Son illər həm yaşlı, həm də orta yaş qrupunda olan insanlar arasında “başa qan çatmır” ifadəsini daha çox eşidirik. İnsanlar başgicəllənmə, tez yorulma, unutqanlıq və ya diqqət pozğunluğu hiss etdikdə bunu adətən bu cür izah edirlər.
Mövzu ilə bağlı danışan ailə həkimi, terapevt Nərminə Abbasova deyir ki, əslində tibbdə belə bir diaqnoz yoxdur. Onun sözlərinə görə, bu ifadə daha çox beyinə qan axınının zəifləməsi və ya beyin-damar sistemi ilə bağlı müəyyən problemlərin xalq arasında işlədilən izahıdır.
Nərminə Abbasova vurğulayıb ki, beyin insan orqanizmində oksigenə ən çox ehtiyacı olan orqanlardan biridir:
“Beyin fasiləsiz şəkildə qan və oksigenlə təmin olunmalıdır. Hər hansı səbəbdən bu proses zəiflədikdə, insan özündə müxtəlif narahatlıqlar hiss etməyə başlayır. Başgicəllənmə, halsızlıq, göz qaralması, qulaqlarda küy, yaddaş zəifliyi, diqqətin dağılması, yuxululuq və tarazlıq problemləri bu əlamətlər sırasındadır. Bəzi hallarda insanlar bunu yorğunluq və ya yaşlanma ilə əlaqələndirirlər. Halbuki bu şikayətlər damar problemlərinin ilkin xəbərdarlıq siqnalı ola bilər”.
Həkim bildirir ki, beyinə qan axınının zəifləməsinin bir çox səbəbləri mövcuddur:
“Yüksək arterial təzyiq, şəkərli diabet, ürək ritm pozğunluqları, damarların daralması, ateroskleroz, qanazlığı, artıq çəki və hərəkətsiz həyat tərzi ən çox rast gəlinən risk faktorlarıdır. Xüsusilə yaşlı insanlarda damar elastikliyinin azalması bu problemlərin yaranma ehtimalını artırır. Ona görə də belə əlamətlər müşahidə edilən zaman mütləq həkim müayinəsindən keçmək lazımdır”.
Nərminə Abbasovanın sözlərinə görə, beyin sağlamlığının qorunmasında qidalanma mühüm rol oynayır:
“Bəzən insanlar yalnız dərman vasitələrinə ümid edirlər. Halbuki gündəlik qidalanma rejimi damar sağlamlığına birbaşa təsir göstərir. Rasionda tərəvəz və meyvələrin, xüsusilə yaşıl yarpaqlı tərəvəzlərin, balığın, qozun, badamın, zeytun yağının, paxlalı bitkilərin və tam taxıl məhsullarının yer alması tövsiyə olunur. Omeqa-3 yağ turşuları ilə zəngin qidalar damarların fəaliyyətinə müsbət təsir göstərir və beyinin qidalanmasını dəstəkləyir. Eyni zamanda duzun, şəkərin, yağlı və emal olunmuş qidaların həddindən artıq istifadəsindən çəkinmək lazımdır”.
Ailə həkimi qeyd edir ki, kifayət qədər su qəbul etmək də beyin fəaliyyətinə təsir edən vacib amillərdəndir. Onun sözlərinə görə, orqanizmdə maye çatışmazlığı diqqət və yaddaş problemlərinə səbəb ola bilər. Buna görə insanlar gün ərzində kifayət qədər su qəbul etməlidirlər.
Mütəxəssis qeyd edib ki, beyin sağlamlığını qorumağın ən təsirli yollarından biri də fiziki aktivlikdir:
“İnsan hərəkət etdikcə qan dövranı yaxşılaşır, ürək-damar sistemi daha effektiv işləyir və beyinə gedən qan axını artır. Gündəlik 30-40 dəqiqə piyada gəzmək belə çox faydalıdır. Bundan əlavə, yüngül gimnastika hərəkətləri, üzgüçülük, velosiped sürmək və nəfəs məşqləri də müsbət nəticə verir. Yaşlı insanlar isə yaşlarına və sağlamlıq vəziyyətlərinə uyğun reabilitasiya proqramlarından istifadə edə bilərlər”.
Nərminə Abbasova vurğulayır ki, beyin təkcə fiziki deyil, zehni fəaliyyətlə də məşq etdirilməlidir. Belə ki, mütaliə etmək, yeni biliklər öyrənmək, şahmat oynamaq, məntiq tapşırıqları həll etmək və aktiv sosial həyat sürmək beyinin fəaliyyətini dəstəkləyən vacib amillərdir. Çünki beyin də əzələ kimidir – işlədikcə, daha yaxşı fəaliyyət göstərir.
Həkim bəzi hallarda simptomların ciddi xəstəliklərin xəbərçisi ola biləcəyini də xatırladır:
“Əgər nitqdə qəfil pozğunluq yaranırsa, üzün bir tərəfində əyrilik hiss olunursa, qol və ya ayaqda zəiflik baş verirsə, görmə pisləşirsə və ya insan tarazlığını itirirsə, dərhal tibbi yardıma müraciət edilməlidir. Bu əlamətlər insultun ilkin göstəriciləri ola bilər”.
Ailə həkiminin fikrincə, “başa qan çatmır” kimi qəbul edilən şikayətlərə laqeyd yanaşmaq düzgün deyil:
“İnsanlar öz sağlamlıqlarına daha diqqətli yanaşmalı, mütəmadi müayinələrdən keçməli, təzyiq və şəkər göstəricilərini nəzarətdə saxlamalıdırlar. Erkən diaqnostika və sağlam həyat tərzi bir çox ciddi xəstəliklərin qarşısını almağa imkan verir”.
PƏRİ










































































































































































