bəzən xəstəliyin artıq inkişaf etmiş mərhələyə çatmasına səbəb olur:

“Halbuki profilaktika tibbin ən mühüm prinsiplərindən biridir. Sağlam həyat tərzi, düzgün qidalanma, fiziki aktivlik və müntəzəm tibbi müayinələr insan sağlamlığını qorumağın əsas şərtləridir.
Terapevt həkim kimi gündəlik təcrübəmdə tez-tez görürəm ki, stres, qeyri-düzgün qidalanma, hərəkətsiz həyat tərzi və yuxu rejiminin pozulması bir çox xəstəliklərin yaranmasına zəmin yaradır. Müasir insan çox vaxt işin və gündəlik qayğıların təsiri altında öz sağlamlığını ikinci plana keçirir. Lakin unutmaq olmaz ki, sağlamlıq insanın ən böyük sərvətidir və onu qorumaq hər kəsin borcudur”.
Ailə həkimi onu da bildirdi ki, cəmiyyətin sağlam olması üçün yalnız həkimlərin səyi kifayət etmir. Onun sözlərinə görə, insanların sağlamlıq mədəniyyətinin formalaşması, tibbi maarifləndirmənin gücləndirilməsi də mühüm əhəmiyyət kəsb edir. Həkim deyir ki, sağlamlıqla bağlı doğru məlumatların yayılması, insanların profilaktik müayinələrə təşviq edilməsi, risk faktorlarının izah olunması bu istiqamətdə mühüm rol oynayır:
“Terapiya sahəsi yalnız xəstəliklərin müalicəsi ilə məhdudlaşmır. Bu sahə həm də insanın ümumi sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, həyat tərzinin tənzimlənməsi və uzunömürlülüyün təmin olunması ilə bağlıdır. Həkimlə pasiyent arasında qarşılıqlı etimadın formalaşması isə müalicə prosesinin ən vacib elementlərindən biridir. Unutmaq olmaz ki, müasir tibb daim inkişaf edir, yeni diaqnostika və müalicə üsulları tətbiq olunur. Lakin tibbin əsas məqsədi dəyişmir: insan həyatını qorumaq və onun sağlamlığını təmin etmək. Bu yolda terapevt həkimlərin üzərinə böyük məsuliyyət düşür. Çünki onlar insan sağlamlığının qorunmasında ilk və ən mühüm həlqəni təşkil edirlər.
Sonda bir terapevt həkim olaraq hər kəsə müraciət etmək istərdim: sağlamlığınızı qoruyun, özünüzə diqqət yetirin və tibbi müayinələrə laqeyd yanaşmayın. Unutmayın ki, vaxtında atılan kiçik addımlar gələcəkdə böyük problemlərin qarşısını ala bilər. Sağlam insan isə sağlam və güclü cəmiyyətin əsasını təşkil edir”.











































































































































































